Şərəfli ad, dəyərli peşə

Dünən ölkəmiz dünyanın müəllimlik peşəsinə verdiyi xüsusi dəyərin ifadəsi olan Beynəlxalq Müəllimlər Gününü növbəti dəfə qeyd etdi. Həmişə qəlbimizdə olan, yaddaşlarımızda yaşayan müəllimlərimizi bir daha xatırladıq və bu gün bu müqəddəs adı daşıyanlara öz sevgi və ehtiramımızı izhar etdik. Bir daha fərqinə vardıq ki, müəllimlik cəmiyyətdə xüsusi statusa malik peşələrdəndir və ona bu xüsusiliyi verən birbaşa və ya dolayısı ilə insanın rifahına xidmət edən digər peşələrdən fərqli olaraq müəllimin insanın özünü yetişdirməsidir.

Məhz elə buna görə də bütün dövrlərdə və cəmiyyətlərdə müəllimlik ən şərəfli peşə sayılıb, müəllim adı daşıyanlar haqqında ən gözəl sözlər deyilib. “Bizi yerdən göyə qaldıran”, qəlbimizə nur, beynimizə ziya verən, cəmiyyətin öz gələcəyini etibar etdiyi müəllimlər qarşısında nəinki sadə insanlar, hətta ən böyük dahilər, ən müqtədir fatehlər belə baş əyib, onların çətin, lakin əvəzsiz missiyasını yüksək qiymətləndiriblər. Hər kəsin, eləcə də özünün həyatında müəllimin əvəzsiz rolunu dəfələrlə qeyd edən böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev isə “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” fikri ilə müəllimliyi bütün sənətlərin fövqünə qaldırmaqla bunu bir daha təsdiq edib.

Məhz cəmiyyətdəki bu yüksək statusuna görə müəllimin nüfuzu məsələsi həmişə diqqət mərkəzində olub, müəllim kadrlarının hazırlığının keyfiyyətinin yüksəldilməsi dövlətin təhsil siyasətinin əsas  prioritetlərindən sayılıb. Təsadüfi deyil ki, son illər ölkəmizdə aparılan təhsil islahatlarının əsas istiqamətlərini müəyyənləşdirən, islahatyönümlü fəaliyyətə yeni nəfəs, yeni ruh verən  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığı, müəllim peşəsinin nüfuzunun yüksəldilməsi əsas strateji hədəf kimi öz əksini tapıb.

Qeyd edək ki, son illər Təhsil Nazirliyi tərəfindən həmin hədəflərin reallaşdırılması istiqamətində bir sıra addımlar atılıb ki, onlardan da biri müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsidir.

 

Ölkə üzrə bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçib

 

Müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirilib üzə çıxarılması, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün optimallaşdırılması, aylıq vəzifə maaşlarının artırılması, nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi məqsədləri ilə keçirilən proses 2015-ci ildə start götürüb və bu ilin mayında başa çatıb. Bakı məktəbləri müəllimlərinin cəlb olunması ilə başlayan diaqnostik qiymətləndirmə 3 il ərzində mərhələlərlə həyata keçirilib və Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində çalışan, demək olar ki, bütün müəllimləri əhatə edib. Tədrisin keyfiyyətinin yüksəldilməsində müəllimlərin bilik və bacarıqlarının artırılması mühüm əhəmiyyət kəsb etdiyindən diaqnostik qiymətləndirmədə əsasən onların ixtisas və metodika üzrə bilik və bacarıqları yoxlanılıb.

Diaqnostik qiymətləndirmənin ən mühüm nəticəsi isə, şübhəsiz, müəllimlərin əməkhaqqının artması olub. Belə ki, Prezidentin “Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin dərs yükü norması 1,5, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Beləliklə, təkcə 2016-cı il ərzində maaş artımı 91 min müəllimə şamil olunub. Bu il diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin isə maaşları 2018-ci ilin yanvarından artırılacaq. Nəticədə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı hazırda 440 manat təşkil edir ki, bu da ölkə üzrə müvafiq göstəriciyə yaxındır.

Diaqnostik qiymətləndirmə zamanı əla və yaxşı bal toplayanlarla yanaşı, müəyyən olunmuş minimum baldan az nəticə göstərən müəllimlər də olub ki, hazırda onların inkişafetdirici təlimlərə cəlb olunması istiqamətində işlər aparılır.

 

47000-dən artıq namizəd, 8000-dən çox vakant yer

 

Təhsil Nazirliyinin bilikli, bacarıqlı, səriştəli müəllimlərin seçilib ümumtəhsil müəssisələrində işə göndərilməsi istiqamətində son illər atdığı və geniş ictimaiyyət tərəfindən dəstəklənən addımlar da nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəldilməsinə, cəmiyyətdə müəllimin nüfuzunun artmasına yönəlib. Bu məqsədlə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqə ildən-ilə təkmilləşdirilir.

