PİSA-2018-in iştirakçıları üçün seminar-dərslər

Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün seminar-dərslər təşkil olunur.

 

Seminar-dərslərin keçirilməsində əsas məqsəd məktəbliləri PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı, həmçinin, qiymətləndirmə zamanı tətbiq edilən qayda və üsullar barədə məlumatlandırmaq, eləcə də şagirdlərdə müvafiq mətnlər üzrə işləmək vərdişləri formalaşdırmaqdan ibarətdir.

 

Seminar-dərslərdə 2017-ci ilin iyun və dekabr aylarında təşkil olunmuş sınaq qiymətləndirmələrdə yüksək nəticə göstərmiş 2002-ci il təvəllüdlü şagirdlər iştirak edir. Beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslərin aprelin ilk ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulur.

 

Beynəlxalq qiymətləndirmə tədqiqatının elektron əsaslı olması nəzərə alınaraq məktəblilərin istifadəsi üçün www.istedad.edu.az saytı da yaradılıb. Saytda Azərbaycan dili, kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə simulyativ tapşırıqlar yerləşdirilib.

 

Qeyd edək ki, paytaxt məktəbliləri bu ilin aprel və mayında PİSA beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək.



15.03.2018 | 16:11