Səbailli yeniyetmələr Naxçıvana yola salınıb

Paytaxtın Səbail rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan şəhərinə  yola salınıb. Yolasalma mərasimindən öncə tur iştirakçıları Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin büstü önünə  əklil qoyublar.

 

Naxçıvana gedəcək qrupa rayonun orta ümumtəhsil məktəblərinin  öz təhsili və nümunəvi davranışı, ictimai  fəallığı ilə fərqlənən şagirdləri daxil ediliblər. Qeyd edək ki, şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb. Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tədbiyə edilməsi olan tur-aksiyanın  proqramına əsasən səbailli yeniyetmələr 3 gün ərzində Naxçıvanın görməli yerlərində olacaq, Heydər Əliyev mərkəzlərini və parklarını, tarixi abidələri, tarix-diyarşünaslıq muzeylərini  ziyarət edəcək, bölgə ilə yaxından tanış olacaqlar.  Tur-aksiya çərçivəsində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınıb.

 

Yolasalma mərasimində məktəblilərlə görüşən Səbail Rayon İcra Hakimiyyətinın başçısı Eldar Əzizov şagirdlərə turun məqsədi barədə məlumat verib, Prezident  İlham Əliyevin gənc nəslin tərbiyəsi,  savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulanıb. Qeyd olunub ki, bu tur-aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük  qrupu gəlir. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə yaxından tanış olacaq,  maraqlı istirahət  edəcəklər. E.Əzizov bu səfərlərin yeniyetmə və gənclərin bilik və  dunya- görüşünün  artırılması istiqamətində mühüm əhəmiyyəti olduğunu da  qeyd edib.

 

Tədbirdə çıxış edən məktəblilər, valideynlər, məktəb rəhbərləri yeniyetmələrin dünyagörüşünün və biliyinin daha da artmasına kömək göstərən belə tur-aksiyaların təşkili üçün ölkə başçısı  İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

 

Mərasimdə şagirdlərə qədim Naxçıvanın bu günü və tarixi abidələri barədə film nümayiş olunub.

 

Azərbaycan bayrağının rənğlərini əks etdirən şarları havaya buraxan  səbailli məktəblilər Səbail Rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirib və Naxçıvana yola düşmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanına yola salınıb.

 

Niyazi RƏHİMOV

 

 



15.03.2018 | 15:05