31 Mart - azərbaycanlıların soyqırımı tarix dərslərində

Hər il martın 31-də azərbaycanlıların soyqırımı gününü hüznlə qeyd edirik. 1918-ci ilin soyqırımı qurbanlarını yad etmək uşaqdan-böyüyə hər kəsin vətəndaşlıq borcudur. Xalqımıza qarşı törədilmiş soyqırımlarının dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır. Quba soyqırımından qalan kütləvi məzarlıq türk-müsəlman xalqlarına qarşı törədilmiş vəhşiliklərin bariz nümunəsidir. Bəs 1918 - ci ildə baş verən kütləvi qırğınların arxasında kimlər dururdu? Bu qırğınlar necə və hansı məqsədlə hazırlanmışdı? Onları törədənlər bilmirdilərmi ki, bununla onlar azərbaycanlıların yenicə yaranmaqda olan sovet hakimiyyətinə olan inamını kökündən qırırlar? Bəs onda bu qırğınlar nəyə lazım idi?

 

Deməliyəm ki, orta məktəblərin tarix dərslərində bu mövzu kifayət qədər işıqlandırılan, şagirdlərə izah olunan mövzulardandır. Belə ki, tarixdən məlumdur ki, Rusiya imperiyası Cənubi Qafqazı əlində saxlamaq, burada ola biləcək milli - azadlıq mübarizəsini beşikdəcə boğmaq üçün həmişə yerli xalqları, o cümlədən ermənilərlə azərbaycanlıları bir-birlərinə qarşı qaldırmış, onları bu yolla mübarizədən sapdırmaq istəmişdir. Acınacaqlı hal odur ki, əsasən XIX əsrdə Türkmənçay müqaviləsinin müvafiq maddəsi ilə Azərbaycana köçürülən, ən əlverişli torpaqlarımızda məskunlaşdırılan ermənilər Rus çarizminə öz “təşəkkür”lərini bildirmək üçün sadəcə olaraq onların əlində “sözə baxan” alətə çevrilmişlər. Nisbətən sonrakı dövrlərdə isə “Böyük Ermənistan” yaratmaq xülyasına uyaraq, bu işdə həlledici köməyi çar Rusiyasından gözləyərək faktiki olaraq onların “köləsi” olmuşlar.

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illər öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.

 

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

 

İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgənün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

 

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər. Bu barədə IX sinfin “Azərbaycan tarixi” fənnindən “Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri kütləvi qırğınlar. Milli - demokratik hərəkat” mövzusunu tədris edərkən göstərirəm ki, XX əsrin əvvəllərində xalqımızın milli oyanışı Rusiya hökumətini bərk qorxuya saldı. 1905-ci ildə Azərbaycan xalqının kütləvi şəkildə inqilabi hərəkata qoşulması hökuməti çıxış yolu axtarmağa məcbur etdi. Hakimiyyət ermənilərin əli ilə türk - müsəlman əhaliyə qarşı qırğın törətmək qərarını verdi və bu mənfur işdə ermənilərdən bir alət kimi istifadə etdi. Ermənilər türk-müsəlman xalqlarına qarşı mübarizədə ruslara həmişə sədaqətlə xidmət etmişdilər. Əsas məqsədi türk-müsəlmanları məhv etmək olan Daşnaksütyun partiyası Cənubi Qafqazın müxtəlif bölgələrindən və Osmanlı dövlətindən könüllü erməni dəstələri gətirib, azərbaycanlılara qarşı silahlandırdı. Elə Qarabağ probleminin də əvvəlində ermənilər eyni dəst-xəttdən istifadə etmişdilər. Göstərilməlidir ki, ermənilər ilk milli qırğını Bakıda törədərək layiqli cavablarını alsalar da, bununla sakitləşmədilər. Daha sonra onlar Naxçıvanda, İrəvanda, Şuşada, Qarabağın Xankəndi və Malıbəyli kəndlərində də qırğınlar törətməyə can atmışdılar. Təsadüfi deyildir ki, o dövrdə ABŞ- da erməni icmasının nəşrlərində İrəvanda milli qırğından əsas zərərçəkənlərin azərbaycanlılar olduğu etiraf edilmişdi. 1905-1906-cı illərdə milli qırğınlar zamanı ermənilər tərəfindən 158 Azərbaycan kəndi yandırılaraq məhv edilmişdi. Lakin hər dəfə qırğına başlayan ermənilər xalqımızın qeyrətli oğullarından layiqli cavab alaraq geri çəkilməyə məcbur olurdular.

