“Yaxşı ki, müəllim oldum...” | |
İnsanlar olur ki, onlarla ünsiyyətdə özün də anlayırsan: Ən böyük kitab İNSANdır... Bir də onu düşünürsən ki, gündə bir insan tanıyıb onunla ünsiyyət qurursansa, nə mutlu sənə, demək ki, hər gün maraqlı bir kitab oxuyursan...
Belə insanlar Azərbaycan təhsil sistemində də çoxdur. Bu gün sizə onlardan növbətisini tədqim edirik. Bakı şəhəri 70 nömrəli məktəb-liseyin direktoru Nazim Qasımovu. O, həm də bu günlərdə 70 illik yubileyini qeyd edir. 70 nömrəli məktəbdə 41 ildir direktorluq fəaliyyəti və 70 yaş, gözəl nəticədir. Həm də aid olduğu sistemə töhfədir. Gəlin görək bu 70 illik həyat yolunun 40 ildən çoxunu həsr etdiyi sahədə Nazim müəllimin hansı fəaliyyəti, nə kimi çətinlikləri və uğurları olub?!..
Qaraçəmənlidən başlayan həyat...
1949-cu ilin yanvarında Qərbi Azərbaycanın Zəngəzur mahalı, Qafan rayonu, Qaraçəmən kəndində müəllim ailəsində anadan olmuşam. İlk təhsilimi kəndimizin məktəbində almışam. Orda yeddiillik məktəbimiz vardı, oranı bitirdim. Sonra qonşu kəndin məktəbində bir il təhsil aldım. Səkkizinci sinfi bitirdikdən sonra bizim illərin çox məşhur məktəblərindən birinə üz tutdum - Bakı Politexnik Texnikumuna.
Bakı başqa mühit idi...
Bakıya gələndə anladım ki, tamam fərqli məkan və mühitdəyəm. Yəni buranın qaydaları bizim kənddən çox fərqlidir. Kənd və şəhər məktəbində şagird, tələbə olmağın da ayrı-ayrı cəhətləri var imiş. Bizim kəndimizdə sinifdə cəmi səkkiz uşaq idi, burda iyirimidən artıq. Kənddən gələndə qorxduğum bir şey var idi. Deyirdim birdən burdakı uşaqların arasında savadına, qabiliyyətinə görə ən zəifi olaram, mənə gülərlər. Ancaq dərslərimiz başlayanda gördüm ki, elə deyil, yəni mən də kimdənsə zəif və aciz uşaq deyiləm. Əksinə, çoxundan güclüyəm. Düzünə qalsa, qrupda məndən savadlısı yox idi. Sonra yadıma düşdü ki, biz imtahan verəndə qəbula müxtəlif rayonlardan 1200 şagird gəlmişdi, amma cəmi 25-i seçilməli idi. Öz-özümə düşündüm ki, mən o 25-dən biri ola bilmişəm, niyə bu auditoriyada özümü qorxmuş kimi göstərim ki?! Özümə belə tənqidi yanaşa bilməyim məni vəziyyətdən çıxardı. Beləcə, texnikumun avtomobil nəqliyyatı fakültəsində təhsilimə davam etdim.
1963-cü il idi...
Bir riyaziyyat müəllimim var idi. Əslən şəkili idi. Bütün günü məndən dərs soruşurdu. Hətta sinifdə kimsə dərsə hazır olmayanda da mən hazır olmalı idim. Bilirdim, mütləq məni çağıracaq. Yenə bir gün çoxluq dərsə hazır deyildi, müəllim məni çağırdı. Dedim day gəlmirəm müəllim, mən dərs danışıram, sonra kimsə mənimlə danışmır. Onlardan tələb edin, daha məni çağırmayın. Müəllim xeyli güldü. O günki uğurum bircə bu oldu ki, müəllim kimsəyə pis qiymət yazmadı, eləcə dərsi izah etdi.
Kəndlərdə dərsə maraq...
Bilmirəm bu nəylə bağlı idi, öz-özümə deyirəm ki, yəqin kənddə sosial-iqtisadi problemlərin çoxluğuna görə belə olmuşdu, oxuyan uşaqlar çox idi, son dərəcə çox. Hamı da iddialı idi. Böyük adam olmaq istəyirdik. Ən azı ali təhsil almağa meyilli idi hər kəs. Məsələn, bayaq danışdığım Politexnik Texnikumuna qəbul olan 25 uşaqdan dördü mənim sinif yoldaşım idi. Özü də bizim avtomobil nəqliyyatı fakültəmiz sovetlər dönəmində oğlanlar üçün ən populyar fakültələrdən sayılırdı. Bəlkə də elə ən populyarı o idi.
