Keyfiyyət xarakterli məsələlərin həllinə geniş yer verirəm | |
İlk növbədə şagirdlərin müşahidəçilik bacarıqlarının formalaşdırılması üzrə iş aparıram. Əyləncəli tapşırıqlara və təcrübələrə istinad edirəm. Keyfiyyət xarakterli məsələlər həllinə geniş yer verirəm. Şagirdlərin özlərinin müstəqil problem seçmələrinə və onu sərbəst həll etmələrinə imkan yaradıram. Analogiyaya xüsusi diqqət yetirirəm. Fənlərarası əlaqə prinsipinin əməli surətdə həyata keçirilməsinə səy edirəm.
Təlimdə, xüsusən onun ilkin mərhələsində təcrübi təfəkkür böyük əhəmiyyət kəsb edir. Şagirdlərin təcrübi təfəkkürü, eləcə də idrak qabiliyyətləri isə məktəbdə əsasən təlim prosesində formalaşır. Bu baxımdan fizika fənninin də imkanları genişdir. Bu işdə müəllimin uğuru həmin imkanlardan necə istifadə edə bilməsindən çox asılıdır. Mən bu imkanları ilk növbədə dərindən öyrənirəm. Sonra bunlardan istifadənin forma və yollarını axtarıram, nəhayət, tədrisə tətbiq edirəm.
Məsələn, VII sinifdə şagirdlərin müşahidəçilik bacarıqlarının formalaşdırılması məqsədinə yönəldilən belə suallar qoyuram: “Külək necə və nə üçün əmələ gəlir? Suyun axmasının səbəbi nədir? Göyqurşağı nə zaman və necə yaranır?” və s. Konvensiya hadisəsi üzrə bilikləri əsasında şagirdlər küləyin yaranmasını müstəqil olaraq izah edirlər. Proqram materiallarını dərindən araşdırmaq, əlavə ədəbiyyatı, xüsusilə əyləncəli fizika üzrə materialları nəzərdən keçirməklə müstəqil mühakimələr yürüdür və suallara uyğun cavablar tapırlar. Şagirdlərin fəaliyyətindəki diqqəti cəlb edən cəhət budur ki, onların hər birinin cavabı orijinal olur, biri digərini təkrarlamır.
VII sinifdə cisimlərin üzməsini keçərkən belə bir problem qoyulur: “Necə olur ki, balıq suyun dərin qatlarına və suyun səthinə asanlıqla hərəkət edə bilir?”. Problem cisimlərin üzmə şərtləri təcrübi olaraq öyrənildikdən sonra şagirdlər tərəfindən müstəqil həll edilir. Xarakterik cavablardan biri belədir: “Balıq suyun dərin qatlarına hərəkət edərkən kisəsinə müəyyən qədər su qəbul edir, odur ki, onun çəkisi öz həcmi boyda suyun çəkisindən, yəni ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyük olur. Balıq suyun dibinə enir. Balıq suyun səthinə qalxarkən kisəsindən suyu boşaldır, şaquli olaraq yuxarı yönəlmiş qüvvə (Arximed qüvvəsi) ağırlıq qüvvəsindən böyük olur. Bu zaman şagirdlər biologiyadan öyrəndikləri biliklərə də istinad edirlər. Onlar verilən suala cavab axtararkən əlavə bir problem də meydana çıxır: “Balıq suyun istənilən səviyyəsində irəliləmə hərəkəti də edə bilir. Bəs bunun səbəbi nədir?”. Aydın məsələdir ki, 7-ci sinif şagirdləri Nyuton qanunlarını keçmədiklərinə görə bu suala ətraflı cavab tapa bilmirlər. Lakin axtarışa son dərəcə həvəs göstərir və fikirlərini “elmi surətdə” əsaslandırmağa çalışırlar. Cavabları düzgün olmasa da ruhdan düşmürlər. Bilirlər ki, yuxarı siniflərə keçdikcə daha mürəkkəb problemlər həll edəcəklər. Müəllim müəyyən istiqamət verdikdən sonra şagirdlərdən biri mühakimə aparmaqla belə bir cavab hazırlayır: balıq hərəkət etmək istədikdə əzələləri vasitəsilə kisəsini sıxır, su hansı istiqamətdə hərəkət edirsə, balıq onun əks istiqamətində hərəkət edir. Şagird Nyutonun III qanununu keçməmiş olsa da, göründüyü kimi düzgün cavab verə bilir.
X sinifdə hərəkətin nisbiliyini keçərkən şagirdlərə belə bir sual verirəm: “Ola bilərmi ki, insan gülləni asanlıqla tutub cibinə qoysun?”. Sual maraqlıdır. Cavab vermək isə çətindir. Ona görə də dərs şagirdlər üçün son dərəcə maraqlı olur. Material diqqətlə öyrənilir. Y.İ.Perelmanın “Əyləncəli fizika” kitabından verilən Birinci Dünya müharibəsində fransız təyyarəsinin gülləni necə tutması barədə məlumat şagirdlər tərəfindən maraqla qarşılanır. Hadisə belə olmuşdur: təyyarəçi 2 km hündürlüyündə uçarkən ona qarşı yaxınlaşan bir qaraltı görür. Onu həşərat, cücü hesab edib tutur.
Keyfiyyət xarakterli məsələlərin həlli də şagirdlərin idrak marağının artmasında xüsusi yer tutur.
VII sinifdə Paskal qanunu keçiləndən sonra şagirdlərə sual verirəm ki: “Nə üçün dəmiryol şpalları bərk torpağın üstünə yox, dənəvər şəkildə olan qum, çınqıl,qırma daş (kərpic) üzərinə düzülür?”. Cavablar müxtəlif olur. Hərə öz fikrini bir yolla əsaslandırır. Şagirdlərdən biri suala belə cavab verir: Dənəvər material təzyiqi yalnız aşağı yox, yan tərəflərə də ötürür. Odur ki, dəmiryolunun ömrünü uzadır, davamlılığını artırır. Cavabdan aydın olur ki, şagird problemi dərindən mənimsəmişdir. Bu yolla uşaqlar fizika qanunlarının öyrənilməsinin zəruriliyini, onun praktik tətbiqinin əhəmiyyətini də yəqin edirlər.
“Nə üçün kosmik gəmilər qərbdən şərqə doğru buraxılır?”. Şagirdlər düzgün cavab verməkdə çətinlik çəkdikdə yerin fırlanması haqqında biliklər təkrarlanır. Nəhayət, cavab dəqiqləşdirilir. Yer qərbdən-şərqə doğru fırlandığı üçün kosmik gəmilər göstərilən istiqamətdə buraxılır.
Beləliklə, hər bir dərsin keçilmə metodu dəqiqləşdirilərsə və dərsdə əlverişli təlim mühiti yaradılarsa, şagirdlərin fəal idrak mövqeyinin formalaşdırılması üçün də geniş imkan yaranar.
Nigar MUSAYEVA, Bakı şəhər 60 nömrəli tam orta məktəbin fizika müəllimi
|
|
14.12.2018 | 17:47 | |
|
|
|