Müəllimyönümlü siyasət | |
BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxil olan bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur. Azərbaycan müəllimlərinin cəmiyyətdəki rolu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə mövzusuna çevrilib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu, təhsil üzrə ekspertlər Nadir İsrafilov, Məlahət Mürşüdlü və Kamran Əsədov müəllim nüfuzu, fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. V.Yaqublu bildirib ki, UNESCO hər il müəllim günündə bir deviz seçir. Bu ilin devizi də “Tədrisdə azadlıq və müəllimlərin hüquq və imkanlarının genişləndirilməsi”dir.
Müəllim nüfuzu artır
Davamlı İnkişaf Məqsədlərinə çatmaq, uşaqları orta təhsillə təmin etmək üçün dünyada 69 milyon müəllim çatışmır. Azərbaycanda da müəllim çatışmazlığını ən kəskin şəkildə hiss edən məktəblər var. Lakin ölkədə həm də müəllim sayının kütləvi şəkildə artması, orta ixtisas təhsili müəssisələrinin belə müəllim hazırlaması ilə izah olunan müəllim nüfuzunun itirilməsi problemi daha narahatedicidir.
Ekspert M.Mürşüdlü son illərdə müəllimlik peşəsinə və ixtisasına artan marağı izlədiyini vurğulayıb. Onun fikrincə, son zamanlar Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar da öz nəticəsini verib. Xüsusən, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulunda tətbiq edilən yeniliklər və onun nəticələri bu istiqamətdə güvəni artırıb: “Məsələn, işə qəbulda elektron müraciətin tətbiqi, imtahanlarda və müsahibə mərhələsində obyektivliyin təmin olunması buna xidmət edən addımlar oldu. Bütün bunlar nəinki müəllimlərin işə qəbulunda, eləcə də müəllimlik ixtisası üzrə ali təhsil müəssisələrinə qəbul prosesinə də müsbət təsir etdi. Təhsil təqaüdünün verilməsi, SABAH qruplarının yaradılması və bu qruplarda müəllimlərin hazırlanması müəllimliyin nüfuzuna təsir edən amillər sırasındadır. Ancaq bunlarla yanaşı, müəllimlərin əməkhaqqının artırılması da şərtdir, onlara dövlət qulluqçusu statusu verilməlidir”. K.Əsədov isə bu məsələyə münasibətini bildirərkən qeyd edib ki, dövlət qulluqçusu statusu verilməsə də, müəllimlərin müəyyən güzəştlər alması, məsələn, kommunal ödənişlərdən azad edilmələri mümkündür. Təhsil eksperti Nadir İsrafilov müəllim nüfuzunun artırılmasından danışarkən Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müəllimin nüfuzunun zəifləməsini əsaslandıran 3 səbəbə diqqət çəkib: “Strategiyadan çıxan nəticə budur ki, müəllim nüfuzunun düşməsi ilk növbədə peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması ilə bağlıdır. Təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi ikinci səbəb hesab edilib. Üçüncü əsas səbəb olaraq isə müəllimin hazırlanması üzrə infrastrukturun zəif olması göstərilib. Odur ki, Strategiyada müəyyən edilən prioritetlər siyahısında ilk növbədə müəllim nüfuzunun yüksəldilməsi dayanıb. Bu istiqamətdə artıq tədbirlərə də başlanılıb. Gənc müəllimlərə yönəlik stimullaşdırıcı tədbirlər nəzərdə tutulub, “Gələcəyin müəllimi” təqaüdü təsis edilib. Nəhayət, müəllim əməyinin stimullaşdırılması və əməkhaqqına diferensial yanaşma məqsədi ilə 2015-ci ildən başlayaraq, diaqnostik qiymətləndirmə, başqa sözlə, müəllimin topladığı bala uyğun dərs bölgüsünün proporsional bölünməsi həyata keçirilir”.
Ən ağır peşələr sırasında
Dövlət Strategiyasından fərqli olaraq, N.İsrafilov özü müəllim nüfuzunun zəifləməsinin sırf pedaqoji amillərlə bağlı olmadığı qənaətindədir. Müəllim nüfuzuna cəmiyyətdə gedən proseslərin xələl gətirdiyi düşüncəsi üzərində dayanan ekspertin fikrincə, yüksək texnologiyaların insan amilinin önünə keçməsi, repetitorluğun inkişafı, ayrı-ayrı kursların təbliği və s. müəllim nüfuzuna təsirsiz ötüşməyib. Bundan başqa, son zamanlar da davam edən, hətta daha tez-tez səslənən bir tendensiya müşahidə olunur: “Mətbuatda müəllimin şəxsiyyətini aşağılayan ifadələr yer alır. “Savadsız”, “Saxta müəllimlər”, “Məktəbin direktoru işdən qovuldu”, “Müəllim imtahandan kəsildi” kimi sözlər və fikirlər müəllim nüfuzuna təsir edir. Yaxud “Pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi bəyanatlar da müəllim nüfuzuna xələl gətirir”. “Təhsil xidmətləri” Mərkəzinin rəhbəri K.Əsədov isə xarici ölkələrlə müqayisə aparıb: “Finlandiyada müəllim olmaq üçün sadəcə bakalavr təhsili kifayət etmir, mütləq magistratura da bitirmək lazımdır. Azərbaycanda isə 146 min müəllimin 31 faizi orta ixtisas təhsili müəssisəsinin hazırladığı kadrlardır. Bundan başqa, Finlandiyada müəllimlərin təlimlərdə iştirakını təsdiq edən sertifikatları olmalıdır. Bizdə isə müəllimləri kurikulum təlimlərinə belə yönləndirə bilmirik”. K.Əsədov hazırlanan kadrların keyfiyyət göstəricilərinin aşağı olduğuna diqqət çəkərək bildirib ki, 2008-ci ildən orta ümumtəhsil müəssisələrində kurikulumun tətbiqinə başlanılsa da, biri istisna olmaqla, heç bir ali məktəb kurikulumu tədris proqramına daxil etməyib: “Müəllim jurnal işləyə bilmir, uşaqlarla davranmağı bacarmır. Çünki müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcədədir”. Məlahət Mürşüdlü əlavə edib ki, K.Əsədovun qaldırdığı problemdən çıxış yolu odur ki, universitetlərdə tələbə təkcə nəzəri deyil, həm də praktik cəhətdən hazırlanmalıdır: “Neçə ildir təklif edirəm ki, Tibb Universitetini bitirənlər internatura keçir, pedaqoji təhsil alanlara niyə pedaqoji internatura tətbiq edilməsin? 3 ay pedaqoji təcrübə keçməklə, sözsüz ki, nə jurnal yaza bilərlər, nə də sinfi idarə edərlər”. Ekspert müəllimin əməyinə qiymət verilməməsinə də toxunub. Onun sözlərinə görə, UNESCO-nun ən ağır olaraq qiymətləndirdiyi 6 peşə arasında müəllimliyin də olması təsadüfi deyil. Yoxlama işləri, növbəti dərsə hazırlığın ağır və vaxtaparan proses olduğunu diqqətə çatdırıb.