Texnikumda oxumaq istəmirdim...
Bilmirəm nəyə görə, amma belə oldu. Dərs ilini başa vurdum və sevimli riyaziyyat müəllimim İsfəndiyar müəllimə dedim ki, mən gedirəm kəndimizə, burda qala bilmirəm. Gedib onuncu sinfi bitirəcəm, sonra başqa ixtisas seçəcəm, məndən yol polisi olmaz. İsfəndiyar müəllim bunu dekanımıza dedi. Cavabları bu oldu ki, yaxşı oxuyan tələbə hər gün tapılmır, səni buraxmayacağıq, amma şərait yarada bilərik ki, ali təhsil almaq üçün Bakıda axşam məktəbində onuncu sinif təhsilini də alasan. Başqa yolum yox idi. O üzdən razılaşdım. Beləcə, 106 nömrəli məktəbin axşam sinfinə daxil oldum. Gündüz texnikumda, gecə məktəbdə oxuyurdum. Fənn qiymətlərimin hamısı əla idi. Onu da deyim ki, o illərdə nadir hallarda iki təhsilə icazə verilirdi. Müəllimlərim bu nadir hüquqdan istifadə etməyimə şərait yaratmışdılar. Buna görə onların adını indi də hörmətlə anıram.
Müəllimliyə ilk yol...
Texnikumda oxuyanda inad bir müəllimimiz var idi. Uşaqlar ondan beş qiymət ala bilmirdi. Mən də ondan beş almaq üçün mübahisə edən tələbələrdən idim. Bu mübahisələrin birindən sonra yenə də İsfəndiyar müəllim mənə dedi ki, gəl sən müəllim ol, özün də yol polisi olmaq arzusunda deyilsən, fizikanı əla bilirsən, sənədlərini hazırla Pedaqoji İnstitutun fizika fakültəsinə. Beləcə, mən yenə də sevimli müəllimim sayəsində artıq gələcək həyatımı qurmaq istiqamətində ciddi və ilk addım atdım.
Həm iki yerdə oxumalı, həm də dolanmaq üçün işləməli idim. Düzdür, ailəmin mənə maddi dəstək olması üçün bütün imkanları var idi. Ancaq mən onların nəsə etmələrini istəmirdim. Düşünürdüm ki, məktəbi bitirib, tələbə olmuşamsa, deməli, özümü dolandırmağı da öyrənməliyəm. Amma bir məsələ var idi, mən həm də axşam şöbəsində oxuyurdum. Axşam şöbəsində oxuyanları isə mütləq hərbi xidmətə göndərirdilər. Onlar hərbi xidməti bitirdikdən sonra təhsillərini davam etdirə bilərdilər. Mən arada iki il təhsil müddəti intervalı olmasını istəmirdim. O üzdən rektorun adına ərizə yazdım ki, qiymətlərim yaxşıdır, hamı da məni tanıyır, zəhmət olmasa məni gündüz şöbəsinə keçirin. Bu müraciətimə də müsbət cavab gəldi. Gündüz oxuyurdum, gecə boş vaxtlarım olanda da yaşadığım evin səliqə-səhmanı və işləyib pul qazanmaqla məşğul idim.
Qaraj müdiri...
Texnikumu bitirdim. Amma ali təhsil davam edirdi. Yaxın dostlar və yenə də müəllimlər sayəsində maşın qarajında mexanik kimi işə düzəldim. Bir neçə aydan sonra isə məni o qaraja müdir təyin etdilər. Beləcə, olmuşdum müdir-tələbə. Həm APİ-də təhsil alırdım, həm də işləyib pul qazanırdım, artıq ailə üzvlərimə də lazım gələndə köməklik edə bilirdim. Bunun məni nə qədər fərəhləndirdiyini ifadə etməkdə çətinlik çəkirəm. Müdir olduğum üçün o vaxt mənə maşın da vermişdilər. Qaldığım yataqxanaya maşınla gedib gəlirdim. Bir az da gülməli idi. Tələbə, evsiz, müdir və maşın... Yəni həyatımda son dərəcə çoxlu və qəribə təzadlar var idi.
Ali təhsilimi də başa vurdum və artıq fizika müəllimi idim. Bir məsələ var idi, hərbi xidmətdə olmamışdım. Ona görə ərizə yazıb hərbi xidmətə getdim. Xidmətdən sonra təyinatımı 92 nömrəli fəhlə-gənclər məktəbinə verdilər. İndiki Xəzər Universitetinin binasında yerləşirdi o məktəb. 1972-ci ildə pedaqoji fəaliyyətə başladım. Altı aydan sonra artıq həmin məktəbdə direktor müavini kimi çalışırdım.
