AzTU-nun əlaçı tələbələrinə Fəxri fərman təqdim edilib | |
Martın 16-da Azərbaycan Texniki Universitetində (AzTU) qış semestrində əlaçı olan , eyni zamanda öz fakültəsi və kursu üzrə ən yüksək ortalama bal yığan tələbələrlə rektor əvəzi, professor Xalıq Yahudovun görüşü keçirilib.
Universitetdən verilən məlumata görə, görüşdə rektor əvəzi Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından söz açıb. Bildirilib ki, AzTU-da yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün hər cür şərait yaradılıb. Əlaçıların təbliği universitetdə bir ənənə olaraq davam etdiriləcək. Rektor əvəzi hər fakültə və həmin fakültənin hər kursu üzrə ən yüksək ortalama bal yığan tələbələrin 1 ay ərzində ictimai müzakirələrə də təqdim olunduğunu söyləyib. Belə ki, tələbələrin bal göstəricisi və fotoşəkilləri universitetin 21 minlik feysbuk səhifəsində (https://www.facebook.com/AzTUFAN/) yayımlanaraq ictimai müzakirəyə çıxarılıb.
Xalıq Yahudov AzTU-da, ümumiyyətlə Azərbaycan ali təhsil müəssisələrində ilk dəfə olaraq keçirilən bu bilik yarışmasının qaliblərinin gələcəkdə Fəxri fərmanla yanaşı, pul mükafatı ilə də mükafatlandırılacaqlarını qeyd edib.
Görüşdə çıxış edən fakültə dekanları 9 min tələbənin arasından hər fakültə üzrə 4 tələbənin seçilərək ictimaiyyətə təqdim olunmasını və bu yolla sağlam rəqabətin formalaşdırılmasını, eləcə də bilikli, savadlı gənclərin irəli çəkilməsini, onların tanınmasını müsbət hal kimi qiymətləndiriblər. Qeyd olunub ki, imtahan nəticələri yüksək olanların təbliği digər tələbələrin də təhsil müvəffəqiyyətlərinin artmasına təkan verəcək.
Sonda tələbələrə Fəxri fərmanlar təqdim edilib.
Samirə KƏRİMOVA
|
|
16.03.2018 | 17:45 | |
|
|
|