Peşə təhsili prioritet sahə kimi

Oktyabrın 3-də Bakıda Avropa İttifaqı (Aİ), Avropa Təlim Fondu və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə ikigünlük “Peşə təhsili və təlimində dövlət-özəl sektor əməkdaşlığı və Avropa İttifaqının Azərbaycanda təhsilə dəstək proqramı - peşə təhsili mərkəzlərinin müasirləşdirilməsi üçün fəaliyyət Qrantları” seminarında səslənən fikirlər peşə təhsili sahəsində əsas gözləntilərin müzakirəsinə həsr olunmuşdu.

Seminarı açan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev peşə təhsilinin iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkəmizdə prioritet sahə elan edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə,  ölkədə peşə təhsili və təliminə dair Strateji Yol Xəritəsi bu sahəyə 2020-ci ilə kimi strateji baxış, 2025-ci ilə kimi uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf  baxışı olmaqla, müasir tələblərə cavab verən peşə təhsilinin qurulmasını özündə əks etdirir:  “İslahatların uğurlu icrasını təmin etmək, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını sürətləndirmək məqsədilə maraqlı tərəflərin bu işə cəlb edilməsi, onların öhdəlik və maraqlarının müəyyən edilməsi üzrə məsləhətləşmələr çərçivəsində ölkədə ilk dəfə peşə təhsili haqqında qanun layihəsinin ilkin versiyası Milli Məclisin Elm və təhsil komitəsində hazırlanıb. Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması, dövlət peşə təhsil mərkəzlərinin yaradılması, işgötürənlərlə sıx əlaqələrin qurulması, məzmunun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq formalaşdırılması bu sahədə son illər həyata keçirilən islahatların bir hissəsidir.  Bu işlər məzunların məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar yaradır. Avropa  İttifaqı ilə birgə əməkdaşlıq bu sahənin inkişafına təkan verəcək və Gəncə, Cəlilabad, Bərdə, İsmayıllı, Qax və Qəbələdə keyfiyyətli infrastruktur, mühəndis-pedaqoji heyətin cəlb edildiyi müasir tipli peşə təhsili müəssisələrinin formalaşmasına zəmin yaradacaq”.

F.Mustafayev ümidvar olduğunu bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq icrasına başlanılacaq layihələr ölkəmizdə peşə təhsili sahəsində həyata keçirilən islahatlara daha da təkan verəcək. 

Layihənin əsas məqsədi Azərbaycanda peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq,  əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaq, eləcə də ölkəmizdə müasir tipli peşə təhsili müəssisələrinin yaradılmasını təmin etməkdir.             

 

Peşə təhsili sisteminin qanunvericilik bazasının yaradılması

 

Milli Məslisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, ölkəmizdə aparılan islahatlar, təhsilin ayrı-ayrı sahələrində olduğu kimi, peşə təhsilinə də ciddi tələbatı ortaya qoyub. Buna görə  də peşə təhsili şəbəkəsi ölkəmizdə gündən-günə genişlənməkdədir. Peşə təhsili sisteminin qanunvericilik bazasının yaradılması bu gün zəruri tələblərdəndir. “Bu istiqamətdə MM-in Elm və təhsil komitəsinin, Təhsil Nazirliyinin ekspertləri, xüsusən də Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və əməkdaşları ilə birlikdə genişmiqyaslı iş aparılıb. Biz ölkə təcrübəsini, əhalinin tələbatını birgə fəaliyyətimizin gedişində öyrənmişik. Eləcə də dünya təcrübəsini, ayrı-ayrı ölkələrin qanunvericiliyini, onların Azərbaycan reallıqlarına uyğun gələn məqamlarını öyrənmək imkanı əldə etmişik”. 