Repetitorluq bəladı, yoxsa tələb?
Repetirorluğa münasibət cəmiyyətdə birmənalı deyil. Elə ekspertlərin mövqeyi də birmənalı olmayıb. Nadir İsrafilov repetitorluğu məktəb mühitini dağıdan səbəb hesab edib. Onun sözlərinə görə, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin aşılanması məktəbin vəzifəsidir. Son vaxtlar Azərbaycan təhsilində həyata keçirilən yeniliklərin repetitorluğun bir institut kimi sarsılmasına gətirib çıxaracaq. K.Əsədov isə bu fikirdədir ki, məktəblərin reytinqi, ali təhsil müəssisələrinə qəbulun nəticələri sırf repetitorluğun nəticəsidir: “Əgər ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, hesab edirəm ki, repetutorluğu ləğv etmək mümkün olmayacaq”.
Problem: hədəfə bütün uşaqlara eyni proqram tətbiq etməklə çatmaq istəyirik
V.Yaqublunun fikrincə, repetitorluq tək Azərbaycan təhsilinin bəlası deyil: “Mark Brey adlı bir tədqiqatçı dünyanın 30-a yaxın ölkəsində inkişaf etmiş və etməmiş təhsil sistemlərini araşdırıb. “Kölgə təhsil sisteminə qarşı mübarizə” adlandırdığı kitabında gəldiyi iki nəticədən biri budur ki, 20 il ərzində məktəb bir institut olaraq öləcək. Çünki məktəb artıq öz funksiyasını itirməkdədir və 20 il sonra sosiallaşma institutu kimi qalacaq. Distant təhsil bu sürətlə inkişaf edərsə, məktəbi tamamilə sıradan çıxaracaq. Tədqiqatçının gəldiyi ikinci qənaət bundan ibarətdir ki, inkişaf edib-etməməsindən asılı olmayaraq, bütün təhsil sistemlərində repetitorluq var. İnkişaf etmiş ölkələrdə uşaqlar rəqabətə daha dözümlü olsun, daha dərin biliklər qazansın deyə, repetitor xidmətindən istifadə edilirsə, zəif sistemlərdə valideyn məktəbin vermədiyini əldə etmək üçün repetitorlara müraciət edir. Amma bunu qəbahət kimi qəbul etmək doğru deyil. Təhsil yaranandan bəri fərdi olub. XIX əsrin sonundan başlayaraq təhsil ictimailəşib, uşaqları sinfə yığıb nəsə öyrətməyə başlayıblar. Təhsil inkişaf etdikcə cəmiyyət başa düşüb və bu qənaətə gəlmişik ki, ictimai təhsil dərin akademik bilikləri uşaqlara ötürmək iqtidarında deyil. Repetitorluğun çiçəklənməsinin səbəblərindən biri də budur. Fərdilikdən ictimailəşməyə doğru gedən dalğa yenidən fərdiliyə qayıdır. Dünyada bu qənaət formalaşıb ki, təhsil elitar və eqelitar olmalıdır. Elitar biliyi almaq və sintez etmək bacarığına malik uşaqları, eqelitar isə daha rahat və yüngül proqramla bütün ictimaiyyəti əhatə etməlidir. Bizdə problem ondan ibarətdir ki, istədiyimiz hədəfə bütün uşaqlara eyni proqram tətbiq etməklə çatmaq istəyirik”. Məlahət Mürşüdlü repetitorluğun “bəla” adlandırılması ilə razılaşmayıb: “Repetitorluğun qarşısını almaq istəyiriksə, məktəbin strukturunda dəyişikliklər edilməlidir, islahatlar aparılmalıdır. Məktəbin rolunu artırmaq üçün ora güclü müəllimlər cəlb edilməli, onlara yüksək maaş verilməlidir. Con Lokun “Uşaq ağ vərəqdir, nə istəsək, yaza bilərik” nəzəriyyəsi sıfra bərabər olduğu kimi, Komenskinin sinif dərs üsulu ömrünü başa vurmuş sayılır və yerini “muzeydə dərs”, “divarsız dərs” deyilən dərs üsullarına verib”.
Ruhiyyə DAŞSALAHLI
|
|
06.10.2017 | 12:04 | |
|
|
|