Nəsillərin varisliyi: uğurlar davam edir | |
Vaxtilə zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayev Azərbaycan musiqisinin dünya mədəniyyəti xəzinəsinə qovuşması prosesindən danışaraq deyirdi ki, “Başqalarının əsrlərlə keçdiyi yolu biz onilliklər ərzində adlamışıq... Biz dünyanın bir hissəsiyik, bizim bugünkü işimiz ümumbəşəri işin bir hissəsidir”. Həqiqətən də Avropa ölkələrində əsrlər boyu formalaşmış bəstəkarlıq və ifaçılıq məktəblərinin tarixi ilə müqayisədə Azərbaycanda bu inkişaf daha gec başlasa da, vüsətli olmuşdur.
100 illik yubileyini qeyd etmək ərəfəsində olduğumuz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycanda musiqi incəsənətinin bütün sahələri kimi, fortepiano ifaçılığı məktəbinin də inkişafı üçün zəmin olmuşdur.
Azərbaycan fortepiano məktəbinin nailiyyətləri illər boyu, pillə-pillə əldə olunaraq, respublika səviyyəsindən dünya arenasına çıxmışdır. Burada nəsillərin varisliyini də qeyd etməliyik. Yarandığı vaxtdan Azərbaycan Dövlət Konservatoriyasında, indiki Bakı Musiqi Akademiyasında musiqi sənəti üzrə dəvət olunmuş görkəmli pedaqoqlar çalışmış, respublikada pianoçuların və digər ixtisaslar üzrə musiqiçilərin yetişməsinə rəvac vermişlər. Məhz belə möhkəm təməl üzərində bu gün qürurlandığımız ifaçılıq nəsilləri yetişmişdir. Əlbəttə ki, bugünkü nəsil üçün bütün bunlar bir örnəkdir.
Ən böyük örnək isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin simasında təcəssüm olunmuşdur. İlk azərbaycanlı beynəlxalq müsabiqələr laureatı olan dünyaşöhrətli pianoçu Fərhad Bədəlbəylinin Bakı Musiqi Akademiyasına rəhbərliyi müəllim və tələbələri ruhlandıraraq, zirvələrin fəthinə səsləyir.
Bu gün Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti sırasında onlarla beynəlxalq müsabiqə laureatı vardır. Yeni pianoçu nəsilləri məhz bu möhkəm təməl üzərində yetişərək, yeni nailiyyətlərlə musiqi mədəniyyətimizi zənginləşdirirlər.
Tələbə musiqiçilərimizin uğurları çoxdur. Mütəmadi olaraq, biz gənc pianoçularımızın nüfuzlu beynəlxalq müsabiqələrdə iştirakının xəbərini alırıq. Təbii ki, bu, bizi çox sevindirir. Çünki hər bir ifaçının qazandığı qələbə bizim ifaçılıq məktəbimizin qələbəsidir və biz müəllimlərin fəxridir.
Mən sizə sonuncu uğurdan danışmaq istəyirəm.
Bu il 26-29 noyabr tarixlərində Çex Respublikasının Praqa şəhərində təşkil olunmuş gənc ifaçıların XV Beynəlxalq Art-DUO Musiqi Festivalı çərçivəsində keçirilən beynəlxalq müsabiqədə pianoçularımız qalibiyyət qazanmışlar. Onu deyim ki, festivalın təşkilatçısı Praqada yerləşən Rus Mədəniyyət Mərkəzidir. Müsabiqə iştirakçıları 7 bölmə üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Hər bölmədə yarış 10 yaş kateqoriyasında aparılıb. Bu da çox müxtəlif yaş həddində olan musiqiçiləri - kiçikdən böyüyə (7-8 yaşından 35 yaşına qədər) əhatə edib.
Qeyd etmək lazımdır ki, bu müsabiqənin çevrəsi kifayət qədər böyükdür. Azərbaycan, Rusiya, Çexiya, Qazaxıstan, Serbiya, Polşa, Belarus və Fransadan 150-dən artıq musiqiçini öz ətrafına cəmləyən festivalda pianoçuların üstünlüyü diqqəti cəlb edir. Bu il 70 nəfərdən artıq gənc pianoçu festivalda iştirak edib ki, bu da həmin beynəlxalq tədbirin əhəmiyyətinin və miqyasının göstəricisidir. Festival çərçivəsində keçirilən pianoçuların müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri də iştirak ediblər.
