Yeni yaşayış komplekslərində məktəb binaları istifadəyə verilib | |
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Bu günlərdə həmin kateqoriyadan olan insanlarımız üçün daha bir yaşayış kompleksi istifadəyə verilib. Abşeron rayonunun ərazisində yerləşən və 1000 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş yeni yaşayış kompleksinin dekabrın 24-də açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış olublar. Qeyd edilib ki, buradakı mənzillərdən 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 76 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində uşaq bağçası və məktəb də inşa olunub.
Dövlət başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış olublar. Qeyd edilib ki, burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 140 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və quruculuq işləri görülüb.
Daha sonra yaşayış kompleksində tikilən Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 792 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcək. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin fiziki tərbiyəsini günün tələbləri səviyyəsində qurmaq üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşüblər. Dövlət başçısı görüşdəki çıxışında yeni kompleksin istifadəyə verilməsi münasibətilə onları təbrik edib. Qeyd edib ki, böyük ərazidə yerləşən, iyirmidən artıq çoxmərtəbəli yaşayış binasının, uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik məktəb olan gözəl kompleksdə normal yaşamaq üçün bütün şərait var. “Bu şəhərciyin istifadəyə verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bizim üçün bu, prioritet məsələdir”, - deyə Prezident vurğulayıb.
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar.
Qeyd edək ki, açılışı olan Yasamal yaşayış kompleksinin ümumi sahəsi 11,6 hektardır. Ərazidə planlaşdırma sənədi üzrə 29 yaşayış binası inşa olunub. Bu binalardan 12-si 12 mərtəbəli, 17-si 9 mərtəbəlidir.
Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürüdür. Vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.
Kompleksin ərazisində 161 nömrəli tam orta məktəbin binası da inşa edilib.
Dövlətimizin başçısı və birinci xanım burada yaradılan şəraitlə tanış olublar.
Təhsil naziri Ceyhun Bayramov məlumat verib ki, 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilən 240 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, bağçadakı qrup, məşğələ və oyun otaqları zəruri avadanlıqla təchiz edilib. Uşaqların gün ərzində dolğun və keyfiyyətli qidalanması üçün burada yeməkxana yaradılıb. Bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Belə müasir körpələr evi-uşaq bağçalarının inşasına Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri görülüb. Həyətdə uşaqların əylənməsi üçün də müxtəlif attraksionlar quraşdırılıb.
Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Görülən işlərlə bağlı dövlət başçısına və birinci xanıma məlumat verilib.
Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 saylı məktəbə əlavə olaraq, dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var.
Kompleksin ərazisində 50 yerlik uşaq bağçası da inşa edilib. Uşaq bağçasında balacaların təlim-tərbiyəsinin təşkili, onların istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb.
Bu təhsil ocaqlarında yaradılan şərait son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin əyani göstəricisidir. Bütün bunlar Azərbaycanda təhsil sferasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu da, təsadüfi deyil. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmiri mühüm əhəmiyyət kəsb edir.
Yusif ƏLİYEV
|
|
28.12.2018 | 10:57 | |
|
|
|