“Biliyə bir ağac kimi yanaşın”

Əksəriyyət onu elektrik enerjisi ilə işləyən “Tesla” avtomobilləri ilə tanıyır. Sonra o, kosmosa avtomobil göndərmək iddiası ilə gündəmi “işğal etdi”. Hərçənd bu vaxtadək 4 müxtəlif istiqamətli milyardlıq şirkətin əsasını qoyub, kifayət qədər uğur və pul qazanmışdı. Söhbət dövrümüzün ən dahi personajlarından biri İlon Maskdan gedir. Milyarder iş adamı, ixtiraçı, mühəndis... Kimdir o? Hər kəsə maraqlıdır: İlon Maskın uğur formulunun sirri nədən ibarətdir? 

 

İlon Mask kimdir?

 

28 iyun 1971-ci ildə Cənubi Afrikada doğulub. Atası yerli mühəndis, anası kanadalı dietoloq olub. Uşaqlığı Cənubi Afrikada keçib. İlk kompüterə 10 yaşında sahib olub və ixtira etdiyi oyunu 500 ABŞ dollarına satıb. Uşaqlıqda gündə 10 saat kitab oxuyub. Pretoriyada orta məktəbi bitirdikdən sonra əvvəl Kanadaya, sonra isə ABŞ-a köçüb. 21 yaşında Pensilvaniya Universitetinə daxil olub, iki bakalavr pilləsinə yiyələnib - İncəsənət və elm Məktəbində fizika, Uortonun Biznes-məktəbində isə iqtisadiyyat üzrə. 24 yaşında Stenford Universitetinə daxil olub, ancaq cəmi bir neçə gündən sonra burada təhsil almaqdan imtina edib. Hər gün özünütəhsillə məşğuldur.  2018-ci ilə olan məlumata görə, 20,9 milyard dollara sahibdir. “Solar City” şirkətinin Direktorlar Şurasının üzvü, “Tesla”nın yaradıcısı, baş direktoru və Direktorlar Şurasının sədri, “Space X”in təsisçisi, baş mühəndisi, sahibi və baş direktoru, “PayPal”ın təsisçisidir.

 

Fərqlərin aşkarlanması

 

İş adamı və blogger Maykl Simmons bu suallara cavab axtarmağa çalışıb. Onun sözlərinə görə, bir çoxları Maskın uğur qazanmasının əsas səbəbini dayanmadan işləməsində, çətinliyə dözümlülüyündə və uzaqgörənliyində axtarırlar. Mask həftədə 85 saat işləyir. Deyilənə görə, uşaqlıqda gün ərzində 10 saat əlinə keçən bütün kitabları oxuyurmuş. Mask mühəndislik, fizika, raket sənayesi və günəş enerjisi sahələrinin mahir bilicisidir. Simmonsun fikrincə, iş adamı mövcud olan “uğur qazanmaq üçün konkret bir sahənin mütəxəssisi olmalısan” stereotipini dağıtmaqla məşhurlaşıb. O, belə demək mümkündürsə, hər şeyi bilir. Simmons Maskı “ekspert-erudit” adlandırır. Bu termin ilk dəfə “Bain & Company” şirkətinin sahibi Orit Qadiş tərəfindən işlədilib. Ekspert-erudit o şəxsə deyilir ki, müxtəlif sahələri dərindən öyrənir, onları bir-birləri ilə əlaqələndirən bağları müəyyən edir və bunun hesabına müxtəlif istiqamətlər üzrə uğur qazanır. “Maskın həyatını öyrəndikcə belə qənaətə gəldim ki, uğur qazanmaq istəyiriksə, müxtəlif sferaları öyrənməliyik. Hamımız eşidirik: Diqqətini bir işə yönəlt. Yaxud müxtəlif sferaların mütəxəssisi olsan da, heç birinin ustası deyilsən. Bu yanaşma ona əsaslanır ki, əgər siz müxtəlif sahələrlə maraqlanırsınızsa, hər birinə dair səthi bilik əldə edirsiniz və ustalıq səviyyəsinə çata bilmirsiniz. Ancaq ekspert-eruditlərin uğurları bu qənaəti inkar edir. Fərqli sahələrdə təhsil sizə bol informasiya verir, deməli, həm də innovasiyalara yol göstərir” - deyə blogger yazır.

 

Simmonsun sözlərinə görə, əgər siz texnologiyalarla məşğulsunuzsa və eyni zamanda biologiyadan agahsınızsa, yalnız texniki nəşrlər oxuyan həmkarlarınızı qabaqlayacaqsınız. Çünki elə bir kəşf edəcəksiniz ki, digərlərinin ağlına gəlməyəcək. Həyat göstərir ki, dünyadakı insanların yalnız az qismi öz sahələrinə aid olmayan nələrləsə maraqlanır.

