“Müasir təhsilin aktual problemləri” | |
Qax rayonu Cəlayir kənd tam orta məktəbində pedaqoji kollektiv və 5 nömrəli dayaq məntəqəsini təmsil edən məktəblərin nümayəndələrinin iştirakı ilə “Müasir təhsilin aktual problemləri” mövzusunda “dəyirmi masa” keçirilib.Tədbiri giriş sözü ilə açan Cəlayir kənd tam orta məktəbinin direktoru, 5 nömrəli dayaq məntəqəsinin rəhbəri Xalid Heydərov məktəblərdə bu gün təlim-tərbiyə prosesinin aparılması vəziyyəti, müəllimlərin qarşılaşdıqları problemlər haqqında geniş bəhs edib. O, həmçinin təlimin keyfiyyətinin yüksəldilməsi üçün ayrı-ayrı fənn müəllimlərinin öz fəaliyyətləri zamanı şagirdlərin bütün dərs boyu fəallığına, dərsin əvvəlində problemin qoyulması və dərsin gedişinin problemin həllinə yönəlməsinə, təlimin tədqiqat şəklində keçirilməsinə diqqəti artırmalı, şagirdlərdə müstəqil düşünmək, sərbəst fikir söyləmək, əməkdaşlıq etmək, müxtəlif fikirlərə hörmət etmək, birgə həll yollarını müəyyənləşdirmək və s. kimi keyfiyyətləri aşılamalı olduqlarını xüsusi vurğulayıb.
Məktəbin fizika müəllimi Yaşar Məmmədov və ibtidai sinif müəllimi Xanım Təsilova məruzə ilə çıxış ediblər. Müəllimin gündəlik və tematik planlaşdırma aparmasının vacibliyi vurğulanaraq qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhsildə də nailiyyətlərin uğurla başa çatdırılması üçün onun düzgün planlaşdırılmasına ehtiyac vardır. Gündəlik dərsin planlaşdırılması isə müəllimin dərsə hazırlığının ölçü meyarı, onun fərdi fəaliyyətinin güzgüsüdür. Daha sonra müasir məktəbin problemləri ətrafında tədbir iştirakçıları məzmunlu, mənalı diskussiya aparıblar.
Günay MAHMUDOVA, Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
02.01.2019 | 14:20 | |
|
|
|