Heydər Əliyev adına liseydə “eTwinning” layihələri

Artıq  5 ildir ki, “ eTwinning  Plus” layihəsi Bakıdakı Heydər Əliyev adına liseydə uğurla həyata keçirilir.  Layihə liseyin ingilis dili müəllimi və eyni zamanda tədris işləri üzrə direktor müavini Natəvan Bədəlova tərəfindən davam etdirilir. Onu da qeyd edək ki, “eTwinning Plus” proqramı çərçivəsində Natəvan Bədəlova çoxsaylı layihələrin də təsisçisi olmuşdur. O, müxtəlif illərdə Avropa ölkələrindən olan həmkarları ilə birgə “Tariximiz və qalalarımız”, “ Milli geyimlərimiz”, “Avropalı yeniyetmələr arasında sağlamlıq problemlərinin araşdırılması”  mövzularında ortaq layihələr icra etmişdir.

 

Layihələrin icrası zamanı liseyin şagirdləri  Yunanıstan, Polşa, İspaniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya kimi  ölkələrin məktəbliləri üçün  qədim tariximiz, mədəni irsimiz və əvəzolunmaz mədəniyyətimiz haqqında təqdimatlar hazırlamış və eyni zamanda həmin ölkələrin tarixi, mədəniyyəti haqqında biliklər əldə etmişlər. Layihə boyunca azərbaycanlı şagirdlər və həmkar ölkələrin şagirdləri canlı bağlantılarda, video-konfranslarda fəal iştirak edərək təcrübə və fikir mübadiləsi aparmış, bir-birlərinin həyat tərzləri ilə yaxından tanış olmaq fürsəti qazanmışlar.

 

Qeyd edək ki, Natəvan Bədəlova 29 layihə icra etmişdir. Bu layihələr şagirdlərin dil bacarıqlarının təkmilləşdirilməsi, ünsiyyət qurması, qruplarda işləmək və təqdimatlar hazırlamaq bacarıqlarının inkişaf etdirilməsində böyük rol oynayır.

 

Beynəlxalq tədbirlərdə də fəal iştirak edən Natəvan Bədəlova 2014 - cü ildə Polşanın Qdansk şəhərində əlaqələndirici seminarda,  2017-cü ildə Maltanın Valetta şəhərində təşkil olunan illik konfransda və 2018-ci ildə Serbiyanın Belqrad şəhərində peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən təlimdə iştirak etmişdir. Eyni zamanda o, ölkəmizdə keçirilən beynəlxalq konfransların da fəal iştirakçısıdır.

 

Natəvan Bədəlova hal-hazırda “e twinning” layihəsi üzrə səfir kimi fəaliyyət göstərir, layihəyə qoşulan müəllimlərin maariflənməsində yaxından köməklik göstərir.

 

Niyazi RƏHİMOV



07.12.2018 | 15:01