2018-ci ilin 5 göstəricisi | |
Daha bir ilin sonuna gəldik. Bu ilin sonunda da dönüb geriyə baxır və il ərzində yaşadığımız çoxsaylı yeniliklərin olduğunu görürük. Tətbiq edilən həmin yeniliklərin təsiri ilə ölkə təhsil sisteminin inkişafı davamlı xarakter alır. Üstəlik, bu inkişaf beynəlxalq hesabatlarda öz əksini tapır.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasının beşinci ilində Azərbaycan dövləti artıq Qlobal Rəqabətlilik Hesabatında 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Məsələn, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.
Təhsildə əldə edilən böyük nailiyyətlərdə 2018-ci ilin öz payı var.
“Azərbaycan müəllimi” qəzeti yeniliklərlə zəngin bu ildə baş verən çoxsaylı hadisələrin içərisindən nəinki birillik, hətta beşillik dövr üçün əhəmiyyətli sayılan 5 faktı seçib.
Koreya təhsil standartları əsasında Bakıda Peşə Təhsil Mərkəzinin əsası qoyuldu
Həmin faktların biri peşə təhsili ilə bağlıdır.
Öncəliklə qeyd edək ki, başa vurduğumuz il peşə təhsilində əhəmiyyətli hadisələrlə zəngin olub. Regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb. Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb. Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.
2018-ci ilin ilk ayında - yanvarın 26-da Bakıda təməli qoyulan müasir standartlara uyğun təhsil müəssisəsi - Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi, sözün əsl mənasında, ilin hadisəsinə çevrilib. Azərbaycan və Koreya hökumətləri arasında əldə edilən razılaşmaya uyğun olaraq hazırda tikintisi davam edən və 2019-2020-ci tədris ilindən tələbə qəbuluna başlayacaq bu peşə təhsil müəssisəsi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunacaq.
Bildirildiyinə görə, Dövlət Peşə Təhsil Mərkəzində yaş məhdudiyyəti olmayacaq. İstər 9 illik, istər tam orta təhsil bazasından, istərsə də ali məktəb bitirənlər, hətta məktəb partasından uzun illər öncə ayrılanlar belə, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi ola biləcəklər.
Təhsil Mərkəzində hər ixtisas üzrə təhsil müddəti 2 il nəzərdə tutulsa da, burada avtomatlaşdırma, elektronika kimi ixtisaslar üzrə sürətləndirilmiş proqram əsasında 1 illik təhsil müddəti də nəzərdən keçirilir. Ümumiyyətlə, tam orta təhsil bazasından bu ixtisaslara qəbul olunanlara 1 il müddətində təhsil verilə biləcəyi vurğulanır.
Peşə təhsili sahəsində 2019-cu ilin də əhəmiyyətli olacağı gözlənilir. Ümumiyyətlə, ölkə iqtisadiyyatının inkişafı üçün peşə təhsil müəssisələrinin yaradılmasının önəmi xüsusi vurğulanır. Əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsini zəruri sayan Azərbaycan hökumətinin bu istiqamətdə böyük planları var.
“Təhsil haqqında” Qanuna dəyişiklik edildi
Təhsil Nazirliyinin təşəbbüsü ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib. Dəyişikliklər uzun müzakirədən sonra iyunun 12-də Milli Məclisdə qəbul olunub. 2018-ci il iyulun 5-də Prezident İlham Əliyev Qanunun tətbiqi haqqında Fərman imzalayıb. Ümumilikdə Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliklər yalnız ümumi təhsili deyil, təhsilin bütün pillə və səviyyələrini əhatə edib. Belə ki, “Təhsil haqqında” Qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib.
Qanunda ən böyük dəyişiklik 6 yaşı tamam olan uşaqların məktəbə qəbulu qaydalarındadır. Həmin dəyişikliyə əsasən, 15 sentyabr - 31 dekabr tarixlərində 6 yaşı tamam olan uşaqlar heç bir əlavə komissiya yoxlanışı olmadan ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul edilirlər.
“Təhsil haqqında” Qanuna əlavə edilən daha bir maddəyə əsasən, müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər məktəblərdə dərs deyə biləcəklər.
Bundan başqa,“Təhsil haqqında” Qanuna edilmiş yeni dəyişiklik ali təhsilli şəxsin kollecə, kolleci bitirmiş şəxsin isə ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbuluna imkan yaradacaq. Qanun orta ixtisas təhsili müəssisəsini bitirmiş şəxsə müvafiq ixtisas üzrə ali məktəbə müsabiqədənkənar qəbul olmağa imkan verir.
Dəyişiklikdən sonra “Təhsil haqqında” Qanuna görə, hər 5 ildən bir təhsilverənlərin sertifikasiyası keçiriləcək. Sertifikasiya müvafiq icra hakimiyyəti tərəfindən aparılacaq.
