Qərb bölgəsindəki alman dili müəllimləri üçün təlimlərə başlanıb | |
“Alman Dili Müəllimləri” İctimai Birliyinin və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə respublikamızın qərb bölgəsindəki ümumtəhsil məktəblərində və universitetlərdə alman dili fənnini tədris edən müəllimlər üçün seminar – təlimlərə başlanılıb.
Öncə “Alman Dili Müəllimləri” İctimai Birliyinin təqdimatı olub. Birliyin üzvü, Azərbaycan Dillər Universitetinin “Alman dilinin fonetikası və qrammatikası” kafedrasının müdiri Qahirə Axundova bildirib ki, tədbirin keçirilməsində məqsəd 2018-ci ilin oktyabrında təsis edilən ictimai biriliyin fəaliyyət istiqamətləri haqqında məlumat vermək, həmçinin alman dili müəllimlərinin nəzəri və praktiki fəaliyyətlərində qarşılaşdıqları problemləri müəyyən etməkdir.
Qeyd olunub ki, birliyin məqsədi Azərbaycanın ümumtəhsil və ali məktəblərində alman dili fənnini tədrsi edən müəllimləri öz ətrafında birləşdirməkdir.
Çıxışlarda vurğulanıb ki, birliyin məqsədlərindən biri də cəmiyyətimizdə gənclərin alman dilinə olan marağının ildən-ilə artmasına baxmayaraq bu dilin ümumtəhsil məktəblərində və universitetlərdə tədrisinin azalması səbəblərini müəyyənləşdirmək və yaranmış paradoksun aradan qaldırılması üçün təhlillər aparmaq və təsirli təşəbbüslərlə çıxış etməkdir.
Sonra almaniyalı və avstriyalı mütəxəssilərin iştirakı ilə Gəncə Dövlət Universitetinin, eləcə də respublikanın qərb bölgəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin alman dili müəllimləri üçün 3 müxtəlif mövzuda və fərqli istiqamətlərdə seminar –təlim keçilib.
Alman dili dərslərində akademik yazı, alman dilinin tədrisində rəqəmsal multimedia vasitələrindən istifadə və Milad ənənələrinin dərsdə tədrisi mövzularını əhatə edən təlim – seminarlar Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəsi Mara Liza Gezer, Avstriya Akademik Mübadilə Xidmətinin Azərbaycandakı nümayəndəsi Ştefani Matser, Alman Dilinin Tədrisi Mərkəzində təcrübəçi müəllim Liza Brandt tərəfindən keçirilib. |
|
10.12.2018 | 18:25 | |
|
|
|