 

Maraqlı bir araşdırma Simmonsun qənaəti ilə üst-üstə düşür. Dünyanın tanınmış 59 opera ifaçısının həyat və yaradıcılığı öyrənilib və müəyyən olunub ki, onların uğur qazanmalarının səbəbi ustası olduqları janrı fərqli yönlərlə qarışdırıb eksperiment etmələrindədir. UPENN-in tədqiqatçısı Skot Barri Kaufman hesab edir ki, bu, kross-treninq - müxtəlif sahələrin eyni vaxtda öyrənilməsi hesabına mümkün olur.

 

Qardaşı Kimball Maskın dediklərinə görə, İlon uşaqlıqda günə iki kitab oxuyurmuş. Yəni bu o deməkdir ki, əgər məsələn, biz bir aya bir kitab oxuyuruqsa, Mask 60 dəfə bizdən çox oxuyur. Əvvəl o, elmi fantastika, fəlsəfə, din, proqramlaşdırma, tanınmış iş adamları və ixtiraçıların bioqrafiyaları ilə maraqlanırmış. Bir az böyüdükdən sonra fizika, mühəndislik, biznes texnologiyaları, məhsulun istehsalı kimi mövzulara maraq göstərməyə başlayır. İlonun çox vacib bir xüsusiyyəti var və Simmons uğurların səbəbini bu amildə görür: o, aldığı informasiyaları müxtəlif sahələr arasında bölüşə və paylaşdıra bilir. Beləliklə, bir sferada əldə etdiyi bilik və bacarığı digərlərində tətbiq edir. Mask deyir: “Biliyə bir ağac kimi yanaşın. Əvvəl möhkəm gövdə, yəni fundamental prinsiplər, sonra yarpaqlar, yəni detallar”.

 

Biliklərin abstrakt prinsiplərə çevrilməsi əldə edilmiş informasiyanın fərqli sahələrdə tətbiqinə şərait yaradır. İnsanların fundamental prinsipləri intuitiv anlamalarına “Fərqlərin aşkarlanması” deyilir. Sadə yolla izah edək. Məsələn, sizin qarşınızda tutaq ki, hərəsində 20 ədəd “A” hərfi yazılmış iki lövhə var. Birinci lövhədə hərflər fərqli dizayn və şriftlə yazılıb. İkinci lövhədə isə bütün “A”lar eynidir. Birinci lövhə ikincidən fərqli olaraq bizə “A” barədə daha çox məlumat, oxşarlıqlar və fərqlər barədə informasiya verir. İkinci lövhə isə eyni “A”lardan ibarətdir deyə, biz fərqli heç bir informasiya əldə edə bilmirik.

 

İlon Maskın daha bir təkmilləşmə metodu mövcüddur. O, əldə etdiyi prinsipləri yeni sferalarda tətbiq edir. Məsələn, süni intellekt, fizika, mühəndislik və hətta bunlardan uzaq biznes sahəsindəki bacarıqların nəticəsidir ki, aşağıdakı elmi-biznes layihələr uğur qazanıb:

 

-    Aerokosmik sahədə “Space X”;

-    Avtomobil sənayesində “Tesla”;

-   Lokomotiv və qatar istehsalında “Hyperloop”. Yeri gəlmişkən, Mask ABŞ hökumətinə Vaşinqtonla Nyu-Yorku əlaqələndirəcək yeraltı tunelin tikilməsini təklif edir ki, burada nəqliyyat vasitəsi həmin “Hyperloop” vakuum qatarları olmalıdır;

-    Aviasiyada üfüqi qalxan və enən elektrik təyyarələrin istehsalı;

-    Texnologiyalarda “PayPal”;

-   Süni intellekt sahəsində “OpenAl” qeyri-kommersiya şirkəti. Bu şirkətin əsas missiyası indi və gələcəkdə süni intellektin insan həyat və fəaliyyətinə təsirini minimuma endirmək istiqamətində çalışmaqdan ibarət olacaq.

 

Onu bilin ki, hər şeyi bilməlisiniz

 

Psixologiya professoru Kit Holyak analogiya düşüncələri üzrə tanınmış ekspertlərdəndir. Holyak hər kəsə özünə iki sual verməyi məsləhət görür:

1.  Bu mənə nəyi xatırladır?

2.  Niyə bu mənə onu xatırladır?

 

Professorun fikrincə, siz daima suallar vermək və ətrafla maraqlanmaqla beyin əzələlərini məşq etdirir və digərlərinin nəzərlərini cəlb etməyən yenilikləri özünüz üçün kəşf etmiş olursunuz. Bu səbəbdəndir ki, Mask dahi hesab edilir:

-    Gənc illərində digərlərindən 60 dəfə çox kitab oxuyub;

-    Müxtəlif yönümlü ədəbiyyatı əxz edib;

-    Öyrəndiklərini fundamental prinsiplərə “parçalayıb” və yenidən “toplayıb”.

