“Kompasito” dərs icmalları | |
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Avropa Şurasının “Kompasito” vəsaitindən dərs icmalları tərcümə edib. İcmallardan ibtidai siniflərdə həyat bilgisi dərslərində istifadə oluna bilər. Qəzetimizin bu sayından başlayaraq onları təqdim edirik.
Yeni torpaqlara səyahət Siz nəyi gəmidən atardınız? Fəslin mövzusu: Ümumi insan hüquqları Çətinlik dərəcəsi: I dərəcə Yaş həddi: 8-13 yaş Tələb olunan vaxt: 45 dəqiqə İştirakçı sayı: 8-20 uşaq Oyunun növü: Prioritetlərin müəyyənləşdirilməsi, müzakirə
Xülasə: Uşaqlar təsəvvür edirlər ki, onlar yeni qitəyə üzürlər, ancaq ora çatmaq üçün xüsusi ehtiyac olmayan əşyaları seçib gəmidən atmalıdırlar
Vəzifələr: * Sağ qalmaq və inkişaf etmək üçün vacib olanı qiymətləndirmək * İstəkləri ehtiyaclardan ayırmaq * İnsan ehtiyaclarını onun hüquqlari ilə uzlaşdırmaq
Hazırlıq: * Hər qrup üçün “istək” və “ehtiyac” kart dəstləri hazırlayın və nüsxəsini çıxardın; həmin dəstləri zərfə qoyun
Materiallar: * Zərflər * İstək və ehtiyac kartlarının nüsxəsi * Yapışqan və ya yapışqanlı lent, təmiz vərəqlər
Təlimat:
1. Uşaqlardan xahiş edin ki, yeni qitəyə üzməyə hazırlaşdıqlarını təsəvvür etsinlər. Hal-hazırda bu qitədə bir adam da yaşamır, buna görə də uşaqlar həmin qitədə yeni ölkənin ilk qurucuları olacaqlar.
2. Uşaqları bir neçə kiçiq qrupa bölün və hər qrupa istək və ehtiyac kart dəstləri olan zərfləri paylayın. İzah edin ki, həmin kartlarda yazılanlar onların yeni ölkədə yaşamaq üçün götürəcəkləri əşyaların adlarıdır. Hər qrupdan xahiş edin ki, zərfləri açsınlar, bütün kartları masa üstünə düzüb onları dəyərləndirsinlər. Variant: Belə bir imkan yaradın ki, uşaqlar götürüləcək bəzi əşyaları özləri əlavə etsinlər. Zərflərə bir neçə boş kart qoyun. Uşaqlara onların fikrincə lazım olacaq və ya istədikləri bəzi əşyaların adlarını həmin kartlarda yazmağı təklif edin.
3. Bildirin ki, hal-hazırda gəmi səyahətə çıxır. Öz “hekayənizi” belə başlayın: Səyahət çox gözəl başladı. Günəş saçır, dəniz sakitdir. Lakin qəfildən güclü fırtına qopur və gəmini yellədir. Az qalıb ki, gəmi batsın! Sağ qalmaq üçün gəmidən kənara 3 əşya atmalısınız. Hər qrupdan xahiş edin ki, nəyi atacaqlarını qərara alsınlar. İzah edin ki, sonra onlar atılan əşyaları qaytara bilməyəcəklər. Qruplardan “gəmidən kənara atılanların” kartlarını yığın və bir yerdə toplayın.
4. Hekayənizi davam edin: Nəhayət fırtına bitir. Hər kəs dərindən nəfəs alır. Lakin hava haqqında xəbər verilir ki, gəminin düz üstünə çox güclü qasırğa gəlir. Əgər qasırğadan sağ-salamat çıxmaq istəyirsinizsə, gəmidən kənara yenə 3 əşya atmalısınız! Unutmayın: sizin yeni ölkədə sağ qalmağınız üçün lazım olanları atmamalısınız. Əvvəldə etdiyiniz kimi, qrupların seçdiyi kartları yığın və bir yerdə toplayın.
5. Hekayənizi yenə davam edin: Biz ölümün bir addımlığında idik. Lakin demək olar ki, biz artıq yeni qitəyə çatmışıq. Hər kəs həyəcan içindədir. Ancaq üfüqdə torpağı gördüyümüz anda, böyük balina bizim gəmimiz ilə toqquşur və gəminin yan hissəsində boyük yarıq açır. Siz gəmini bir az da yüngülləşdirməlisiniz! Daha 3 əşya atın. Qrupların seçdiyi kartları yığın və bir yerdə toplayın.
6. Nəhayət ki, onların sağ-salamat yeni qitəyə çatdıqlarını və yeni ölkə qurmağa hazır olduqlarını elan edin. Hər kəsin Yeni qitəyə hansı əşyaları gətirdiklərini yadda saxlamaq üçün hər qrupdan xahiş edin ki, onlarda qalan kartları təmiz vərəqlərə yapışdırsınlar. Sağ qalmaq üçün onlarda lazım olan hər şey varmı? Bəs normal inkişaf üçün?
7. Bütün qruplardan xahiş edin ki, vərəqlərini otağın ön divarında assın. Qitəyə gətirdikləri əşyalara şərhlər verin. Hər şərhdən sonra bütün qrupdan soruşun: “Onların inkişafı və sağ qalmaları üçün lazım olan hər şey varmı?”
