Cümhuriyyət tarixinə həsr olunmuş konfrans

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Saatlı şəhər 4 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçiliyinin əsas varisi kimi: dövlətçilik ənənələrimizin mediada təbliği” adlı konfrans keçirib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Şəhər 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Roman Yusubov çalışdığı təhsil ocağında bu mövzuda tez-tez keçirilən tədbirlərin məktəblilər arasında vətənpərvərlik hissinin gücləndirilməsində xüsusi rolu olduğunu bildirib.

 

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyəti irsini, Azərbaycanın zəngin dövlətçilik ənənələrini yeniyetmə və gənclər arasında təbliğ etmək, tariximizin bu parlaq səhifəsinə yenidən işıq tutmaqdır. S.Verdizadə Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində özünəməxsus yer tutduğunu bildirib. Vurğulanıb ki, Cümhuriyyət irsini təbliğ etmək təkcə dövlət qurumlarının vəzifəsi deyil, vətəndaş cəmiyyəti institutları, digər sektorlar da bu prosesdə fəal iştirak etməlidirlər.

 

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi Azərbaycan dövlətinin AXC irsinə xüsusi önəm verdiyini göstərir. Ç.Bayramov məktəbliləri Azərbaycan tarixini dərindən öyrənməyə səsləyib. Vurğulanıb ki, öz tarixini yaxşı bilən nəsil həmişə dövlətçilik ideyalarına bağlı olacaq.

 

Xalid NƏCİYEV,

Saatlı Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



08.12.2018 | 13:37