Azərbaycan dilində təmiz danışa bilirikmi? | |
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı Bakı Slavyan Universitetində geniş müzakirə edilmiş, fərmanda göstərilən mühüm məsələlər universitetin professor-müəllim və tələbə heyətinin nəzərinə çatdırılmışdır. Bu fərman bir daha göstərir ki, Azərbaycan dili ən yüksək səviyyədə qorunur və ona qayğı daim diqqət mərkəzindədir.
Fərmanın müddəalarından çıxış edərək məni düşündürən bəzi məsələləri oxucularla bölüşmək istərdim.
Çoxsaylı türk dillərinin bir qolu olan Azərbaycan dili bu dillərdən öz incəliyi və zərifliyi ilə seçilir. Bu dildə danışanlar Azərbaycanda, İranda, İraqda, Türkiyədə, Gürcüstanda, Rusiyada, Ukraynada, Suriyada, Qazaxıstanda və digər Asiya ölkələrində yaşayırlar. Dünyada bu dildə təxminən 50 milyona yaxın insanın danışdığı qeyd olunur. Azərbaycan dilini öyrənməyə başlayan məşhur rus şairi M. Y. Lermontov hələ XIX əsrdə Qafqazda olarkən bu dilin regionda və Orta Asiyada əhəmiyyətini qeyd edərək, onu Avropada fransız dili ilə müqayisə etmişdir. Tarixin müəyyən dönəmlərində Azərbaycan dili yüksək inkişaf səviyyəsinə çatmış və dövlət dili vəzifəsini yerinə yetirmişdir. O, bu gün də Azərbaycan Respublikasının dövlət dilidir.
Bəs dil mədəniyyəti nədir? Elə deyilənlər dil mədəniyyətinə də aiddir. Dil mədəniyyəti nitq mədəniyyətidir. Nitq mədəniyyəti dilin fonetik, leksik, morfoloji, sintaktik və üslub normalarına əməl edilməsidir. Əgər biz şəkərə pesox, yaxud pəsoy, qələmə ruçka, yaxud ruşqa deyiriksə, nitq mədəniyyətini kobud şəkildə pozmuş oluruq, çünki burada nitq mədəniyyətindən əsər-əlamət yoxdur.
Dilin ən ali nöqtəsi ədəbi dildir. Ədəbi dil cilalanmış dildir, sadə dildə desək, dilin qaymağıdır. Təhsil görmüş hər bir adam ədəbi dilin daşıyıcısı sayılır. Belə adamlar ədəbi dildə danışmağa borcludurlar. Nitq mədəniyyəti və ya ədəbi dil təhsil illərində formalaşır. Bu proses bağçadan başlayaraq ali məktəbə qədər davam edir. Proses iştirakçıları oyrənən və öyrədəndir. Öyrədənin məsuliyyəti daha çoxdur. Ədəbi dil normaları şagirdlərə tədricən aşılanmalıdır. Sinifdən sinfə keçdikcə şagirdin nitq mədəniyyəti təkmilləşməlidir.
Bu hala böyüklərin də nitqində rast gəlinir. Söhbət Azərbaycan dilində tam qarşılığı olan sözlərin rusca deyilməsindən gedir (astanovka, atverka, kusaçka, smes, kaşa, balkon, şkaf, karidor, pol, patalok, balnisa, pensiya, stipendiya, stalova və b. k.). Əgər ərzaq mağazasında satıcıya desəniz ki, mənə bir kilo şəkər çəkin, o, başa düşməyəcək, ya da qənd çəkəcək, “pesox” deyəndə isə hər şey aydın olacaq.
Şagird nitqində tələffüz səhvlərinə də tez-tez rast gəlinir, məsələn, isim sözünü isim kimi (vurğu birinci hecada) deyirlər. Bu cür tələffüz universitet auditoriyalarına qədər gəlib çıxır.
Məktəb illərində şagirdlərin ədəbi dilə əsaslanan səlis nitqi tam qaydaya düşməlidir. Onların ədəbi dil, nitq mədəniyyəti, tələffüz qaydaları, şivələr, üslubiyyat və s.-dən məlumatları olmalı, ədəbi dillə şivələrin, ana dili ilə əcnəbi dillərin fərqinə varmalıdırlar. Əks halda hər kəs hər yerdə xitabət kürsülərindən öz doğma dialektində danışacaq.
Təvəkkül ŞÜKÜRBƏYLİ, filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universiteti “Lüğət mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri |
|
21.12.2018 | 14:29 | |
|
|
|