 

Tanınmış ekspert-erudit Riçard Bakminster Fullerin düşüncənin dəyişilməsinə dair araşdırmaları 10 il əvvəl yazılsa da, bu gün də aktualdır: “Elə bir əsrdə yaşayırıq ki, hamı dar ixtisaslaşmanı daha məntiqi, arzulanan və təbii hesab edir. Bu səbəbdən bəşəriyyət hərtərəfli inkişaf və dərkedilmədən məhrumdur. İxtisaslaşma insanlarda özünütəcrid və yadlaşma törədib. Hətta ona səbəb olub ki, insanlar düşünmək üçün məsuliyyəti digərlərinə ötürürlər. İxtisaslaşma elə qarışıq hisslər doğurur ki, hətta beynəlxalq və ideoloji pərakəndəlik və müharibəyə də səbəb ola bilər”.

 

Əgər biz vaxtımızı müxtəlif sferalardakı əsasların öyrənilməsinə sərf etsək və onların real həyatda tətbiqinə nail olsaq, bu bizə imkan verər ki, bir sferadan digərinə keçidimiz asan və sadə olsun. Əsas prinsiplərin toplandığı “ehtiyat boxçası”nı yaratmaqla insan onları müxtəlif sahələrdə tətbiq edə biləcək, indiyədək ona məlum olmayan sferalara müdaxilə edəcək və öz töhfəsini verə biləcək.

 

Gizli məktəb

 

İlon Maks güman ki, dövrümüzün ən qeyri-adi şəxsiyyətlərindən biridir. Özünün var-dövlətini o, müəllifi olduğu inqilabi və belə demək mümkündürsə, zəmanəni qabaqlayan layihələri hesabına toplaya bilib. Ancaq onun geniş ictimaiyyətin gözündən uzaq, qeyri-populyar bir layihəsi də mövcuddur: Gizli məktəb!

 

İlon 5 uşaq atasıdır. 2004-ci il doğumlu əkizlər və 2006-cı ildə dünyaya gəlmiş “üçlük”. Zaman keçdikcə o da bütün atalar kimi övladlarının keyfiyyətli təhsilini təmin etmək gerçəkliyi ilə üz-üzə qalıb. Əvvəl övladlarını Los-Ancelesdə fəaliyyət göstərən xüsusi istedadlı uşaqlar üçün nəzərdə tutulan Mirman məktəbinə göndərir. Bu məktəbə qəbul olunmaq üçün xüsusi IQ-testin keçilməsi lazımdır. Maskın uşaqları bu məktəbdə oxusalar da, o, verilən təhsilin səviyyəsindən narazı qalır. İlon, ümumiyyətlə, hesab edir ki, problem məktəbdə deyil, ABŞ-ın təhsil sistemindədir. İş adamı bu sistemi tükənmiş və köhnəlmiş hesab edir. Hazırkı məktəblər sənaye dövrünün məhsuludur. Burada bütün uşaqlar eyni dərsi keçirlər, baxmayaraq ki, onların fərdi qabiliyyət və zəkaları bir-birindən fərqlidir. Bu yanaşma informasiya dövrünün tələblərinə cavab vermir, o ki qaldı 2030-2050-ci illərdə aktiv karyera fəaliyyətində olacaq indiki uşaqların ehtiyaclarına.

 

Bu səbəbdən İlon 2014-cü ildə özünün yeni layihəsi - “Ad Astra” adlı özəl məktəbinin əsasını qoyur. Bu məktəb barədə heç bir yerdə məlumat yoxdur, nə telefon, nə sayt, nə sosial şəbəkələrdə səhifələri var. Məlum olan budur ki, məktəb Los-Ancelesin elit hissəsi olan Bel-Eyrdə yerləşir, uşaqlar tez-tez dərs və diskussiyalar üçün “Spase X”in Kaliforniyanın Hotorn şəhərindəki mənzil-qərargahına aparılırlar. Məktəbdə uşaqların sayı məhduddur. Daha doğrusu, burada Mask və əməkdaşlarının övladlarından başqa heç kim oxumur. Dərs deyən müəllimlərlə məktəbin fəaliyyətinə dair bütün mətləblərin məxfi qalacağı barədə müqavilə imzalanıb.

