LDU ilə “Standard İnsuranse” sığorta şirkəti arasında müqavilə imzalanıb | |
Lənkəran Dövlət Universiteti (LDU) ilə ASC “Standard İnsuranse” sığorta şirkəti arasında qarşlıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və ASC”Standard İnsuranse” İdarə Heyətinin sədri Anar Sadıxovun imzaladıqları müqavilə hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açır.
Müqaviləyə əsasən, təcrübəçi tələbələrin bilik və bacarıqlarının daim artırılması məqsədi ilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət, tələbələrin şirkətin bazasında istehsalat təlimi və təcrübə keçmələrinə şərait yaradılacaq.
Şirkətin nümayəndə heyətini qəbul edən professor Natiq İbrahimov onlara universitet barədə ətraflı məlumat verərək peşəkar kadr hazırlığı istiqamətində son illərdə görülən işlərdən, tələbələrə praktik vərdişlərin aşılanmasının vacibliyindən söz açıb. Şirkətlə əməkdaşlığın universitet üçün faydalı olacağını deyən N.İbrahimov bu addımın universitet məzunlarının işlə təminatına müsbət təsir edəcəyini xüsusi vurğulayıb. Həmçinin professor qeyd edib ki, bundan sonra tələbə və magistrlərin peşəkarlıq səviyyəsinin yüksək olması üçün sığorta ilə bağlı əlavə fənlərin tədrisi nəzərdə tutulur.
Şirkətin İdarə Heyətinin sədri Anar Sadıxov “Karyerada ilk addımlar” layihəsi, çərçivəsində ölkənin nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq etdiklərini, gəncləri maarifləndirmək məqsədi ilə mütəmadi görüşlər keçirdiklərini bildirib. O, bölgənin yeganə ali təhsil ocağı olan LDU ilə əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını deyib. Həmçinin, şirkətdə təcrübə keçən tələbə və magistrlərin işlə təmin olunacağına təminat verib.
Qeyd edək ki, bu gün ASC “Standard İnsuranse” sığorta şirkətinin Lənkəranda Cənub Regional Filialı fəaliyyətə başlayıb.
|
|
07.12.2018 | 14:57 | |
|
|
|