"CanSat Azərbaycan 2019" müsabiqəsi elan edilib

Təhsil Nazirliyi və “Azərkosmos” ASC tərəfindən “CanSat Azərbaycan 2019” milli tələbə model peyk müsabiqəsi elan edilib.

 

“CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqənin keçirilməsi tələbələrin radiotexnika, mexanika, elektronika sahələri üzrə baza biliklərinin inkişafına, onlara kosmik sənayeyə asan çıxış imkanının verilməsinə xidmət edir.

 

Müsabiqədə elektronika, mexanika, proqramlaşdırma və kommunikasiya üzrə bilik və bacarıqlara malik, bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər. Müsabiqədə qeydiyyatdan keçən komandalar bir tələbənin komanda kapitanı seçilməsi şərti ilə minimum 3, maksimum isə 6 nəfərdən ibarət ola bilər. Komanda üzvləri eyni təhsil müəssəsində təhsil almalıdır.

 

Müsabiqədə iştirak etmək istəyən tələbələr http://cansat.az/registration keçidi vasitə ilə dekabrın 28-dək qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqədə uğurla çıxış edən tələbələr “Azərkosmos” ASC-də təşkil olunan təcrübə proqramında iştirak etmək, dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər Qaliblərə beynəlxalq “CanSat” müsabiqəsində iştirak edəcəkləri təqdirdə “Azərkosmos” tərəfindən texniki dəstək də göstəriləcək.

 

Müsabiqə haqqında daha ətraflı məlumatı http://cansat.az/ saytından əldə ermək mümkündür.

 



21.12.2018 | 17:10