 

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. IX sinifdə “Azərbaycan tarixi” fənnindən “Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı erməni qırğınları” mövzusunu tədris edərkən göstərirəm ki, 1918-ci ilin ilk aylarında Cənubi Qafqaz Komissarlığı və Seymin hakimiyyətinə tabe olmayan yeganə şəhər Bakı idi. Bakı Fəhlə Deputatları Sovetinin bolşevik rəhbərliyi 1917-ci il oktyabrın 31-də Bakı şəhərində Sovet hakimiyyəti qurulduğu elan edilmişdi. S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin əsas dayağı Sovet Rusiyası idi. Lenin Cənubi Qafqaz hadisələrini diqqətlə izləyirdi. O, yaxşı başa düşürdü ki, Cənubi Qafqazda baş verən hadisələr gec- tez müstəqil Azərbaycan dövlətinin yaranması ilə nəticələnəcək. Bunun qarşısını almaq üçün Qafqazın Fövqəladə Komissarı təyin etdiyi S.Şaumyana neftlə zəngin olan Bakıda hakimiyyəti tam ələ keçirməyi tapşırmışdı. Sonrakı mərhələdə isə bütün Azərbaycan işğal edilməli idi. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

 

IX sinfin “Azərbaycan tarixi” dərsliyində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması” mövzusunu tədris edərkən şagirdlərə bildirirəm ki, 1918-ci ilin yazında Cənubi Qafqazda siyasi böhran dərinləşdi. Cənubi Qafqaz Seyminin dağılması reallaşdı. İlk vaxtlar muxtariyyət arzusunda olan milli ziyalılar və ictimai xadimlər indi müstəqillik uğrunda çıxış etməyə başladılar. Şimali Azərbaycanda mürəkkəb siyasi vəziyyət, Bakı XKS-in milli qırğın siyasəti və Seymin bunun qarşısını almaq üçün kəsərli tədbirlər görməməsi müstəqillik uğrunda mübarizəni labüd etmişdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci illərdə mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

 

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Bu barədə IX sinfin “Azərbaycan tarixi” dərsliyində “Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdlər” mövzusunu tədris edərkən şagirdlərimə bildirirəm. Qeyd edirəm ki, Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvanın Azərbaycana qarşı siyasəti sərtləşdi. Sovet Rusiyasının təzyiqi altında Azərbaycan İnqilab Komitəsi Ermənistanın sovetləşməsi ilə bağlı 1920-ci il dekabrın 1-də belə bir bəyanat verdi: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd yoxdur. Zəngəzur və Naxçıvan Sovet Ermənistanının bölünməz hissəsidir. Dağlıq Qarabağ əməkçi əhalisinə öz müqəddəratını təyin etmək hüququ verilir”. Bəyanat Türkiyə tərəfindən kəskin etirazla qarşılandı. Naxçıvanda isə əhali kəskin etiraz çıxışlarına başladı”. Azərbaycanın Ədliyyə üzrə xalq komissarı Behbud bəy Şahtaxtinski Naxçıvan camaatı qarşısında vətənpərvərliklə çıxış edərək açıq şəkildə əhaliyə bildirmişdi: “Azərbaycan hökuməti Sizi torpağınızla birlikdə Ermənistana satıbdır. Burada arxalana biləcəyiniz yeganə qüvvə türk qoşunlarıdır. Sizi ağır fəlakətdən yalnız onlar xilas edəcəkdir”. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Yenə IX sinfin “Azərbaycan tarixi” dərsliyində “Azərbaycan SSR müharibədən sonrakı onillikdə” mövzusunu tədris edərkən şagirdlərə bildirirəm ki, bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

 

Buradaca qeyd etmək yerinə düşərdi ki, müharibə başa çatan kimi Sovet dövlətində yüksək vəzifə tutan və Stalinə yaxın olan A. Mikoyanın təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi irəli  sürüldü. Onun tapşırığı ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradıldı və Ermənistan rəhbərliyi 1945-ci ilin payızında Dağlıq Qarabağın onlara verilməsi haqqında Sovet rəhbərliyi qarşısında məsələ qaldırdı. Ermənistan tərəfi DQMV-nin Ermənistana verilməsi təklifini Dağlıq Qarabağ əhalisinin əksəriyyətinin erməni olması və vilayətin “iqtisadiyyatın qonşu respublika ilə sıx bağlılığı və ümumsovet mənafeyi” ilə əsaslandırmağa çalışmışdı.