Festivalın münsiflər heyəti Avropa və Asiya ölkələrindən olan tanınmış musiqiçilərdən təşkil olunmuşdu. Piano bölməsi üzrə münsiflər heyətinin sədri rusiyalı musiqiçi, professor Rustam Şaykutdinov idi. Münsiflər heyətinə Çex Respublikasından İrina Parker, Fransadan Filip Argenti, Serbiyadan Draqomir Bratis, Rusiya və Çex Respublikasının təmsilçisi Filip Subbotin daxil idi.
Art-DUO Beynəlxalq Musiqi Müsabiqəsində gənc musiqiçilərimiz piano bölməsi üzrə müxtəlif yaş kateqoriyalarında böyük uğurla çıxış ediblər. Onların sırasında həm qaliblər, həm də müxtəlif mükafat qazananlar vardır. Belə ki, Vüsalə Babayeva ümumi müsabiqə üzrə Qran-Pri və öz kateqoriyasında I, Suada Hacızadə II, Alp Əliyev III yerlərə layiq görülüblər.
Münsiflər heyəti tərəfindən pianoçularımızın istedadı, yüksək ifaçılıq qabiliyyəti, professionallığı və ifa texnikası xüsusi qeyd olunub.
Müsabiqənin konsertləri Praqanın - “The Crystal Concert Hall” (“Kristal konsert zalı”), “The Grand Concert Hall” (“Böyük Konsert zalı”) kimi iri konsert salonlarında keçirilib. Pianoçularımızın çıxışları rəğbətlə qarşılanıb və layiqincə dəyərləndirilib.
Burada önəmli olan cəhətlərdən birini qeyd etmək istərdim ki, bu da müəllim əməyinin bəhrəsidir. Vüsalə Babayeva professor Nərminə Quliyevanın, Suada Hacızadə professor Samirə Aşumovanın, Alp Əliyev professor Lalə Rzayevanın tələbəsidir.
Əlbəttə ki, tələbə yetişdirmək çox şərəfli bir işdir. Burada nəsillərin varisliyi də mühüm rol oynayır. Gənc ifaçıların musiqi zövqünün formalaşmasında, istedad rüşeymlərinin inkişaf etdirilərək yetişməsində sənətə vəsiqə verən musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür. Çünki tələbənin professional musiqiçi kimi yetişməsi məhz ixtisas müəllimindən, geniş mənada isə musiqi ocağındakı təhsilin səviyyəsindən, tədrisin ixtisas və nəzəri fənlər baxımından kompleks şəklində məqsədyönlü xarakter daşımasından çox asılıdır. Bütün bunlar, əlbəttə ki, Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbə kollektivinin yüksək göstəriciləri, nailiyyətləri kimi təqdirəlayiqdir.
İnanırıq ki, Bakı Musiqi Akademiyasının bugünkü fəaliyyəti, müstəqil respublikamızın musiqi mədəniyyətinin yüksəldilməsi naminə əməyini əsirgəməyən, Azərbaycan incəsənətini irəli apara biləcək professional musiqiçilərin hazırlanmasını özünün vətəndaşlıq borcu hesab edən müəllim kollektivinin səyi ilə daha da genişlənəcəkdir.
Azərbaycan professional musiqi təhsilinin bünövrəsi olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yarandığı dövrdən bu günə kimi məhz professional milli musiqiçi kadrların yetişdirilməsində böyük xidmətləri vardır. İllər boyu onun məzunlarının adı respublikamızın qabaqcıl mədəniyyət xadimləri sırasında, Bakı Musiqi Akademiyasının tələbə və müəllim kollektivinin ön cərgəsində çəkilir, həmçinin, onların xoş sorağı xarici ölkələrdən gəlir.
Sonda doğma ocağımız olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kollektivini, professor-müəllim heyətini, təbələrini qazandıqları qələbələr münasibətilə təbrik edir və yeni uğurlar arzulayıram.
Cəmilə HƏSƏNOVA, sənətşünaslıq üzrə elmlər doktoru, professor
|
|
23.12.2018 | 10:22 | |
|
|
|