“Uğurdan gələcəyə”

Təhsil Nazirliyinin bu il keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qaliblərindən biri də “Uğurdan gələcəyə” layihəsidir. Layihənin əsas məqsədi IX sinif buraxılış imtahanı verəcək şagirdlər və məktəblər arasında motivasiyaedici rəqabətin yaradılması üçün yay düşərgələrinin təşkil olunmasıdır. Bu məqsəd, eyni zamanda, Azərbaycanın müxtəlif istiqamətlərində yerləşən Daşkəsən, Quba, Balakən rayonlarının buraxılış imtahanı nəticələri yüksək olan seçilmiş ən istedadlı 6 (ümumilikdə 18) şagirdi arasında komanda şəklində inteqrasiyanın, valideynlərin övladlarının nəticələrini dəyərləndirmək, onların səmərəli və öyrədici istirahətinin təşkilinə diqqətinin artırılmasına xidmət edir.

 

Bəzi kütləvi informasiya vasitələrinin verdiyi xəbərlərə diqqət etsək, onların heç birində IX sinfin buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərin nə adlarına, nə şəkillərinə rast gəlmirik. Halbuki onları ictimaiyyətə tanıtmaq, onun gələcək ixtisas seçimi sahəsində daha böyük uğurlar əldə etməsinə zəmin yaratmaq üçün bu vacibdir.

 

İlk olaraq layihənin rəhbəri, Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəbinin coğrafiya müəllimi Səbinə Qədirova RTŞ əməkdaşları, məktəb rəhbərləri IX siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərini tədris edən müəllimlər üçün Daşkəsən Rayon Təhsil Şöbəsində görüş keçirib, layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, “Uğurdan gələcəyə” layihəsinin icra müddəti bu il iyunun 20-dən oktyabrın 30-dək olan müddəti əhatə edir. O, bu müddət ərzində ardıcıl olaraq görüləcək işləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Görüş zamanı məktəblərdə IX sinif şagirdləri və onların valideynləri ilə məktəbdaxili görüşlər keçirilərək onların layihə haqqında məlumatlandırılmaları  ilə bağlı tapşırıqlar verilib. Layihə rəhbəri özü də RTŞ əməkdaşlarının iştirakı ilə 10-a yaxın məktəbdə valideynlər və IX sinif şagirdləri ilə görüşlər keçirib, layihə  ilə bağlı  onları maraqlandıran sualları cavablandırıb. Belə görüşləri Quba və Balakən rayonlarının layihə üzrə seçilmiş koordinatorları  həmin rayonların təhsil şöbələrində və orta məktəblərdə təşkil ediblər. Görüşlərdə seçilmiş şagirdlərin Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Təlim Təcrübə Mərkəzində 4 gün keçiriləcək yay düşərgəsinin qalibi olduğu elan edilib. Bundan əlavə, hər rayon üzrə 20 nəfərdən çox, ümumilikdə isə 70 nəfər şagird layihə rəhbəri tərəfindən fəxri fərmanla mükafatlandırılıb. Bütün bu proseslər məktəb rəhbərləri, valideynlər və şagirdlər tərəfindən müsbət qarşılanıb.

 

17-20 iyul 2018-ci il tarixlərində Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Təlim Təcrübə Mərkəzində keçirilən Yay düşərgəsində şagirdlərin qalması, yol xərci, onlar üçün hazırlanmış xüsusi təlim materialları və köynəklər hər biri Təhsil Nazirliyinin ayırdığı qrant büdcəsi hesabına qarşılanıb.

 

“Uğurdan gələcəyə” layihəsində təlimçi, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Fəxri Məmmədli layihə müddətində fəal təlim metodlarından istifadə edərək şagirdlərə düzgün peşə seçimi etmək üçün müvafiq məlumat və istiqamətlərin verilməsi, onların öyrəndikləri mövzuları daha yaxşı mənimsəmələri üçün praktik məşğələlərin keçirilməsi, təqdimat, komanda işi və s. bacarıqların inkişaf etdirilməsi məqsədi və modulları üzrə təlimlər keçirib.

 

Təlim müddətində psixoloq Lalə Məmmədova şagirdlərin qonağı olub, onlarla psixoloji mövzularda seminar keçirib. Təhsil İnstitutunun Psixoloji xidmət şöbəsinin müdiri, Beynəlxalq qiymətləndirmələr üzrə milli koordinator Könül Pirverdiyeva şagirdlərə düzgün oxuyub anlama bacarıqları, açıq tipli sualların cavablandırılmasına yardım edən müxtəlif oxu strategiyaları ilə təlim keçib, onlarla oxu mətnləri üzərində beynəlxalq qiymətləndirmə metodlu testlərlə müzakirələr aparıb, intellektual yarış təşkil edərək qalib şagirdləri öz zəngin kitabxanasının müxtəlif sahəli kitabları ilə mükafatlandırıb. Layihə müddətində şagirdlərin istirahətini təşkil etmək məqsədilə komanda  üzvləri “Çənlibel” və “Qəçrəş” istirahət mərkəzlərinə səyahət ediblər.

 

Layihənin yekun hesabat tədbiri oktyabrın 29-da Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, gənclər və idman idarəsinin rəhbəri,  təhsil işçiləri, qalib şagirdlər və onların valideynləri iştirak ediblər.

 

Tədbirin sonunda Daşkəsən komandasına layihənin kuboku hədiyyə olunub.

 

Səbinə QƏDİROVA,

Daşkəsən rayon G.İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbinin coğrafiya müəllimi 



08.12.2018 | 10:09