Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) tərəfindən Şamaxıda “Praktiki mühəndislik və liderlik” təlimləri təşkil edilib. Nazirlikdən verilən məlumata görə, Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilən təqdimat mərasimində rayon təhsil müəssisələrinin tələbə, şagird və müəllim heyəti iştirak edib.

 

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnforfasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, “Robopark” layihəsi çərçivəsində indiyədək Bakı şəhərində tədbirlər keçirilib, regionlarda isə ilk dəfə olaraq Şamaxı şəhərində belə bir təlim təşkil olunub.

 

BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdiyi biliklərin onların gələcək hazırlığında mühüm rol oynayacağını qeyd edib.

 

Müvafiq təlimlər çərçivəsində robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlərin təşkil olunması nəzərdə tutulub.

 

Tədbirdə təqdimatla çıxış edən Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının mütəxəssisləri akademiya tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər, əsasən, 8-16 yaşlı  uşaqları əhatə edəcək.

 

Qeyd olunub ki, 4 ay ərzində davam edəcək “Mən Pilotam” təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş arası məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq. 

 

“AREAduino” təlimlərinin (mürəkkəb kodlama, “Arduino” platforması ilə işləmə və “Əşyaların İnterneti” texnologiyaları) müddəti isə 6 aydır. Belə ki, valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər. Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir.

 

Bütün bu təlimlər zamanı iştirakçılar üçün təkcə dərs deyil, müxtəlif intellektual oyunlar və müsabiqələr də təşkil ediləcək.

 

Həmçinin, Şamaxı məktəblilərinə  “Yapon mühəndisliyi (GENESİS)” proqramı haqqında da məlumat verilib. Bildirilib ki, bu kurs 8-13 yaşlı uşaqlar üçün 3 istiqamətdə tədris olunur. Proqram yapon texnologiyası  əsasında hazırlanmış modullardan ibarətdir. Buraya 3D texnologiyalarının tədrisi daxildir.

 

Məşğələ iştirakçıları sadəcə təməl dizayn alətlərindən istifadə edərək robotik və texnoloji məhsullar dizayn etməyi öyrənir. 7 aylıq tədris müddəti iştirakçılara problemlərə öz kreativ həllərini tapmağa, əl bacarıqlarını inkişaf etdirməyə kömək edir. 

 

Yuslf ƏLİYEV



28.01.2019 | 14:49