Xarici dil müəllimləri üçün seminarlar | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin xarici dil müəllimləri üçün seminarlar keçirilib.
Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi ingilis və rus dili fənlərinin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, fənlərin dinləyib-anlama, oxuyub-anlama məzmun xətti üzrə standartlarının reallaşdırılması zamanı müəllimləri düşündürən məsələlərin həlli istiqamətində onlara metodiki dəstək göstərilməsi, dərs prosesinin daha səmərəli təşkilinə dair zəruri məlumatların çatdırılmasından ibarətdir.
Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş seminarlarda dinləyib-anlama məzmun xətti üzrə şagirdlərin sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq kimi bacarıqlarının yoxlanılması ilə bağlı standartlara uyğun nümunələr təqdim olunub.
Şagirdlərin dinləyib-anlama, təhliletmə bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədilə verilən tapşırıqların icrasında ehtiyac yarandıqda müəyyən avadanlıqlardan, audio materiallardan istifadə etmək barədə seminar iştirakçılarına məsləhətlər də verilib.
Eləcə də, tədris prosesinin daha da təkmilləşdirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, müəllimlərin rəy, təklif və təəssüratları dinlənilib.
Xarici dilin daha mükəmməl mənimsənilməsi üçün şagirdlərin dinləyib-anlama bacarığının inkişaf etdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
|
|
07.01.2019 | 10:32 | |
|
|
|