Akademik İ.Həbibbəyli bildirib ki,  Macarıstan,  İsveç,  Latviya, Çin təcrübəsinin ayrıca öyrənilməsi  istiqamətində həm komitədə, həm də işçi qrupunda iş aparılıb.    “Artıq “Peşə təhsili haqqında” qanun layihəsinin  ilkin variantı hazırdır. Biz ilkin variantı həm Təhsil Nazirliyinə, həm də  Dövlət Agentliyinə göndərmişik. Bu sənəd hazırda Təhsil Nazirliyində diqqətlə öyrənilir. Əlavə  təkliflər paketi də hazırlanır. Bu təkliflər işçi qrupda müzakirə edildikdən sonra təkmilləşdiriləcək və müzakirəyə çıxarılacaq.  Ümid edirəm ki, oktyabrın sonu, noyabrın əvvəllərində Milli Məclisdə qanun layihəsinin  birinci müzakirəsi mümkün olacaq. Bu, bizim  Təhsil Nazirliyi, Dövlət Agentliyi rəhbərliyinin Avropa Komissiyası ilə işçi qrupunun birgə işinin nəticəsidir”, - deyə İ.Həbibbəyli bildirib. Komitə sədrinin sözlərinə görə, qanun layihəsi  hazırlanarkən onun işlək olmasına önəm verilib.  “Biz Aİ ilə görüşlərimizdə də dedik ki, peşə təhsili üzrə çərçivə qanunu yox, işlək mexanizmləri olan qanun layihəsi hazırlayırıq”.

 

Peşə təhsili ən rəqabətədavamlı sahələrdən biri olacaq

 

Akademik qeyd edib ki, bu il Təhsil Nazirliyi və Dövlət Agentliyi tərəfindən aparılan qəbul da peşə təhsilinin nə qədər əhəmiyyətli olduğunu göstərib. “Hətta peşə təhsili üzrə elə ixtisaslar var ki, onlara rəqabət ali təhsilin bəzi ixtisaslarından çoxdur. Bu, əmək bazarının tələbləri ilə yanaşı, gənclərin məşğulluğa maraqlı olduğunu göstərir. Aparılan maarifçilik işi peşə təhsilinə olan marağı Azərbaycan cəmiyyətinə çatdıra bilib”. Natiq ümidvar olduğunu bildirib ki, aparılan işlər nəticəsində peşə təhsili ən rəqabətədavamlı sahələrdən biri olacaq.

 

“Avropada vahid peşə təhsili modeli yoxdur”

 

Avropa  İttifaqının  Azərbaycan nümayəndəliyi üzrə əməkdaşlıq rəhbəri Ceroen Uilyams peşə təhsilindəki islahatların həyata keçirilməsində və beynəlxalq təcrübənin öyrənilməsində təmsil etdiyi  qurumun  dəstəklədiyi layihə barədə məlumat verib. O,  beynəlxalq təcrübənin nəzərə alındığı yeni layihənin aparılan islahatların həyata keçirilməsində böyük rol oynayacağını bildirib. “Avropada vahid peşə təhsili modeli yoxdur. Hər bir dövlətin özünəməxsus peşə təhsili sistemi  mövcuddur.  Biz  əmin  olmalıyıq ki,  bütün  maraqlı  tərəflərin töhfəsi nəticəsində Azərbaycana uyğun olan model seçiləcək. Lakin həm də əmin olmalıyıq ki, bu, müəyyən mənada Avropa təcrübəsinə əsaslanacaq. Bu təcrübə dövlət-özəl sektor əməkdaşlığına əsaslanır. Biznes qurumları və onların tələbləri Azərbaycanda bərqərar olan peşə təhsili sistemində nəzərə alınmalıdır”. 

Azərbaycanın Avropa Təlim Fondu üzrə nümayəndəliyinin rəhbəri Marqareta Nikolska seminarın məqsədi və gözləntiləri,  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova strateji yol xəritələrindən iştirakçıların əsas gözləntiləri, Milli Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova Azərbaycanın iqtisadi inkişafında peşə təhsili və təliminin əhəmiyyəti kimi mövzularla bağlı təqdimatlar ediblər.

Qeyd edək ki, tədbirin məqsədi maraqlı tərəflərin iştirakını təmin edərək siyasət dialoqu qurmaq və “Peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənləri peşə təhsilinə inteqrasiya etmək üçün dövlət-özəl sektor əməkdaşlığı mexanizminin hazırlanmasını dəstəkləməkdir.

 

Oruc MUSTAFAYEV

 

 



06.10.2017 | 12:33