Qanunda peşə təhsili ilə bağlı da dəyişiklik edilib. Belə ki, peşələri xüsusi adamların yanında çalışmaqla öyrənənlər öz bilik və bacarıqlarını təsdiq etmək üçün müəyyən bir prosedurdan keçib sertifikat və bununla da əmək bazarına daxil olmaq üçün əlverişli imkan əldə edəcəklər. Bu da ölkədə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsinə, məşğulluq imkanlarının artırılmasına ciddi şəkildə müsbət təsirini göstərəcək.
Daha bir dəyişikliyə əsasən, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (İB - Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education, Advanced Placement), yüksək yerləşdirmə təhsil proqramları ilə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Azərbaycan tələbələri dünyanın aparıcı universitetlərinin doktoranturasında
İlin sonu, hətta son iki ayı çox fəal dövr hesab olunur. Belə ki, noyabr-dekabr ayları təhsil sahəsində xüsusilə əhəmiyyətli tədbirlərlə yadda qalıb. Məsələn, noyabrın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Proqrama uyğun olaraq müxtəlif qurumların üzərinə ayrı-ayrı vəzifələr qoyulub. Həmin vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyinə həvalə edilib.
Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri seçiləcək, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətə təlim keçiriləcək və tədris proqramları yenilənəcək. İkili diplom proqramlarının tətbiqi ilə belə modulların sayı genişləndiriləcək. Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərlərinə ikili diplom proqramlarında tədris olunan modulların həmin ali məktəbdə bu proqramların tərkib hissəsi olmayan ixtisaslarda da tətbiqini tövsiyə edəcək.
İkinci komponent isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.
Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək.
Sənəddə Azərbaycan alimlərinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparması da əksini tapıb.
Dövlət Proqramının icrasına başlanandan sonrakı mərhələ ilə bağlı təhsil naziri Ceyhun Bayramov vəd edir: “Növbəti illərdə məhz bu Dövlət Proqramının uğurla icrası nəticəsində ilk ikili diplom proqramlarının təsis edilməsinin, Azərbaycan tələbələrinin dünyanın aparıcı universitetlərinin doktoranturasına qəbul olunmasının şahidi olacağıq. Dövlət Proqramına uyğun olaraq hər iki istiqamət üzrə müvafiq əlavə sənədlərin qəbul edilməsi, ikili diplom proqramı ilə bağlı seçim meyarlarına dair xüsusi qaydaların hazırlanması, eyni zamanda doktorantura təhsili üzrə də seçim meyarları üzərində iş gedir”.
Azərbaycan müəllimlərinin qurultayı keçirilib
Noyabrın 28-də Azərbaycan müəllimlərinin növbəti qurultayı keçirilib. Təhsil işçilərinin sayca XV qurultayına ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb.
Təhsil Nazirliyi və “Clarivate Analytics” əməkdaşlığı yeni mərhələdə
Dekabrın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Clarivate Analytics” arasında əməkdaşlığın yeni mərhələsinə start verilib. Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən mərasimlə başlanan yeni mərhələdən gözləntilər də böyükdür. Belə ki, 2015-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında Azərbaycan ali təhsil müəssisələrinin dünyanın ən böyük elmi məlumat platformasına çıxışının təmin olunmasına dair 2015-2018 -ci illər üzrə birgə əməkdaşlığı özündə ehtiva edən müqavilənin imzalanması ilə ölkəmizin 40 ali təhsil müəssisəsi dünyanın aparıcı jurnallarının, yüksək impakt faktorlu jurnalların elmi bazalarına, konfrans materiallarına, monoqrafiyalara çıxış əldə edib. Bu 3 illik fəaliyyət dövründə həyata keçirilmiş işlərin nəticəsidir ki, yüksək impakt faktorlu jurnallarda alimlərimizin dərc olunmuş məqalələrinin sayı 75 faiz artıb. Bu məsələdə ali təhsil müəssisələrinin artım dinamikası daha yüksək olub. Burada rəqəmlər 2 dəfəyədək artıb.
Yeni imzalanan müqavilə digər dillərdə olan region ölkələrinin də aparıcı bazalarına daxil olma imkanlarını özündə ehtiva edir. Azərbaycan hər bir təhsil müəssisəsinin fəaliyyətinin analitik təhlilini aparmağı nəzərdə tutan InCites platformasına çıxış imkanlarına da sahib olur. *** 2018-ci ilin çoxsaylı təhsil hadisələrinin sırasından “Azərbaycan müəllimi” öz versiyasında 5 faktı xüsusi diqqətə çatdırdı. Təhsil ictimaiyyətinə növbəti ildə yeni nailiyyətlərə imza atmaq arzusu ilə uğurlar arzulayırıq.
Ruhiyyə DAŞSALAHLI
|
|
28.12.2018 | 09:30 | |
|
|
|