Metodiki mərkəz, metodiki kabinet, yoxsa,Təlimə Dəstək Mərkəzi ?

Hörmətli redaksiya, uzun illər çalişdığım bir sahə olduğu üçün bu mövzuda fikirlərimi oxucularla bölüşmək istərdim.

        

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində Təlimə Dəstək Mərkəzi, Gəncə və Sumqayıt Şəhər təhsil İdarələri nəzdində metodiki mərkəz, digər  rayon və şəhər təhsil şöbələri nəzdində metodiki kabinet adı ilə eyni əmək funksiyasını yerinə yetirən, eyni məqsədə xidmət edən bir qurum fəaliyyət göstərir. Sovet dövründən bəri dəfələrlə adı dəyişsə də məzmununda əsaslı dəyişiklik görünməyən bu qurum ya “Azərbaycan Respublikasında  Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulduğu kimi yeni məzmuna, yenidən qurulmuş idarəetmə sisteminə, cəmiyyətin tələbinə uyğunlaşdırılmalı, ya da ləğv edilməlidir.

        

Bir qurumun 3 adda fəaliyyət göstərməsi nə dərəcədə doğrudur ?

        

Metodiki kabinetlər 1994-cü ildə Təhsil nazirinin əmri ilə metodiki mərkəz adlandırılıb və əsasnaməsi təsdiq edilib. 2002-ci ildə əsasnamə yenidən hazırlanıb yeni əmrlə metodiki kabinet adlandırılıb. Əmək funksiyalıarı dəyişilməz olaraq qalırsa, deməli, məzmun da dəyişməyib.

        

Yeni əsasnamə ilə bu qurumun əmək funksiyaları azalıb ki, artmayıb. əsasnamələri müqayisə etsək daha çox faktlar taparıq. Mən yalnız ikisini misal göstərirəm.

       

Əsasnamədə metodiki mərkəz təhsil şöbəsinin dövlət-ictimai xarakterli təşkilati metodik struktur bölməsi kimi, metodiki kabinet isə təhsil şöbəsinin işçi orqanı kimi göstərilmişdir.     

       

Metodik mərkəzin əsasnaməsində göstərilir ki, “Metodiki mərkəz pedaqoji işçilərin attestasiyadan keçirilməsi işini təşkil edir və həyata keçirir”. Metodiki kabinetin əsasnaməsində isə “pedaqoji kadrların attestasiyasından keçirilməsində təlim-tərbiyə müəssisə rəhbərlərinə zəruri kömək göstərir”.

       

Mənim fikrimcə, biz bütün respublika üzrə metodiki mərkəz adını saxlamaqla əsasnaməyə təhsil müəssisələrində metodiki kabinetlərin yaradılmasını və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin metodkabinetlərə ictimai əsaslarla rəhbər təyin edilməsini, bütün metodbirləşmələrin buradan idarə olunmasını daxil edə bilərdik.

      

Onu da qeyd edək ki, şəhər (rayon) təhsil şöbələrinin özlərinin sturukturunda da ciddi dəyişikliyə ehtiyac duyulur. Ərazi Maliyyə Hesablaşma Mərkəzləri yarandıqdan sonra texniki heyəti nəzərə almasaq, təhsil şöbəsində müdir, müavin, 3-5 məsləhətçi var. Metodik kabinetdə isə metodistlərin sayı müəllimlərin sayına görə müəyyən edildiyindən ümumi əməkdaşların sayı, təhsil şöbəsindəkindən çoxdur. Məsləhətçilər də metodistlər də təhsil şöbəsinin işçisidir. Eyni yerdə, eyni iş yükünü paylaşaraq fəaliyyət göstərirlər. Bir termin kimi  dilimizin lüğət tərkibinə daxil olmuş, inzibati amirlik əhvalı aşılayan inspektor sözünü məsləhətçi sözü ilə əvəz etmişik. Bu ifadə metodist sözünə daha yaxındır.  Bəs, nə üçün məsləhətçi dövlət qulluqçusu hesab edilir, metodist yox ?