27 yaşlı direktor...
Bayaq dedim ki, mənim həyatımda təzadlar, həm də maraqlı hadisələr çoxdur. Məsələn, yetmişinci illərdə mən Bakıda ən gənc məktəb direktoru idim, 27 yaşım var idi. Mənə qədər Zəhra xanım 70 nömrəli məktəbdə direktor olub. Direktorluq mənə təklif olunanda o, yeni dünyasını dəyişmişdi. Bir qədər bu vəziyyət məni çəkindirdi. Ancaq sonra məlum oldu ki, başqa seçim imkanım yoxdur. Beləcə, direktor kimi fəaliyyətə başladım. O illərdə bu məktəbin durumunu izah etmək indiki zamandan baxanda çox dəhşətli idi. Ərazi baxımından məktəb elə yerdə yerləşirdi ki, daha çox qeyri-azərbaycanlılar çoxluq təşkil edirdi. Məktəb Azərbaycandilli məktəb olsa da, burda bizim uşaqlar çox aşağılanır, əziyyət çəkirdilər. Mən məcburi addımlar atmalı idim. Birinci addımım o oldu ki, aidiyyəti üzrə rəsmi məktub yolladım və xahiş etdim ki, məktəbdə rus bölməsi ləğv olunsun.
“KQB”-nin narahatlığı...
Bu məktubla aləm bir-birinə dəydi. Sovetlər dönəmi idi, beynəlmiləlçilik təbliğ olunurdu. Amma bu ad altında daha çox üstünlük verilən millətlər var idi. Başqaları millətçilik, dövlətçilikdən danışa bilməzdilər. İndi gənc bir oğlan gəlib, haralarasa məktub göndərib ki, rus bölməsini ləğv etmək lazımdır. Bir gün zəng gəldi, dedilər səni Mərkəzi Komitəyə çağırırlar. Getdim, çox yüksək vəzifəli məmurlar dedilər ki, sən neynəmək istəyirsən? Düzü, adam bir az çəkinirdi. Elə zəmanə idi, nə desən edərdilər. “KQB” maraqlanır dedilər, səni ləkələyəcəklər, ehtiyatlı ol. Dedim mən heç nə etmirəm, qeyri-millətlər bizi o məktəbdə aşağılayır, mən də deyirəm ki, belə olmaz. Çox müzakirələrdən sonra nazirliyə yuxarıdan dedilər ki, nə istəyir etsin, amma ehtiyatlı olsun. Bu “ehtiyatlı olun” sözü ağlımda qaldı. Sonra bir neçə dəfə ləkələmək cəhdləri etdilər, amma alınmadı. Uzun müddət araşdırdılar, gördülər ki, bir şey çıxmır, əl çəkdilər. Deyim ki, o hadisədə çox həyəcan keçirmişdim. Beləcə, məktəbi qurduq.
Son illərdə məktəb yenidən təmir olundu. Xeyli avadanlıqlarımızı yenilədilər. Mənim də əmək kitabçamda bu məktəbə direktor təyin olunduğum gündən bəri başqa ad düşməyib.
Direktor olduğum müddətdə eksperimental fizikadan elmi iş götürdüm. O zaman bu, çox çətin iş sayılırdı. Elmi işimi müdafiə etdim, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini aldım. İddialı idim, hər şeyim olmalı, ailəm əziyyət çəkməməli idi. Zaman-zaman hamısına nail oldum. İndi düşünürəm ki, insan iddialarının ardınca gedəndə mütləq yaxşı nəticələr əldə edir. Mən də əldə etdim. O üzdən, yaxşı ki, müəllim oldum...
SON: Nazim müəllimin danışdıqlarının çox az bir qismi idi sizin oxuyub, tanış ola bildikləriniz. Sağollaşanda dedim ki, yaşlı nəsil nümayəndələri, xüsusən də pedaqoqlarla ünsiyyət çox maraqlı olur, amma siz bu xatirələri yazıb kitab halına salın. Gənc həmkarlarınıza örnək ola biləcək pedaqoji nümunələriniz, xatirələriniz var. Bir az düşündü, dedi ki, mütləq edəcəyəm. Məncə, lazımdır, çünki gələcəkdə də nümunə olan adamlardan örnək götürəcək insanlar yetişməlidir. Bu nümunələrsə nəsildən-nəslə ancaq kitablarla ötürülə bilər.
Jalə MÜTƏLLİMOVA |
|
28.12.2018 | 13:27 | |
|
|
|