Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərin səfəri

Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

 

Tvinninq layihəsinin “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı dördüncü komponenti  çərçivəsində Azərbaycana gələn ekspert qrupuna Fransanın Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyinin milli təhsilin və tədqiqatın idarə edilməsi üzrə baş müfəttişi Mari-Odil Ott, Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktor müavini Aureliya Valeikiene və Latviyanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya şöbəsinin müdir müavini Yolanta Silka daxildir.  

 

Səfərin məqsədi ölkənin ali təhsil sistemi ilə bağlı qanunvericilik sənədlərinin nəzərdən keçirilməsi, həmin sənədlərin Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatları (ESG) ilə uyğunluğunun təmin edilməsi üçün tövsiyələrin verilməsidir.  

 

Missiya çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin, eləcə də Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları ilə görüşlər keçirilib, “Ali təhsilin dövlət standartı” adlı çərçivə sənədinin və akkreditasiya qaydalarının yeni layihələri müzakirə edilib.  

 

Missiyanın yekununda nəzərdən keçirilən qanunvericilik sənədlərinin Avropa təcrübəsinə uyğunlaşdırılması üzrə tövsiyələrin əks olunduğu hesabatın təqdim olunması gözlənilir. 

 

Qeyd edək ki, “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.

 



24.12.2018 | 16:06