 

“Forum Daily”nin məlumatına görə, məktəbdə ağırlıq Qərb dünyası üçün ənənəvi olan mühəndislik, riyaziyyat, elm və texnologiyalar üzərinə salınmır. STEM (Science, Technology, Engineering, Mathematics) artıq çoxdan köhnəlib, təsadüfi deyil ki, ilk dəfə bu yanaşmanın tətbiqinə hələ uzaq 1903-cü ildə Avstraliyada başlanılıb. Mask hesab edir ki, bugünkü uşaqlar süni intellektlə işləməyi bacarmalı, strategiyanı yaxşı bilməli, həmçinin həyati vacib məsələlərə dair abstrakt diskussiyalarda iştirak etməyi bacarmalıdırlar.

 

“X Prize Foundation”un sədri Piter Diamindis məktəbin içində olan azsaylı şəxslərdən biridir. Danışdığına görə, bütün dərslərin vacib elementi etika və mənəviyyat barədə söhbətlərdir. Məktəbdə hesab edirlər ki, uşaqlar toqquşacaqları real həyatın ssenarilərini indidən öyrənməlidirlər. “Məktəbdə təqribən belə ssenarili oyunlar keçirilir: təsəvvür edək ki, bir gölün yaxınlığında zavod fəaliyyət göstərir. Bu zavodun işləməsi nəticəsində göl məhv olur. Əgər zavod bağlanarsa, insanlar işsiz qalacaq. Zavod işləməyə davam edərsə, göl, onun flora və faunası süquta uğrayacaq. Nə etməli?”.

 

Məktəbin daxili valyutası - “Astra” mövcuddur. Uşaqlar bu pul vahidi vasitəsilə treydinqin əsaslarına yiyələnirlər. Dərslərə görə qiymət verilmir, ev işi yoxdur, uşaqlar cəm halında, bir-birlərinə kömək edə-edə sinifdən-sinfə keçirlər. “Dərslərdə nəyin müzakirə olunduğu əhəmiyyətli deyil, istər Arktikanın sularında hərəkət edən gəmilərin hüquqları olsun, istər zavodun gölü çirkləndirməsi. Əsas olan odur ki, uşaqlar bu problemləri evdə ailələri ilə birlikdə müzakirə etməli və bir neçə mümkün ssenari hazırlamalıdırlar” - deyə məktəbin direktoru Coşua Dan söyləyir.

 

“Space X” texnoloji şirkət olsa da, bu məktəbdə elektron devayslardan demək olar istifadə edilmir. Nəzəriyyədən çox praktikaya önəm verilir. Planşet qadağandır. Gündə uzağı bir saat “Mac” kompüterlərindən istifadə olunur, o da “Google Classroom”, “Khan Academy”, “Code Akademy” və “Edx” kimi təhsil proqramları ilə əlaqə yaratmaq üçün. C.Dan hesab edir ki, uşaqlarda fantaziya həddindən artıq güclüdür və bir çox hallarda onların nəsə etmələri üçün bir parça təmiz kağız yetərli ola bilər.

 

Məktəbdə həmçinin xarici dillərə önəm verilmir. İlon Mask özü əlavə dilin öyrənilməsinə qarşı çıxır. Bu isə təsadüfi deyil. Onun əsasını qoyduğu neyrotexnoloji şirkət - “Neuralink” insan beyni ilə kompüter arasında interfeys əlaqələrinin istehsalı ilə məşğuldur. Əgər bu kəşf baş tutarsa, təbii ki, əlavə dil bilgisinə ehtiyac qalmayacaq.

 

Maskın qənaətinə görə, abstrakt riyazi məsələlər və tənliklərin həllinin heç bir xeyri yoxdur. Uşaqlar bunu niyə etdiklərini anlamırlar, insan beyni isə ona lazım olmayan informasiyanı çıxdaş edir. Bunun əvəzinə uşaqlar praktiki fizika və riyaziyyatla məşğul ola, misal üçün, mühərrik söküb-yığmağı, yaxud peyk yaratmağı öyrənməlidirlər. Təhsilə belə yanaşma çoxdan məlumdur, ancaq çox nadir hallarda tətbiq olunur. Mask hesab edir ki, artıq vaxt yetişib.

 

Peykin layihələndirilməsi və mühərrik üzərində iş uşaqlara riyazi və fiziki məsələlərin həllinə imkan yaradacaq. Əllərindəki alətlər isə onları təcrübəyə alışdıracaq. “Uşaqlar bu yolla hər hansı bir problemin həllinə çalışdıqda, bunu nəyə görə etdiklərinin fərqinə varacaqlar. Onlarda motivasiya formalaşacaq və təkbaşına oxuyub biliklər əldə etməyə müvəffəq olacaqlar” - deyə Mask bildirir.

 

Rüstəm QARAXANLI



07.12.2018 | 10:46