NDU-da “ dəyirmi masa”

Naxçıvan Dövlət Universitetində “Milli dəyərlərimizin qorunmasında qadınların rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  qadınların cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunduqlarını və yüksək fəallıq nümayiş etdirdiklərini dilə gətirib. Qeyd olunub ki, bu cür tədbirlərin təşkili milli-mənəvi dəyərlərimizə bağlılığın gücləndirilməsi və təbliği baxımından olduqca əhəmiyyətlidir.

 

“Təməl tibb fənləri” kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kübra Cəfərova Azərbaycan qadınının tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynadığını bildirib. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu olduğu vurğulanıb.

 

“İngilis dili və tərcümə” kafedrasının müdiri İlhamə Məmmədova 2012-ci ilin Naxçıvanda “Milli dəyərlər ili” elan olunduğunu qeyd  edərək hələ cümhuriyyət dövründə ilk dəfə şərqdə qadınlara verilən seçki hüququndan danışıb.

 

Sonda tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.



17.01.2019 | 12:30