Ulu bir sərkərdə, ulu bir öndər

Gəncə Dövlət Universitetində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Universitetin  mətbuat və ictimaiyyətlə əlaqələr xidməti  bildirir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla, dərin ehtiramla yad ediblər.

 

Daha sonra ulu öndərə həsr edilmiş videoçarx izlənilib.

 

Mərasimdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva  diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərkən bütün Azərbaycan xalqı kimi, universitetin  hər bir əməkdaşı da dahi şəxsiyyətin zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salaraq ehtiramını bildirir, əbədiyaşar liderimizin Vətəni və xalqı üçün gördüyü nəhəng işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətini minnətdarlıq hissi ilə qeyd edir.

 

Bildirilib ki, müasir Azərbaycanın şərəfli inkişaf tarixinin 30 ildən artıq bir dövrü fenomenal xüsusiyyətlərə, dərin təfəkkürə və güclü iradəyə malik ən böyük azərbaycanlının adı ilə bilavasitə bağlıdır. Məhz onun dəyanəti və cəsarəti, mətinliyi və zəkası, qətiyyəti və qüdrəti sayəsində xalqımız zamanın ağır sınaqlarından üzü ağ çıxaraq çətinliklərə sinə gərib, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə, vətəndaş cəmiyyətinin əsaslarının formalaşdırılmasına nail ola bilib.

 

Qeyd edilib ki, hazırda Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə sübuta yetirən Prezident İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət həyata keçirilir. Dövlətimizin başçısının uğurlu fəaliyyəti bir daha göstərir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və vətənimizin hərtərəfli tərəqqisini təmin edir.

 



13.12.2018 | 15:24