Təhlil və qiymətləndirmə:
1. Bu sualları verərək oyunu təhlil edin: a) Bu oyunda sizin xoşunuza gələn nə idi? b) Qitədə yaşamaq üçün lazımlı əşyaları seçəndə qərarınızı necə verirdiniz? Sizin üçün əsas olan nə idi? c) Çətinliklə verdiyiniz qərarlar var idi? Hansılar idi? d) Əşyaların saxlanması və atılması seçimi ilə bağlı qrup daxilində mübahisə etdiyiniz hallar oldumu? Həmin mübahisələri necə həll etdiniz? e) Bütün insanların tələbatları eynidir? Kimlərin digər tələbatları da ola bilər? f) Son qəbul etdiyiniz qərar haqqında nə düşünürsünüz? Siz yeni bir qitədə sağ qala bilərdinizmi? Siz burda normal yaşayıb inkişaf edə bilərdinizmi? g) Sizin qrupunuz atılacaq əşyalar barəsində qərara necə gəldi? h) Son qərar sizi təəccübləndirdimi? i) Əgər bu oyunu ikinci dəfə oynamalı olsaydınız, başqa hansı əşyaları atardınız?
2. Qeyd edin ki, insan hüquqları onun tələbatlarına - hər bir insana onun yaşamağı, normal inkişafı və layiqli həyatı üçün zəruri olan şeylərə əsaslanır. Suallar verin: a) Sağ qalmaq üçün sizdə hər şey varmı? b) Sizin normal həyat və inkişafınız üçün hər şey varmı? c) Hansı əşyaların olmağını siz istəyərdiniz, lakin düşünürsünüz ki, onlar ilk tələbat əşyaları deyil?
3. Vurğulayın ki, hər insana bütün hüquqların olması gərəklidir! Bəzi hüquqlar yaşayıb sağ qalmaq üçün zəruridir: qida, içməli su, ev. Digərləri yaxşı yaşamaq və inkişaf etmək üçün vacibdir. Ancaq sağ qalmaqla insan kifayətlənə bilməz. Suallar verin: a) Hansı kartlarda elə əşyaların adları qeyd olunmuşdur ki, onların olmağını biz istəyərdik, lakin sağ qalmaq üçün onlardan imtina etmək olar? b) Hansı kartlarda bizim sağ qalmağımız üçün zəruri əşyaların adları qeyd olunmuşdur? c) Bəs hansı kartlarda normal yaşayıb inkişaf etmək üçün lazım olan əşyaların adları yazılmışdır? d)________ əşyası sizdə olmasa, yeni ölkədə nə baş verər? (Bir neçə kartdan nümunələr götürün)
Davamı üçün təkliflər * İnsanın tələbatlarını onun hüquqlarının əsası kimi izah edən “Dovşanın hüquqları” oyunu bu oyunun əla davamıdır. * Müzakirələrdə uşaqlarla birlikdə demokratik qanunların yaranmasını əks etdirən “Bizim qrupun konstitusiyası” oyununu da tövsiyə edirik.
Aparıcılara məsləhətlər: * Vacibdir ki, uşaqlar bəzi insan hüquqlarının digərlərindən az əhəmiyyətli olduğu və onlardan imtina etməyin mümkünlüyü qənaətinə gəlməsinlər. Təhlil zamanı hüquqların bir-birindən asılı olduğunu vurğulayın. * Atılan əşyaları geri qaytarmaq mümkün olmadığını, qalan əşyaların isə ancaq müvəqqəti sağ qalmaq üçün deyil, həm də yeni ölkəni qurmaq üçün onlara lazım olacağını vurğulayın. * Bəzi əşyalar qəsdən birmənalı deyil. Onlar nəyin ilk tələbat əşyası olduğunu müzakirəyə çıxartmaq üçün siyahıya daxil edilmişdir (məsələn, mobil telefon bəziləri üçün dəbdəbəli əşyadır, digərləri üçün isə rabitə vasitəsidir). * Öz istək və tələbatları arasında seçim edəndə azyaşlı uşaqlar çətinlik çəkə bilər. Qitədə sağ qalmaq üçün lazımlı əşyaları seçməkdə uşaqlara kömək edin.
Variantlar: * Təhlil zamanı hər böhran mərhələsində “dənizə atılan əşyalar” arasında müqayisə aparın. Seçimlər arasında gördükləri fərqlər barədə danışmağı uşaqlardan xahiş edin.
Paylama materialı: İstək və tələbat kartları * Öz fikrini bildirmək imkanı * İstədiyiniz kimi xərcləyə biləcəyiniz pullar * Təmiz su * Şəxsi yataq otağı * İnternetə çıxış və kompüter * Ədalətli münasibət və ayrı-seçkiliyin olmaması * Təmiz ətraf mühit * Mobil telefon * Koka-kola və hamburger * Dincəlmək və oynamaq imkanı * Televiziya və qəzetlər * Öz dininə ibadət etmək imkanı * Rahat ev * Dəbli geyim * Dəniz kənarında tətil * Qida məhsulları * Qəddar rəftardan müdafiə * Təhsil * Həkimlər * Velosiped * Şirniyyat * Bəzək əşyaları * MP3 pleyer və CD-pleyer * İsti geyim * Valideynlər * Oyun və oyuncaqlar * Dərman və peyvəndlər * Demokratik seçkilər * Saat * Öz mədəniyyətini öyrənmək və öz dilində danışmaq imkanı |
|
27.01.2019 | 10:19 | |
|
|
|