“Kiçik akademiya”ların fəaliyyəti təkmilləşdirilir

Ümum təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbir keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd “Kiçik akademiya” seminarlarında iştirak edən şagirdlərin ən yaxşı tədqiqat işlərini nümayiş etdirməkdən ibarətdir.

 

Paytaxtdakı 82 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Kiçik akademiya”nın prezidenti, kimya-biologiya elmləri üzrə fəlsəfə doktoru Ariz Məmmədov, idarənin əməkdaşları, məktəb direktorları və şagirdlər iştirak edib.

 

Tədbiri giriş sözü ilə 291 nömrəli Ekologiya liseyinin direktoru Kəmalə Mirzoyeva açıq elan edərək liseyin “Kiçik akademiya”sı barədə ətraflı məlumat verib.

 

BŞTİ-nin sektor müdiri Anar Qədiməliyev çıxışı zamanı “Kiçik akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib.  Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönlü olmasının vacibliyini nəzərə çatdırıb.

 

Çıxış edən digər qonaqlar elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətlərinin stimullaşdırılmasında “Kiçik akademiya”ların müsbət rolu olduğunu bildiriblər.

 

Tədbirdə 291 nömrəli Ekologiya liseyinin şagirdi Fərman Hüseynovun “Zirə ilançılıq kombinatının bağlanılmasının mənfi cəhətləri”, 39 nömrəli tam orta məktəbin şagirdi Simuzər Şıxməmmədbəyovanın “Heyvanların bioexolokasiyası”, 258 nömrəli tam orta məktəbin şagirdi  Nigar Novruzlunun “Cənnət Qarabağda itirdiklərimiz”, 57 nömrəli tam orta məktəbin şagirdi Aydan Ağalarzadənin “Kristal və kristoloqrafiya” mövzularında məruzələri dinlənilib.

 

Sonda tədbirdə fəal iştiraka görə şagirdlərə Fəxri fərmanlar verilib.

 



14.12.2018 | 10:10