      

Metodistin 1 oklad iş yükü 231 manatla dəyərləndirilir. Əmək haqqının 21,1 faizini də tutulmalara çıxsaq, metodist 206 manat əmək haqqı alır.                       

      

Onlara yaradılan şəraitə nəzər salaq.  Metodist diaqnostik qiymətləndirmədən keçib əmək haqqını artırmaq üçün gedib ucqar kənd məktəbində yaranmış vakant yerdə işləməli və bunun üçün tutduğu vəzifədən imtina etməlidir.

      

Bunu kim edər ?

      

Yaxud, əlavə dərs aparmaq üçün iş yerinə yaxın olan rayon mərkəzində vakansiya yaranmalı, ehtiyac olmalıdır. Bu da yoxdur. Deməli, metodistin ona yaradılmış şəraitdən istifadə imkanı məhduddur.

      

Metodistlər rayonun, şəhərin qabaqcıl müəllimləri arasından seçilir. İxtisasca müəllim deyilsə, ondan metodist olmaz. İxtisası üzrə dərs aparmağa şərait yaradılmır. Özü dərs aparmayan metodist müəllimə pedaqoji prosesdə hansı köməyi göstərə bilər?

      

Hansı məntiqlə metodist- direktorlara metodiki kömək edən şəxs direktorların işə qəbulu müsabiqəsinə buraxılmır ?

      

Təhsili yerli idarəetmə orqanında işləyən şəxs məktəb direktoru ola bilməz ?                                                          

      

Metodist rayonun bütün təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur. Dərs dinləyir, nümunə dərsi deyir, müəllimin pedaqoji fəaliyyətinə istiqamət verir.            

      

Təhsil sahəsində çalışan bütün kateqoriyadan olan işçilərin əmək haqqı artırıldı.  Bəs, metodiki kabinetlərin, mövzudan kənara çıxsaq da məktəb psixoloqlarının, uşaq birliyi təşkilati rəhbərlərinin əmək haqqı necə? Artmaq əvəzinə azaldı. 12 saat dərs yükünü itirən metodistin, UBTR və ya psixoloqun əmək haqqı 50 faiz azalıb.

      

Sovet dövründən son illərə qədər psixoloq da, UBT rəhbəri də ixtisasca müəllimdirsə, ixtisasları üzrə dərs aparmaqla əmək haqlarını artırmışlar. İndi isə psixoloqlar və UBT rəhbərləri uzun illər ixtisasları üzrə dərs aparsa belə, diaqnostik qiymətləndirməyə buraxılmırlar. Bu o deməkdir ki, onlar dərs də apara bilməzlər.

      

Respublikamızda UBT rəhbəri ixtisası üzrə ali təhsilli kadr hazırlayan məktəb olmayıb, indi də yoxdur. Əgər bu təşkilat təhsilə lazımdırsa, pedaqoji ali təhsil müəssisələrində onlar üçün ixtisaslı kadrlar hazırlanmalıdır.

        

Psixoloqlar barədə fikirlər müxtəlifdir.   Kimi təklif edir ki, 1000-1500 nəfər şagirdlə bir psixoloq necə işləyə bilər ? Məktəbdə onların sayını artırmaq lazımdır. Kimi isə onların heç bir iş görmədiklərini deyir.

        

Məktəb psixoloqları pedaqoji ali təhsilli insanlardır. “Həyat bilgisi” ixtisaslı kadr olmayan bir fəndir. Təcrübədə 3-5 günlük təlimlərlə biz ixtisaslı kadrları olmayan fənləri tədris etməyə icazə vermişik. İndi niyə bu praktikadan istifadə olunmur ?

        

Psixoloqları 60 saatlıq bir təlimə cəlb edib onlara “Həyat bilgisi” fənnini tədris etmək hüququ verilməklə problemlərini qarşılamaq olmazmı ?

