Elektron resurslardan istifadə

Respublikamızda 2012-2013-cü tədris ilindən başlayaraq 5-ci siniflərdə “Azərbaycan tarixi” fənni yeni kurikulumla tədris olunur. Qeyd edim ki, “Azərbaycan tarixi” fənn kurikulumu fənnin fəlsəfəsini, təlimi sahəsində fəaliyyətləri əks etdirən konseptual sənəd kimi mühüm əhəmiyyətə malikdir. Bu sənəddə fənnin məzmunu (məzmun standartları), fəndaxili və fənlərarası inteqrasiya, müəllim və şagird fəaliyyətinə dair texnologiyalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə olunub. Həmçinin, Azərbaycanın tarixi keçmişi bir-birini izləyən və tamamlayan fakt və hadisələrlə zəngindir. Bu fakt və hadisələr Azərbaycan xalqının tarixi yaddaşında ən xarakterik abidələr kimi qalmaqdadır. Bu gün tarix müasir həyatı quranlar, gələcəyin perspektivlərini yaradanlar üçün bünövrə rolunu oynayır,  insanların tarixi yaddaşının, milli mentalitetinin formalaşmasına təsir göstərir. Eyni zamanda, həm tarixi müstəvidə, həm də müasir zamanda sosial, iqtisadi, mədəni inkişaf baxımından müqayisə və təhlillər aparmağa imkan yaranır. Bütün bunlar Azərbaycan tarixi üzrə biliklərin, ilk növbədə, tarixi xronoloji ardıcıllıqla müəyyən olunmasını və məzmun standartlarında nəzərə alınmasını tələb edir. Həmin biliklər seçilib ümumiləşdirilib və “Tarixi məkan”, “Tarixi zaman”, “Dövlət”, “Şəxsiyyət”, “Mədəniyyət” məzmun xətləri üzrə qruplaşdırılıb.

 

Azərbaycan tarixinə dair məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idraki, hissi, psixomotor) əhatə olunması təmin edilib. Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmləri  hazırlanarkən  şagird şəxsiyyətinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. İlk növbədə, onların meyil və maraqları, əqli və fiziki imkanları mühüm tələblər kimi əsas götürülüb.

 

Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa, öz soykökünə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə xidmət edir. Bu vəzifələrin yerinə yetirilə bilməsi üçün tarixin tədrisi daim təkmilləşdirilməli, yenilənməli, müasir təlim üsul və vasitələri tədrisə gətirilməlidir.

 

Müşahidələr göstərir ki, bu gün ibtidai təhsil pilləsinin sonuna doğru şagirdlərin həvəs, meyil və maraqları informasiya-kommunikasiya texnologiyalarına istiqamətlənir. Bu isə, öz növbəsində, nəinki ənənəvi təlimin,  o cümlədən, fəal təlimin də mexanizmlərinə şagirdlərdə biganə münasibət formalaşdırır. Fikrimizi bir qədər də dəqiqləşdirsək belə nəticə əldə olunur: hədsiz informasiyalar əhatəsində inkişaf edən şagird bu informasiyalardan asılı vəziyyətə düşərək, sanki informasiyanın qəbulundan doymuş olur. Bu isə onun tədris prosesində bəsit formatlarda qəbul edəcəyi informasiyanı sıxışdırır və qavranmasının qarşısını alır. 

 

Nəzərə alsaq ki, Azərbaycan tarixi milli tədris fənni sayılır və qədim dayaqlara, geniş informasiya məzmununa malikdir, o zaman aydın olar ki, şagird bütün tarixi mənbə məlumatlarını bilmək zərurəti ilə üzləşir. Cəmiyyətdən əldə edilən geniş informasiyalar, telemedia tərəfindən ötürülən informasiyalar fonunda şagird passiv deyil, həmçinin fəal olaraq da yeni və geniş məzmunu dərk etməkdə çətinliklə üzləşəcək.  Bunun qarşısını almaq üçün müəllim fəal təlim prinsiplərindən, fəal dərsin mərhələlərindən maksimum keyfiyyətdə, məharətlə yararlanmağa cəhd göstərməli, bu zaman şagirdin tələb və maraqlarını əsas götürməlidir.

