Təhsil tarixi və fəlsəfəsinə panoram baxış | |
Təhsil istisnasız olaraq bütün dövrlər üçün ictimai tərəqqinin barometri kimi cəmiyyətin və onun struktur elementi olan şəxsiyyətin inkişafının determinantı missiyasını şərəflə yerinə yetirməkdədir. Təsadüfi deyildir ki, intibah dövrü Azərbaycan mütəfəkkiri dahi N.Gəncəvi öz dövrünəqədərki düşüncəni və özünün inandığı kredonu belə ifadə edir:
Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz
Bu düşüncə bütün dövrlər üçün öz hikmətini qoruyub saxlamışdır. Dövlətlərin qüdrəti təhsil, elm meyarları ilə ölçülməkdədir. Zaman-zaman təhsil sistemləri ölkəsəl, regional, qitələrarası rəqabət predmetinə çevrilmiş, qabaqcıl təhsil sistemləri qloballaşma arenasına vəsiqə qazanmışdır. Müasir dövrdə təhsil öz məzmununu yeniləşdirərək, inkişaf konsepsiyası üzərində köklənmişdir. O, özünəməxsus ölçülərilə bir tərəfdən koqnitiv meyarlarla, təfəkkür fenomeni ilə, ikinci tərəfdən kreativ meyarlarla, təxəyyül fenomeni ilə şərtlənir. Görəsən təhsilin öz məzmununu yeniləşdirməsi hansı tarixi köklərə malikdir? Bu, hər bir təhsil adamı üçün maraq doğuran sualdır. Müasir dövrdə təhsil sistemində baş verən dəyişikliklərin tarixi inkişaf mərhələləri, ayrı-ayrı dövrlərdə təhsil fəlsəfəsinin spesifikasının nədən ibarət olması, təhsil sistemində tarixi varislik və təkamül məsələləri, habelə Azərbaycan təhsil tarixi, onun qlobal təhsil müstəvisində yeri problematikası düşündürücü məqamlardandır.
Pedaqogika üzrə fəlsəfə doktoru, BDU-nun pedaqogika kafedrasının dosenti R.M.Mahmudovanın bu günlərdə nəşr olunmuş “Təhsilin psixodidaktik problemləri (tarixi müqayisəli təhlil)” adlı fundamental monoqrafiyası təhsil tarixi və fəlsəfəsinin panoraması müstəvisində qeyd olunan suallara aydınlıq gətirir və problemin şərhini bitkin şəkildə oxucu üçün əlçatan edir. Açıq etiraf etməliyik ki, təhsilin tarixi, fəlsəfəsi, pedaqoji düşüncə tarixi tədqiq və təhlil olunarkən hər bir zamanın ruhu, dövrün ictimai-siyasi reallıqları araşdırmaçıdan təkcə pedaqoji, təhsil tarixçi ustalığı deyil, universal dünyagörüş, tarixə, ədəbiyyata, mədəniyyətə, fəlsəfəyə, epoxaların ruhuna bələdçilik tələb edir. Fikrimizcə, monoqrafiya müəllifinin sadalanan keyfiyyətlərə malik olması qarşıya qoyduğu vəzifənin öhdəsindən gəlməyə ona yardımçı olmuşdur.
Monoqrafiyada diqqət çəkən məqamlardan biri burada bəşəri inkişafın potestar, ibtidai inkişaf mərhələsindən bugünkü qloballaşan dünyaya qədər təhsilin, təlimin, pedaqogikanın keçdiyi yolun mərhələli şəkildə araşdırılmasına, bu zaman diqqətin daha çox ayrı-ayrı dövrlərdə problemin qoyuluşunun özünəməxsusluğuna yönəldilməsidir. Tədqiqatçı ilk məktəb yaradıcılığı tarixini Şumer tarixinə bağlayan tarixçilərin mövqeyini müdafiə edərək bildirir ki, həmin dövlətdə təhsilin dövlət idarəçiliyində roluna xüsusi önəm verilirdi.
Monoqrafiyada tədqiqatçı belə bir problemə xüsusi önəm verir ki, təhsil, təlim nə qədər cəlbedici olsa da, öz inkişafının müxtəlif tarixi mərhələlərində ciddi müqavimətlərə rast gəlmiş, ağır tarixi sınaqlardan çıxmışdır. Belə basqılar orta əsrlər dönəmində də xurafat, fanatizm, dini konservatizm timsalında xüsusilə ağır fəsadlar törətmiş, cəmiyyəti cəhalətlə təhdid etmişdir. Əlbəttə, zaman keçdikcə dünyəvi təhsil zərurəti yeni təhsil ocaqlarının yaranmasını şərtləndirmişdir.