Məhz bunun nəticəsidir ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə əvvəlki illərdəkindən çox - 8000 vakant yer çıxarılmışdı. Müəllim işləmək istəyənlərin də sayı ötən illərlə müqayisədə çox idi. Müsabiqəyə 47000-dən çox namizəd qatılmışdı. Ötən il bu rəqəm 34 min olmuşdu. 47000  nəfərdən 40 minə yaxını müsabiqənin test mərhələsində iştirak edib, onlardan daha yüksək nəticə toplayaraq vakant yerləri tutmaq hüququ qazanan 5225 nəfər müsahibəyə dəvət olunub.

Müsabiqənin nəticələrinə görə I mərhələ üzrə 4454, ikinci - əlavə yerləşdirmə turunun yekununa görə isə 933 nəfər müəllim işləmək hüququ qazanaraq seçdikləri məktəblərə göndərilib.

2017-2018-ci tədris ilində ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu həm də bir sıra yenilikləri ilə fərqlənib. Belə ki, nazirliyin təsdiq etdiyi “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müsabiqəyə qatılan müəllimlərin test imtahanının nəticələri bir il qüvvədə qalacaq və keçid balı toplayan, lakin yerləşdirilməyən müəllimlər növbəti ildə müsabiqəyə imtahansız qatıla biləcəklər.

Bu il müəllimlərin işə qəbulunda bir yenilik də o olub ki, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş imtahanlarla keçirilib. Bu prosesdəki ən böyük yenilik isə ölkə Prezidentinin 23 avqust 2017-ci il tarixli sərəncamı ilə bu ilin yanvarından mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumtəhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulub və onların da dərs yükü və əməkhaqqı 2018-ci il yanvarın 1-dən artırılacaq.

 

Müəllimlərin yerdəyişməsindən 1650-dək müəllim faydalanıb

 

Müəllimlərin iş yerini dəyişməsi mexanizmi də getdikcə təkmilləşdirilir. Bu il ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi nazirlik tərəfindən həyata keçirilib. 26-30 may tarixlərində proqram təminatı tətbiq edilməklə, şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib. 8-12 iyun tarixlərində isə müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Yerdəyişmə nəticəsində 1000 nəfərə yaxın müəllim ərizələrində göstərdikləri məktəblərə dəyişilib.

Qeyd edək ki, hər iki yerdəyişmə prosesində nazirlikdə fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aparılan dəyərləndirmələr zamanı müəllimlərin sosial statusu əsas götürülməklə bərabər, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınıb. Nəticədə hər iki yerdəyişmə prosesində şəffaflıq və obyektivlik tam təmin edilib.

   

İldən-ilə artan “Gələcəyin müəllimi” təqaüdçüləri

 

Son illər Təhsil Nazirliyinin müəllim nüfuzunun artırılması istiqamətində atdığı addımlardan biri də müəllimlik peşəsinə marağı olan hazırlıqlı və qəbul imtahanlarında 500-dən yüksək bal toplayan gənclərin stimullaşdırılmasıdır.

Məlum olduğu kimi, nazirlik bu məqsədlə 2014-cü ildə “Gələcəyin müəllimi” təqaüdü təsis edib. Hər tədris ilində 300 nəfərə şamil olunan həmin təqaüd hər il ali məktəblərə qəbulda 500-dən yüksək bal toplayan və müəllimlik ixtisasını ilk sıralarda yazan abituriyentlərə tələbə olduqları təqdirdə hər ay aldıqları təqaüdə əlavə olaraq verilir. Statistik rəqəmlər göstərir ki, bu addım hazırlıqlı gənclərin müəllimlik peşələrinə təşviqi sahəsində kifayət qədər təsirli vasitə olub. Belə ki, əgər 2015-ci ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 657 nəfər idisə, 2016-cı ildə bu say 280 nəfər artaraq 937 nəfər olub. Bu isə 40% artım deməkdir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

 

Bu ildən başlayaraq təşkil olunan təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini də Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və müəllimlərin peşəkarlıq səviyyəsinin, eləcə də nüfuzunun artırılmasına hədəflənmiş çoxsaylı layihələrdən biri kimi dəyərləndirmək olar.

Dövlət ümumitəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün nəzərdə tutulmuş müsabiqədə əsas məqsəd ümumitəhsil məktəbləri və pedaqoji işçilər arasında sağlam rəqabət yaratmaq, innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Bu silsilədən olan və avqustun 15-də start götürən təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə bu günlərdə yekun vurulub. Müsabiqənin yekunlarına əsasən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə isə 83 layihə olmaqla ümumilikdə 120 layihə qalib hesab olunub və onların maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Təhsil Nazirliyi tərəfindən sistemli şəkildə həyata keçirilən qeyd etdiyimiz və edə bilmədiyimiz bütün bu layihələr, çoxsaylı tədbirlər nəticəsində, şübhəsiz, müəllimlərin peşəkarlıq səviyyəsi, müəllimin cəmiyyətdə nüfuzu ildən-ilə artır. Bunu elə yazımızda gətirdiyimiz bəzi statistik faktların dinamikasını, müəllim işləmək üçün müraciət edənlərin, yüksək balla müəllimlik ixtisaslarını seçənlərin say artımını göstərən rəqəmlər də sübut edir.

 

Yusif ƏLİYEV

 



06.10.2017 | 12:12