Astenik uşaqlar | |
Astenik uşaq kimdir? Astenik problemlər sinir sisteminin və orqanizmin spesifik xüsusiyyətləri ilə sıx bağlıdır. Bu, uşaqların tez yorulması, onların şəxsiyyət olaraq bir neçə keyfiyyətinin formalaşmasında problemlər yaranmasına səbəb olur. Asteniklər, yəni tez yorulan uşaqlar, başqalarına nisbətən daha tez küsür, inciyir. Hər hansı kobud davranış nəticəsində onların özgüvənlərini aşağı salmaq çox asan olur.
Asteniklər xoşniyyətlidirlər. Yəni qarşıdakı yaşıdlarına ziyan vermir, onların qəlbini qıracaq hər hansı hərəkət etmirlər. Onlar həmçinin duyğularını yaxşı ifadə edə bilmirlər. Paralel olaraq həm də özlərinə qapanıq insanlardır. Asteniklər ünsiyyətdən qaçmağa meyillidirlər.
Necə davranmalı?!
İlk növbədə, uşağa özünə daha çox güvənmək hissini təlqin etmək vacibdir. Uşaqla ünsiyyət zamanı aşağılayıcı, qorxuducu, qəlbinə toxunacaq ifadələrə yol vermək olmaz. Uğurlarında onları tərifləmək, səhv hərəkətlərində qəlbə toxunmayan sözlərlə başa salmaq lazımdır. Belə olan halda astenik uşaq ailə daxilində, cəmiyyət arasında, o cümlədən məktəbdə münasibətləri balanslaşdıra biləcək. Onunla münasibətlərdə harmoniya yaranacaq.
Ailədaxili mübahisə və münaqişə bütün uşaqlara pis təsir edir. Amma astenik uşaqlarda bu gərginlik ikiqat mənfi təsir yaradır. Münaqişəli ailədə yaşayan astenik uşaq özünəqapanmadan son dərəcə çətin çıxır. Bəzi hallarda bu, ümumiyyətlə, mümkünsüzdür. O üzdən ailəsində astenik uşaq olan valideynlər mütləq qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamağı vərdiş etməlidirlər.
Yuxarıda da qeyd etdik ki, astenik uşağı incidib küsdürmək çox asandır. Bu keyfiyyətlərini onlara güzəştə getmək olmaz. Belə uşaqlara izah etmək lazımdır ki, küsəndə də, barışanda da xarakterləri və münasibətlərini özləri tənzimləsinlər. Beləliklə, zamanla hər şey qaydasına düşəcək.
Daha çox dinləyin
Onu dinləyərkən müxtəlif jestlərdən, səs tonallığı ilə reaksiyalardan istifadə edin. Uşağın hər hansı sualını anlamadığınız halda, ona təkrar suallar verin. Qoymayın ki, o, diqqətsiz qaldığını düşünsün. Eyni zamanda, uşaq danışdıqca onu eşitdiyinizi qısa sözlər və ya jestlərlə reaksiya verin. Belə olduğu halda uşaq özünəqapanma hissindən azad olacaq.
Asteniklərlə valideyn olaraq hiss və duyğularınızda rahatlıqla danışa bilərsiniz. Onun harasa getməsi və ya getməməsinin səbəbləri haqda mütləq özü ilə söhbətlər aparmaq, qərarın səbəbini izah etmək lazımdır. Bütün bu sadalananları elədikcə, siz həm də astenik uşağa yaxşı nümunə ola bilirsiniz. O, evdə gördüyü xoş ünsiyyəti başqaları ilə münasibətdə tənzimləməyə çalışır.
Qorxu hissi
Siz onlara qorxu hissini yenməyə dəstək olmalısınız. Bəs bunu necə etməli? Hər şeydən öncə, uşağa başa salmaq lazımdır ki, qorxunu yenməyin birinci şərti qorxduğu hər nədirsə onunla üz-üzə gəlməkdir.
Qorxunu yenməyin bir mexanizmi də relaksasiya tədbiri görməkdir. Məsələn, dərindən nəfəs alıb-vermək hərəkətini bir neçə dəfə təkrarlamaq, ya da əzələləri son dərəcə gərmək və boşaltmaq lazımdır. Bu kimi relaksasiya hərəkətlərindən sonra astenik uşağın qorxu instinkti bir az da zəifləmiş sayıla bilər.
Sərbəstliyi və rahat olmağı öyrətmək
Uşaq özünə aid olan hansısa işi görə bilmək imkanındadırsa, qoyun etsin. Onda astenik uşağın məsuliyyət hissini tənzimləmiş olacaqsınız. Yəni uşaq artıq anlayacaq ki, evdə müəyyən işlərdən məhz o cavabdehdir. Bu, onun özgüvəninin möhkəmlənməsinə səbəb olacaq.
Asteniklərin daxili aləmi son dərəcə zəngin olur. Onlar həmişə xarici aləmdə baş verən çirkinliklərdən mənən gizlənməyə çalışırlar. Bu, onların müşahidə qabiliyyətini zəiflədə bilsə də, çox gözəl və zəngin daxili aləmləri olur. Belə olan halda onları konkret sahələr üzrə yetişdirmək mümkündür. Məsələn, asteniklər yaxşı araşdırmaçıdırlar.
Bütün hallarda isə hər şey sevgidən başlayıb, sevgidə bitir. O üzdən hər kəs daha yaxşı nəticə əldə etmək üçün ailəsini və övladını sevsin.
Nilufər İSMAYILOVA, “Məktəblinin dostu” layihəsinin psixoloqu |
|
21.12.2018 | 13:50 | |
|
|
|