Uşaqların psixoloji sabitliyini qorumaq üçün ciddi addım | |
Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi, təhsili prioritet məsələlərdəndir. Məhz bu baxımdan, uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik aktları mütəmadi olaraq təkmilləşir və zamanın tələbinə uyğun yeni qanunlar hazırlanır.
Bu günlərdə qəbul edilən daha bir qanunla uşaqlar arasında zərərli informasiyalar yaymaq qadağan olunub. Beləliklə, zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qeyri-məişət leksik (jarqon), qorxu, erotik məzmunlu informasiyaları uşaqlar arasında yaymağın artıq qanun qarşısında məsuliyyəti var. Prezident İlham Əliyevin imzaladığı və 2020-ci ilin yanvarın 1-də qüvvəyə minəcək “Uşaqların zərərli informasiyadan qorunması haqqında” həmin qanunda nəzərdə tutulub ki, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Burada yaş təsnifatının aparılması məqsədilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələblər, ekspertizanın aparılması qaydaları, ekspert rəyinin verilməsi ilə bağlı məsələlər də öz həllini tapıb.
Millət vəkili Fazil Mustafa “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, sözügedən qanunun əsas ideyası internet əsrində uşaqların sağlamlığına və dünyagörüşünə texnoloji vasitələrlə təsir göstərən zərərli informasiyaların məhdudlaşdırılması və faydalı alternativlərin müəyyənləşdirilib tətbiq olunmasıdır:
Millət vəkilinin sözlərinə görə, bu məsələdə reklamçıların məsuliyyəti daha aydın göstərilir. Zərərli informasiyanın tanıtımına və çərçivəsinə qanunvericilikdə ilk dəfə aydınlıq gətirilir: “Qanun uşaqların sağlam gələcəyini, psixoloji sabitliyini qorumaq üçün atılan ən ciddi addımlardan biridir. Ancaq məsələ qanunvericilikdə bu prosesin tənzimlənməsi ilə yekunlaşmır, əsas olan bütün subyektlərin praktik davranışlarda uşaqları zərərli informasiyadan qorumaqda aktiv rol almasıdır. Bütün cəmiyyət üzvləri bu məsələ ətrafında sağlam ünsiyyət qurarsa və qarşılıqlı nəzarət mexanizmləri işə düşərsə, o halda uşaqların sağlam böyüməsi üçün stimullaşdırıcı mühit formalaşa bilər”.
Ruhiyyə DAŞSALAHLI |
|
14.12.2018 | 13:33 | |
|
|
|