6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb | |
Yanvarın 21-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb direktorları və müəllimlər iştirak edib.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illər təhsil sahəsinin inkişafı və maddi-texniki təminatı istiqamətində mühüm addımlar atılıb. Nazir müavini təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar həyata keçirilən layihələr arasında “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib. Layihə çərçivəsində azərbaycanlı şagirdlər Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. Layihəyə qatılan müəllim və şagirdlər həmçinin XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak ediblər.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 438 məktəbdən 1166 müəllimin iştirakı ilə 1065 layihə həyata keçirilib.
Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, Avropa ölkələrindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək və əməkdaşlıq üçün şərait yaratmaqdır.
Tədbirdə bildirilib ki, 2017-ci ilin fevral ayında “eTwinning”in Avropa mərkəzi layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında müsabiqə elan edib. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 1210 məktəb Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 6-ı Azərbaycan məktəbidir. Azərbaycan qalib gələn məktəblərin sayına görə layihəyə qoşulmuş 41 ölkə arasında 5-ci yeri tutub. Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülən məktəblər Bakı, Sumqayıt şəhərləri və İsmayıllı rayonunda yerləşir.
Tədbirdə müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə mükafat və sertifikatlar təqdim olunub. Eyni zamanda müsabiqə qaliblərinə cari ildə Avropada təşkil olunacaq qısamüddətli təlim və onlayn peşəkar inkişaf proqramlarında ödənişsiz iştirak hüququ verilib.
|
|
21.01.2019 | 13:18 | |
|
|
|