ADNSU-da III Startap və İnnovasiya Festivalı | |
Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III Startap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, şirkət rəhbərləri, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Festivalı açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə son üç ildə startap sahəsində görülən işlərdən danışıb. Rektor gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Festivalın startap ideyalarının tələbələr arasında təbliğinə xidmət etdiyi deyən M.Babanlı əsas məqsədlərdən birinin “Made in Azerbaijan” brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu qeyd edib.
Təhsil nazirinin müavini İdris İsayev ali məktəblərdə startap ideyalarının inkişafının və tələbələrin bu sahəyə maraq göstərməsinin çox sevindirici hal olduğunu bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda innovasiyaların inkişafının əsas yerlərdən birini tutduğunu deyən İdris İsayev bu layihələrin həyata keçirilməsinin gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi və biznes potensialının artmasına xidmət etdiyini söyləyib.
Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ali təhsil müəssisələrinin innovasiyaların inkişafına diqqət göstərməsinin önəmini vurğulayıb, gənc startapçılara öz tövsiyələrini verib.
Kənd təsərrüfatı nazirinin müşaviri, qurumun Elm və İnnovasiyalar Mərkəzinin rəhbəri Elçin Zeynalov ADNSU kimi nüfuzlu bir təhsil müəssisəsində startapın inkişafının əhəmiyyətini qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb.
Sonra startap mərkəzinin 6 layihəsi təqdim olunub. Layihələr əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ən çox bal qazanan layihələr ADNSU və tərəfdaş qurumlar tərəfindən mükafatlandırılıb.
Festivalının sonunda ADNSU-nun rektoru, professor M.Babanlı, universitetin professor-müəllim heyəti, tədbirdə iştirak edən müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Rektor M.Babanlı şirkət nümayəndələrinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib, universitet və müəssisələr arasında bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini qeyd edib. “Dəyirmi masa”da sərmayəçilərlə startap layihələrinin inkişafı, gələcəkdə görülməli olan işlər, birgə əməkdaşlıq və s. mövzular müzakirə olunub. |
|
17.12.2018 | 12:15 | |
|
|
|