Tədqiqat işində Şərq, Qərb sivilizasiya tarixinə ekskurs edilir, bütün tarixi dövrlər üçün təhsil sivilizasiyasının mühüm faktoru kimi qiymətləndirilir və belə qənaətə gəlinir ki, zaman-zaman təhsil, məktəb təcrübə mübadilələri müasir qloballaşma prosesinə təkan vermişdir.
Tədqiqatçı mühüm əlamətlər və tipik xüsusiyyətlər baxımından təhsilin təşkili tarixinin mərhələlərini elementarist və kompleks metodlarla təhlil, bu zaman təhsilin inkişafında Y.A.Komenskiyə qədərki mərhələni bütün çalarları ilə təsvir edir, oxucuda həmin dövrün pedaqoji prosesləri haqqında aydın təsəvvür yaradır.
Monoqrafiyanın məhz bu bölümü təkcə tədqiqatçılar üçün deyil, təhsil tarixi ilə maraqlanan hər kəs üçün əhəmiyyətli bilgilər verə bilmək baxımından diqqəti cəlb edir.
Müəllif təhsilin inkişaf mərhələlərini tarixi ardıcıllıqla izləyərək hər bir mərhələnin digəri tərəfindən inkarı qanunauyğunluğunu şərh edir və prosesin sonsuza qədər davam edə biləcəyi qənaətini bölüşür. Bu da təbiidir. Çünki cəmiyyət inkişaf etdikcə təhsil, təlim qarşısında tələb və çağırışlar da yeni məzmun alaraq dəyişir.
Monoqrafiya müəllifinin dünya pedaqoji fikir tarixi ilə, o cümlədən Azərbaycan tarixi ilə yaxından tanışlığı bu tədqiqat işində öz əksini tapmışdır. Belə ki, monoqrafiyada oxucu Azərbaycanın təhsil, pedaqoji düşüncə tarixi, pedaqoji məktəblər, ənənələr, pedaqoji irslə, bu istiqamətdə varislik məsələləri ilə tanış olmaq imkanı qazanır. Burada eyni zamanda, Azərbaycan pedaqoqlarının fəal təlim axtarışları, Azərbaycanın tanınmış psixoloqu və pedaqoqu, irsi və ardıcılları ilə məktəb yaradan Ə.Ə.Əlizadənin Azərbaycanda yeni təlim yaradan taksonomiyasından bəhs edilir, Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurikulumunun şərhi öz ifadəsini tapmışdır.
Oxucular tədqiqat işində çox asanlıqla müəllifin təqdimatında hər dövrün pedaqoji məktəblərinin qoşa, tarixi müqayisəli təhlili, həmçinin təhsil tarixinin fərqli coğrafiyalar və sivilizasiyalar üzrə mahiyyəti, üstünlükləri, təkmilləşdirməyə ehtiyacı olan tərəfləri ilə tanış ola bilərlər. Buradan hər bir tarixi məktəb zamanın ruhunun təhlili işığında təqdim olunur və bu baxımdan əsərlə tanış olan oxucuda həmin dövrlər haqqında da təfsilatlı təəssürat və təsəvvür yaranır.
Bu tədqiqat işində problematikanın tədqiq, təhlil və qiymətləndirilməsinə imkan yaradan zəngin ədəbiyyat resurslarından istifadə olunmuş, problemlə bağlı mövcud paradiqmalar, nəzəriyyələr, konsepsiyalar müəllif tərəfindən diqqətlə araşdırılmışdır. Monoqrafiya ilə tanışlıq oxucuda belə bir qənaət hasil edir ki, bu əsərdə müəllifin məhz öz mövqeyi, yanaşması vardır, əsər təhsili yeni düşüncə psixodidaktik müstəvisində təqdim edən orijinal bir monoqrafiyadır. Mübaliğəsiz demək olar ki, bu monoqrafiyanın nəşri mühüm bir elm hadisəsidir. İnanırıq ki, bu fundamental tədqiqat işi yeni-yeni araşdırmalar üçün istiqamət, yol göstəricisi kimi akademik vəsait olacaqdır.
Üzeyir ŞƏFİYEV, BDU-nun dosenti
|
|
18.03.2018 | 13:00 | |
|
|
|