       

Müəllimə, direktora metodiki kömək edənin, yol göstərənin, təşkilatlanmanın bünövrəsi hesab edilən Uşaq Təşkilatına rəhbərlik edənin, yüzlərlə şagirdə psixoloji dayaq duranın əmək haqqı müəllimdən də direktordan da qat-qat aşağıdır.  Lazımsız fəaliyyət sahələridirsə, gözlənilən nəticəni vermirlərsə, gəlin onların fəaliyyətini dayandıraq və ya onlar üçün daha səmərəli yollar axtaraq.      

       

Təklif edərdim ki, bir təşkilati metodik struktur kimi regionlarda metodiki kabinetlər ləğv olunsun. Həmin əmək haqqı fondu daxilində şəhər təhsil şöbələrinə birləşdirilsin. Şəhər (rayon) təhsil şöbələrinin metodiki işlər üzrə müavini və təmayül fənlərinə üstünlük verməklə məsləhətçilər təyin edilsin. Bu cür yanaşma ilə təhsil şöbəsi işçiləri arasındakı fərqi də aradan qaldırmaq mümkündür.

        

Metodiki kabinetin başlıca vəzifələrindən biri pedaqoji kadrların ixtisasının artırılmasıdır. İxtisasartırmanın hazırda tətbiq olunan modeli əvvəlkindən həm insanların rahatlığı, həm də dövlət vəsaitinə qənaət baxımından çox sərfəlidir. Təsəvvür edin, indi 600-700 manat maaş alan müəllimi aylıq kursa göndərsək, üstəlik ona əlavə ezamiyyə xərci də ödəsək, 1 nəfərin xərci 1500 manatdan çox edər.

        

Mən məsələnin başqa bir tərəfinə-İxtisasartırma kurslarında dərs aparan təlimçilərin hazırlanmasına diqqəti cəlb etmək istərdim.

        

Təlimçilər orta məktəb müəllimləri, müxtəlif hazırlıq kurslarında məşğələ aparan müəllimlərin sırasından seçilir. Onlar hər rayonun öz metodistlərindən, müəllimlərindən seçilə bilməzmi?  Rayonun müəllimləri arasında diaqnostik qiymətləndirmədə ixtisası üzrə 40 bal toplayanlar, “Ən yaxşı müəllim”  müsabiqəsinin qalibləri, elmlər namizədləri fəaliyyət göstərir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu hər rayondan İKT bacarığı olan belə qabaqcıl müəllimləri, metodistləri təlimlərə cəlb edib sərbəst hazırlaşmaları üçün plan-proqram verər və müəyyən dövrdən sonra mərkəzləşmiş qaydada elektron vasitələrlə imtahan edib sertifikatlaşdıra bilər. Başqa ərazidən göndərilən təlimçilərə ödənilən ezamiyyə xərci də dövlətə qalar. Təlimlərə nəzarəti Təhsil Nazirliyi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və yerli təhsil şöbələri həyata keçirə bilər.

        

Bu günün müəllimi maraqlı tərəf kimi öyrənməyə çalışır, kursdan yayınmağa meyilli deyil, olsa belə elektron vasitələrlə səmərəli nəzarət mexanizmi hazırlamaq mümkündür.

        

İxtisasartırma bu qaydada təşkil olunarsa, qeyri-hökumət təşkilatına verilən vəsait də Təhsil Nazirliyinə qalar və həmin vəsait metodiki sahəyə yönəldilə bilər.  Elektron lövhənin, təhsil robotunun nə olduğunu bilməyən məktəblərin hər birini lövhə   və robotla təmin etmək olar və ya digər resursların hazırlanması həyata keçirilə bilər.

       

Son illər təhsilin müxtəlif sahələrində aparılan yeniliklər öz bəhrəsini verir və bunu cəmiyyət dəyərləndir. Odur ki, gəlin dəyişikliklərdən çəkinməyək. Yeniliklərin tətbiqi bitdiyi gün təhsil inkişafdan dayanır.

       

Bu çətin, şərəfli yolda hamıya uğurlar arzu edirəm.

                                                                                

Xaləddin Niftəliyev,

Yevlax ŞTŞ Metodkabinetinin direktoru,  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” 



25.12.2018 | 15:21