 

Şagirdlər davamlı müşahidə üsulu ilə  izlənməklə bu qənaətə gəlinib ki,  onların tələbləri daha çox nəzarətsiz qaldıqları zaman özlərinin sərf etdikləri məşğuliyyətlərdir. Bu məşğuliyyətlər içərisində kitab oxuma səhnəsindən tutmuş, internet məkanlarda onlayn oyunlardan istifadəyə qədər çoxtərkibli sahələr görmüş olarıq. Bu sahələr içərisində ən geniş müşahidə olunan isə İnternet məkan və bundan qaynaqlanan bütün məşğuliyyət növləridir. İnternetin qəfil  yox olmasını düşünməklə şagirdlərin üzləşdiyi vəziyyəti xatırladıqda hansı gərgin situasiyaların baş verəcəyini düşünməyə ehtiyac belə qalmır.

 

Ümumtəhsil müəssisələrində tədris olunan fənləri əhatə edən məzmun baxımından yanaşdıqda aydın görünür ki, beynəlxalq təhsil sistemində tədris olunan dəqiq fənlərlə bağlı yetərincə elektron resurslar mövcuddur. Dəqiq fənn müəllimləri bu elektron resurslarından geniş şəkildə istifadə imkanlarına malikdir. Bu resursları daha çox audio dəyişikliklər etməklə tədrisə daşımaq mümkündür. Yalnız Azərbaycan Respublikasında tədris olunan fənlərə gəldikdə Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan dili, ədəbiyyat isə internet şəbəkəsində onların məzmununa aid elektron resursların məhdud olduğunu göstərmək olar. Problemin həlli isə bu fənləri tədris edən müəllimlərin İKT bacarıqlarının təkmilləşdirilməsi ilə fənn kurikulumlarının tələblərinə əsasən elektron resursların hazırlanaraq istifadəyə verilməsinə nail olmaqdır.

 

Milli fənlər üzrə elektron məzmun, multimedia materialları məhdudiyyəti, metodiki vasitələrin çatışmazlığının özünü daha çox göstərdiyi fənn isə Azərbaycan tarixidir. Azərbaycan tarixini tədris edən müəllimlərin son 10 ildə çoxsaylı təlimlərdə iştirak etmələrinə baxmayaraq, onların tədrisdə əldə etdikləri nəticə qənaətbəxş hesab olunmur. Bizcə, bunun əsas səbəblərindən biri məhz bu fənn üzrə elektron resurslarının kifayət qədər olmamasıdır. Elektron Tədris Resursları ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin  14 dekabr 2011-ci il tarixli 2052 nömrəli əmrinin  2 saylı əlavəsi  elektron tədris resurslarının əsas tələblərinin necə  olmasına aydınlıq gətirir.  Belə ki, elektron tədris resursu tədris prosesində istifadəsi nəzərdə tutulan müxtəlif formatlı informasiyaların və verilənlərin (səs, video, şəkil, qrafik, mətn və s.) elektron formada məcmusudur. Resursa daxil olan materiallar və onlardan istifadə imkanları baxımından ETR sadə və mürəkkəb olmaqla iki qrupa bolunur: Sadə ETR əsasən vahid bir informasiya mənbəyi olaraq istifadəyə imkan verən, ayrı-ayrı modullara ayrılmayan, interaktiv alətlərdən istifadə imkanları olmayan, statistik, mətn, audio və video, animasiya tipli modellərdən, müxtəlif illüstrasiyalardan ibarət olur. Mürəkkəb ETR isə əsasən interaktiv istifadə imkanları olan, internet və digər texnologiyalar vasitəsilə istifadəyə, resursun müxtəlif modullarından müstəqil olaraq istifadə etməyə imkan verən materiallardan və informasiya sistemlərindən ibarət olur.

