Ali təhsil müəssisələrinin sosiallaşması | |
Bu il 566 nəfər 500-dən artıq bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. Bu, ölkədə müəllim peşəsinin nüfuzunun, müəllimliyə həvəsin artmasının bir göstəricisidir. Ancaq ADPU-nun da nəticələri yaxşılaşıb. Müəllimlərin işə qəbulu üzrə imtahanlarda universitet məzunlarının nəticələri ildən-ilə müsbətə doğru dəyişir. Bir neçə il əvvəl imtahanlara qatılan məzunlarının cəmi 6-8 faizi müəllim kimi işə başlayırdısa, artıq imtahanlardan uğurla keçənlər 22-25 faiz arasında dəyişir. Bu rəqəm isə Azərbaycan ali təhsil müəssisələrində verilən təhsilin keyfiyyət göstəricisidir. Bəs, bütün bu nəticələr necə əldə olunur? Əlbəttə ki, həyata keçirilən islahatlar və onun nəticələri ilə bağlı təhsil ictimaiyyəti, təhsildə baş verənlərlə yaxından maraqlanan hər bir kəslə yaxın əməkdaşlıq, dialoq, əlaqələrin köməyilə. Belə əməkdaşlıqlar həm də media rəhbərləri ilə yaradılır.
Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” mövzusunda növbəti görüşündə ali təhsil müəssisələrinin sosiallaşması müzakirə olunub. Azərbaycan universitetləri özləri, verdikləri təhsil barədə cəmiyyəti nə qədər məlumatlandıra bilir? Onlar həyata keçirdiyi yenilikləri necə təbliğ edir? Ən əsası, fəaliyyətinin əsas istiqamətlərini ictimaiyyətə çatdıra bilir, maraqlı tərəfləri özlərinə cəlb etməyi bacarırlarmı?
Maraqlıdır ki, müzakirədə iştirak edən tərəflər ölkə universitetlərini dünyanın qabaqcıl universitetləri ilə müqayisə ediblər. Bəzi məqamlarda maraqlı nəticələr ortaya çıxıb. Məsələn, tətbiq etdikləri yeniliklərlə - təhsilin keyfiyyətini artırmaq məqsədi ilə həyata keçirdikləri islahatlarla dünyanın qabaqcıl universitetləri ilə müqayisə edilə biləcək nəticələrə sahib olan paytaxtdakı universitetlər öz fəaliyyətini, verdiyi təhsili təbliğ etmək, diqqəti öz işinə, fəaliyyətinə cəlb etmək məsələsində hətta regionlarımızdakı universitetlərdən belə geri qalıb.
Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadə universitetlərin əsas simasına çevrilən veb-saytlarını araşdırıb və bu qənaətə gəlib ki, universitet veb-saytının istifadəçilər üçün əlçatanlığı heç də həmişə təmin olunmur. Onun fikrincə, artıq qohum-tanış məsləhəti ilə ixtisas seçmək dövrü arxada qalıb. İndi universitetlərə aid bütün məlumatlar ali təhsil müəssisələrinin veb-saytlarında axtarılır. İstifadəçilər ali təhsil müəssisələrinə aid adi statistik məlumatlardan tutmuş müəllimlərinə, uğurlarına, yeniliklərinə qədər hər şeyi burada tapmalıdırlar. Nəzərə alsaq ki, veb-saytlar nəinki yerli abituriyentlərin, o cümlədən də xarici təhsilalanların araşdırma mənbəyi ola bilər, o zaman veb-saytda nəyin necə verilməsinin əhəmiyyəti artır. Məsələn, Bakıdakı universitetlərin yataqxanalarında qaçqın və ya məcburi köçkünlərin yerləşdirilməsinə dair informasiyanın saytda yerləşdirilməsi həmin təhsil müəssisəsinə nəinki xal gətirmir, əksinə, nüfuzuna xələl gətirir. Odur ki, əcnəbi təhsilalan üçün maraqlı olmayan bu tip məlumatların təhsil müəssisələrinin rəsmi internet səhifəsində yerləşdirilməsi doğru deyil.
Təhsil Nazirliyinin İKT üzrə mütəxəssisi Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” barədə maraqlı düşüncələri var. Mütəxəssis araşdıraraq bu qənaətə gəlib ki, saytlarda vacib elementlərdən sayılan elektron kitabxana, mobil tətbiqetmə, universitetin elektron xəritəsi kimi vacib funksiyaların işə salınması mümkün olsa da, universitetlərdən hələ də, məsələn, Mingəçevir Dövlət Universiteti kimi, veb-saytlarının təhsükəsizliyini təmin edə bilməyənlər var.
Sosial media üzrə menecer İsfəndiyar Əmrahov isə sosial şəbəkələrdə imicin yaradılması, məlumatlılığın artırılması, universitetlərin özünəməxsus auditoriya toplaması məqsədi ilə yayılan məlumatların effektivliyini araşdırıb. Saytlarda, facebook və digər sosial şəbəkələrdə apardığı araşdırmadan sonra bəzi maraqlı nəticələr əldə edib. Məsələn, UNEC 123, Gəncə Dövlət Universiteti 32 paylaşım edib. Maraqlıdır ki, Gəncə Dövlət Universiteti 2858 izləyici ilə paylaşımlarına daha çox reaksiya alıb:110. UNEC isə 10 mindən artıq izləyicisi arasında cəmi 10 reaksiya.
Media universitetlərin məlumatlarının paylaşılması, universitetlərdə baş verən yeniliklərlə bağlı informasiyaların cəmiyyətə ötürülməsi və kifayət qədər rezonans doğurması üçün indiyədək olduğu kimi, bundan sonra da əməkdaşlığa hazırdır. Rəşad Məcid, Elçin Şıxlı, Rauf Arifoğlu, Yunus Oğuz təhsildə baş verən yeniliklərin mediada öz əksini tapmasında hər hansı problem olmadığı qənaətindədirlər. Çünki hər kəs beynəlxalq universitetlərin reytinq cədvəllərində Azərbaycan universitetlərinin də adını görmək istəyir. Bu nəticələrə zamanla nail olunacaq. Ancaq bu, müzakirələri davam etdirib, tənqidə dözümlü münasibət göstərmək və nəticə çıxarmaqla mümkün olacaq.
Ruhiyyə DAŞSALAHLI
|
|
21.12.2018 | 11:25 | |
|
|
|