Novruz gəlir, yaz gəlir | |
Artıq doğma Vətənimizin hər yerində Novruz böyük sevinclə, şən əhvali-ruhiyyə ilə qarşılanır. Hər yerdə səliqə-sahman yaradılır, təmizlik işləri aparılır, evlərdə səməni göyərdilir, paxlava, şəkərbura bişirilir, xonçalar bəzədilir. Milli bayramımız, baharın müjdəçisi Novruzu uşaqlar daha çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Hər il bu əziz bayram münasibətilə təhsil müəssisələrində də bir-birindən maraqlı, yaddaqalan mərasimlər təşkil olunur. Bu il də Novruzun gəlişini uşaqlar böyük sevinclə qarşılayırlar. Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində keçirilən Novruz şənliyində də uşaqlar sevincli anlar yaşadılar.
Məktəbin geniş və zövqlə bəzədilmiş dəhlizində “Köhnə və yeni Bakı” dekorasiyaları, qədim xalq sənəti nümunələri və dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi, təhsil ocağının fəaliyyətinin bəzi məqamlarını əks etdirən stendlər, nağıllarımızın personajlarının maketlərindən ibarət guşələr, Novruzun rəmzləri olan səmənilər, xonçalar var idi.
Zövqlə hazırlanmış akt zalında təşkil olunan mərasimdə məktəbin pedaqoji və şagird heyətinin üzvləri ilə yanaşı, Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, YAP-ın Xəzər rayon təşkilatının əməkdaşları və KİV nümayəndələri, çoxlu sayda qonaq, habelə valideynlər vardı. Meydanda dairəvi düzülmüş stolların üstünə növbənöv bayram şirniyyatı, səmənilər qoyulmuşdu. İnternat məktəbinin şagirdləri yerə salınmış xalçaların üstündə oturub müxtəlif adda bayram şirniyyatları hazırlayırdılar. Əvvəlcə məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə “Keçəlin saqqalı və Kosanın saçı” adlı tamaşa nümayiş olundu. Bütün Novruz şənlikləri kimi bu mərasimdə də ən şən anlar Keçəllə Kosanın çıxışları oldu. Sonra məktəbin istedadlı uşaqlarının ifasında bədii proqram nümayiş olundu. Proqramın bütün nömrələri, xüsusən də bahar qızın meydana gəlişi, fəslin şəninə söylədiyi şeir və mahnılar, Keçəllə-Kosanın məzəli dialoqu, ayrı-ayrı şagirdlərin ifaları, idman nömrələri bayram iştirakçılarında xoş ovqat yaratmaqla yanaşı sağlamlıq imkanları məhdud uşaqların sevincinə sevinc qatdı.
Növbə ilə səhnədə yer alan, bacardıqları qədər uşaqlara sevgi dolu xoş anlar yaşadan incəsənət nümayəndələri də ifaları və çıxışları ilə şənliyi daha da yaddaqalan və maraqlı etdi.
Şagirdlər Novruz bayramı haqqında nə bilirlər?
Maraqlıdır, görəsən internat məktəbinin şagirdləri Novruz bayramı haqda nə qədər məlumatlıdırlar? Şənlik zamanı onların bir neçəsi ilə söhbət edib fikirlərini öyrənməyə çalışdıq.
Novruz adət-ənənələri haqqında məlumat verən internat məktəbinin VI “b” sinif şagirdi Elvin Manafov bayram axşamlarında hər bir ailədə şadyanalıq, xoş sözlər danışıldığını söylədi və qeyd etdi ki, bu bayramda süfrələr bəzədilir, yeddi cür təam bişirilir, subay qızlar bir yerə yığılır, fala baxır və qapı pusurlar.
Məktəbin VI “b” sinif şagirdi Fəridə Dünyamalıyeva Novruz bayramını bütün bayramlardan çox sevdiyini dedi. Bildirdi ki, bu bayram xalqımıza zərdüştlük dövründən gəlib çıxıb. Xalqımız həmin dövrlərdə oda, suya, torpağa sitayiş edib və onları hər şeydən üstün tutub. Novruz bayramında süfrələrə şəkərbura, paxlava, qoğal, yeddi rəngə boyanmış yumurtalar, səməni düzülür.
II “b” sinif şagirdi Təmayə Aydəmirzadə isə çərşənbələr haqqında məlumat verərək dedi ki, bayramda dörd çərşənbə var: su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi. Hər bir çərşənbə öz xarakterik xüsusiyyətləri ilə həyatımıza yenilik, xoş əhvali-ruhiyyə gətirir.
II “b” sinif şagirdi Hüseyn Əliyevin ən çox sevdiyi adət isə bayram tonqallarının yandırılmasıdır. Bu vaxt Kosa və Keçəlin də tonqal başına gəlişi bayramı daha da maraqlı, yaddaqalan edir.
Sonra məktəbin VIII sinif şagirdi Bəxtiyar Salayev bizə Novruz bayramı haqqında məlumat verərək papaq atmaqdan çox xoşu gəldiyindən söhbət açdı. Dedi ki, elə çərşənbə axşamı qonşu uşaqlarla başqa məhəlləyə papaq atmağa getmişdim, onlar mənə bir evin qapısını göstərdilər ki, burada yaşayanlar papaqların içini ağzına kimi doldururlar. Mən də inanıb həmin evin pəncərəsindən içəri papaq atdım. Müəyyən vaxt gözlədim, lakin papaqdan xəbər çıxmadı. Heç demə, ev yiyəsi evdə yox imiş. Bu anda dostlarım mənə baxıb gülə-gülə dedilər ki, biz də papaqsız qalmışıq. İndi sən də düşdün bizim vəziyyətimizə, gəlin gedək tonqal üstündən hoppanmağa!!!
Nəhayət, məktəbin digər şagirdləri, şənliyin kosası Elxan Xamədli və keçəl Mərhəmət Xasıyev Novruz bayramının adətlərindən və ən sevimli işləri isə yumurta bəzəmək və səməni cücərtmək olduğunu bildirdilər.
Nəticədə məktəblilərlə aparılan söhbətlərdən şad olduq və biz də onların bayramlarını təbrik edib şadyanalıqla ayrıldıq.
6 nömrəli Respublika Xüsusi internat məktəbi
İnternat məktəbində “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. İnternat məktəbi 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.
K.Dadaşov bizimlə söhbətində qeyd etdi ki, məktəbdə nitq qüsurlu uşaqlar çoxluq təşkil edir. Həmin uşaqlar xəstəliklərinə uyğun şöbələr üzrə müalicə olunurlar. Məsələn, loqonevroz, kəkələmə və s. üzrə bölünürlər. Uşaqların qüsurları burada düzələndən sonra doqquzuncu sinifdən onlar təhsillərini ali məktəb və yaxud da kolleclərdə davam etdirirlər.
Rəşad ZİYADOV
|
|
16.03.2018 | 16:23 | |
|
|
|