 

Azərbaycan rəhbəri M.C. Bağırov, əhalisinin əksəriyyəti azərbaycanlı olan Şuşa rayonu istisna olmaqla, Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsinin əvəzində, Ermənistanda, Gürcüstanda və Dağıstanda azərbaycanlıların çoxluq təşkil etdiyi tarixi Azərbaycan torpaqlarının - Zəngəzur, Göyçə, Borçalı, Dərbənd bölgələrinin azərbaycana qaytarılmasını şərt kimi irəli sürdü. Sovet rəhbərliyi və Ermənistan belə ərazi dəyişikliklərinə getməkdən imtina etdi. Çünki Zəngəzur Azərbaycana qaytarılardısa, Türkiyə və Azərbaycan arasında süni yaradılmış “erməni ərazisi” ləğv edilərdi.

 

Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi.

 

XX əsrin əvvəlində əhalisinin əksəriyyəti azərbaycanlılar olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.

 

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

 

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti vermədi.

 

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. IX sinif “Azərbaycan tarixi” dərsliyindəki “Yenidənqurma siyasətinin iflası” mövzusunu tədris edərkən şagirdlərimə bildirirəm ki, 1988-ci ilin mayında Azərbaycan KPMK-nın birinci katibi K.Bağırovun əvəzinə Ə.Vəzirov gətirildi. Azərbaycanın problemlərinə, milli dəyərlərinə dərindən bələd olmayan və Mərkəzin göstərişi ilə hərəkət edən Ə. Vəzirov bu çətin və məsuliyyətli dövrdə milli münaqişəyə laqeyd yanaşdı. Vəziyyətdən çıxış yolu tapmaq əvəzinə, ikinci dərəcəli məsələlərin həlli ilə məşğul olmağa başladı. Beləliklə, respublikada ictimai-siyasi vəziyyət daha da mürəkkəbləşdi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

 

1991-ci il sentyabrın 3-də ulu öndərimiz Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Onun həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri Naxçıvandan çıxarıldı. Ümummilli liderin Türkiyə və İrana işgüzar səfərləri, apardığı danışıqlar regionda böhranlı şəraitin aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı keçid məntəqələri quruldu. 1992-ci ildə Muxtar respublikanı Türkiyə ilə birləşdirən və xalq arasında “Ümid körpüsü” adlandırılan Sədərək körpüsü tikildi.

 

Lakin o vaxtlar müdafiə məsələlərində çox kobud və bağışlanılmaz səhvlər buraxılırdı. Bunun məntiqi nəticəsi idi ki, 1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. Bu barədə yenə IX sinifdə tədris olunan “Dövlət müstəqilliyinin bərpası” mövzusunda deyilir: “Düşmənin növbəti hədəfi Xocalı idi. Çünki Xocalı Əsgəran - Xankəndi yolunun üstündə yerləşirdi və Dağlıq Qarabağdakı yeganə aeroport da burada idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayı və erməni silahlı dəstələri Xocalıya hücum etdilər. Şəhər əhalisinə qanlı divan tutuldu. Bu soyqırım nəticəsində 613 nəfər xocalılı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

 

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

 

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Ulu öndərimiz Mart  soyqırımı haqqında danışarkən ayrıca olaraq göstərmişdir ki, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli - memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabazarlığa çevirmişlər...

 

Göstərilməlidir ki, möhtərəm Prezident İlham Əliyev cənabları da ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasına, onların beynəlxalq birlik tərəfindən ədalətli qiymətləndirilməsinə ciddi fikir verir, bu işdə tarixçi alimlərin roluna layiqincə qiymət verir. Bu baxımdan təsadüfi deyildir ki, dövlət başçısı, 2011-ci ilin aprelində AMEA-da alimlərlə görüşü zamanı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirmiş, çox haqlı olaraq ermənilərin cəfəng iddialarına  qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsini tarixçi alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur. Möhtərəm Prezidentimiz demişdir: “Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasından da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantları yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpaqlarıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir”.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq miqyasda keçirmiş olduqları ikitərəfli və çoxtərəfli görüşlərin, habelə müxtəlif tədbirlərin erməni faşistlərinin xalqımızın başına gətirdikləri müsibətlərin dünya miqyasında tanınmasında ölçüyəgəlməz dərəcədə böyük rolu olmuşdur.

 

Bəli, biz tarix müəllimləri də öz növbəmizdə həmişə erməni faşistlərinin xalqımızın başına gətirmiş olduqları müsibətlər, faciələr haqqında şagirdlərimizdə aydın təsəvvür formalaşdırmalı, ətraflı məlumat verməklə onlarda düşmənlərimizə qarşı dərin nifrət hissi yaratmalıyıq.

 

İlqar ABDULLAYEV,

Bakı şəhəri MLK-nın tarix müəllimi, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru

 



14.12.2018 | 16:42