 

Göründüyü kimi, yenilikçi müəllimlər ilk olaraq sadə elektron resursları hazırlaya və onu tətbiq etməklə şagirdlərin tədrisə marağını daha da artıra bilər. Bacarıqlar artdıqca mürəkkəb elektron resursların hazırlanmasına imkan yaranacaq. Bu zaman qarşıya qoyulan tələblər yerinə yetirildikdə nəticədə yüksək nailiyyətin əldə olunmasına şərait yaranır. Bunun üçün əsas və əlavə meyarları bilmək vacibdir: Məqsədəuyğunluq (əyanilik, pedaqoji baxımdan), təhsil standartlarına uyğunluq, Elmi dəqiqlik (faktiki səhvlərin olmaması), əyanilik və estetiklik, rahatlıq-anlaşıqlıq (şagirdlərin yaş imkanlarının nəzərə alınması), səmərəlilik (əmək sərfinin aşağı salınması), texniki rahatlıq (ETR yüksək səviyyəli proqram-texniki təchizat və istifadəçilərin yüksək səviyyəli hazırlığını tələb etmir), hüquqi (mövcud qanunvericiliyə uyğunluq), etik, mənəvi və s. dəqiqlik, əsas meyarlar hesab olunur. Əlavə meyarlar isə  açıqlıq (dəyişiklik, tamamlama imkanlarının olması), Yeniləşmə, dəyişmə imkanı, modulluq (ETR-nin ayrı-ayrı modulları əsasında lazımi tədris resurslarının müstəqil yaradılması imkanları), fənlərarası istifadə imkanı, uyğunluq (məlumatların təqdim edilməsi formatlarının universallığı), interaktivlik (ETR-nin istifadəçi ilə qarşılıqlı əlaqə imkanı, bu imkan müəyyən tədris situasiyalarının yaradılmasına, “bilik-informasiya” axtarışına, şagirdlərin-tələbələrin müstəqil fəaliyyətinə imkan verməlidir), innovativlik daxildir.

 

Meyarlar qədər önəmli olan məsələlərdən biri də hazırlanacaq ETR-in tiplərini ayırd etməkdir. ETR-in tipləri isə aşağıdakılardır: Mətn xarakterli elektron tədris resursları. Bunlar  əsasən mətnlərdən ibarət olur. Bu tip resurslar mühazirə xarakteri daşıyır və internetdə yerləşdirilməsi mümkündür. Bu resursları müxtəlif təhsil müəssisələrinin veb səhifələrində, müəllimlərin şəxsi bloqlarında, hətta sosial şəbəkələrdə də görmək olar. Tekstoqrafik xarakterli elektron tədris resursları  mövzunu açıqlayan mətn və illüstrasiyalardan ibarət resurslardur. Bu tip resurslara həmçinin cədvəllər, diaqramlar və s. əlavə oluna bilər. Multimedia xarakterli elektron tədris resursları tərkibində video, animasiyalar, audio məzmun, interaktiv üsul ola bilər. Müəllim meyarlara uyğunlaşdırılmış resurs hazırlamağı qarşıya məqsəd kimi qoyduğu zaman onun  nəzərə alınması vacib olan məqamlarından biri də ardıcıllıq prinsipini gözləməsidir. Bu prinsipin tələbləri yerinə yetirilməklə hazırlanmış ETR şagirdlərdə irihəcmli informasiyaların asanlıqla mənimsənilməsinə kömək edəcək. Habelə, tarixi hadisələrin xronologiyasını asanlıqla nümayiş etmək imkanı verəcək. ETR-lər daha çox tədrisyönümlü interaktiv oyunlar xarakterini özündə ehtiva edərsə şagird dərs prosesinə daha fəal cəlb olunaraq tədrisə marağı daha da artıracaqdır. Şagirdlərlə aparılan dərsdənkənar tərbiyəvi iş prinsipləri də ETR halında təqdim olunduqda daha yaxşı nəticə əldə edilir. Beləliklə, bu nəticəyə gəlmək olar ki, ETR-dən geniş istifadə şagirdlərin əldə etdiyi XXI əsr bacarıqlarını, xüsusən də informasiyanı təhlil etmək, tarixi hadisələrə tənqidi yanaşmaq, problemi həll etmək bacarıqlarını inkişaf etdirir, yaradıcı təfəkkürün formalaşmasını təmin edir.

 

Nuriyyə AĞAYEVA,

Cəbrayıl rayon, Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin direktoru



14.12.2018 | 11:21