Elmi müəssisələrin direktorları bir araya gəldi | |
Dekabrın 3-də AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları, Rəyasət Heyətinin idarə rəisləri və digər məsul əməkdaşları iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İclasda müzakirəyə çıxarılan ilk məsələ AMEA Ümumi Yığıncağının 8 iyun 2018-ci il tarixli qərarının icrası haqqında olub. A.Əlizadə bildirib ki, akademiyada qarşıya qoyulan vəzifələr və müəyyən edilən prioritetlər rəhbər tutularaq bir sıra əhəmiyyətli işlər görülüb, elmin inkişafı üçün mühüm tədbirlər həyata keçirilib.
Alim rəhbərlik etdiyi qurumda irihəcmli elmi layihələrdə fəal iştirak, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, fundamental elmi tədqiqatların aparılması ilə bağlı kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. O, AMEA-nın müvafiq elmi müəssisələrində nanotexnologiyalar, alternativ enerji, kənd təsərrüfatı problemləri, elmin informasiya təminatının gücləndirilməsi, e-elmin formalaşması və digər istiqamətlərdə ciddi tədqiqatların aparılmasına dair müvafiq tapşırıqlar verib.
A.Əlizadə rəhbərlik etdiyi qurumun elmi müəssisələrinin gələcəyi ilə bağlı seminar və müzakirələrin təşkili haqqında da fikirlərini bölüşüb: “Hər bir elmi bölmənin nəzdində fəaliyyət göstərən institut və təşkilat mütəmadi olaraq gördüyü işlərlə bağlı hesabat verməli, elmi sessiyalar keçirməli, müəssisənin perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı konkret qərarlar qəbul etməlidir.”
Doktorantura və dissertanturada təhsilin təkmilləşdirilməsinə yeni yanaşmadan söz açan AMEA rəhbəri qeyd edib ki, dissertasiya mövzuları seçilərkən prioritet elmi istiqamətlərə diqqət yetirmək və dünya elminin tələblərini nəzərə almaq olduqca vacibdir. Hər bir elmi rəhbər gənc tədqiqatçılarla fərdi şəkildə işləməli, onların elmi potensialını müəyyənləşdirməyi bacarmalıdır.
Akademik A.Əlizadə bildirib ki, AMEA-nın çoxşaxəli islahatlarından biri də alimlərin elmi, elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, onların əməyinin stimullaşdırılmasıdır. O, ötən il bir qrup alimə yüksək elmi nəticələrinə görə “AMEA-nın professoru” elmi adının verildiyini diqqətə çatdırıb. Həmin alimlərin elmi-tədqiqat işlərinə, elmi kadrların hazırlanması prosesinə daha fəal cəlb edilməsinin vacibliyini vurğulayan alim bu məsələ ilə bağlı AMEA-nın elmi bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.
İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev elmi müəssisələrin saytlarının monitorinqinin nəticələrini təqdim edib. Alim monitorinqə cəlb olunmuş 55 elmi müəssisə və təşkilatdan 48-nin veb-saytının olduğunu diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ilin fevral-iyun aylarını əhatə edən monitorinqə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərindən ibarət qrup cəlb olunub. Monitorinq çərçivəsində akademiyanın elmi müəssisələrinə məxsus bir sıra veb-saytlar dizayn, proqram təminatı, xəbərlərin dinamikası, informasiyanın dolğunluğu və aktuallığı da daxil olmaqla, 16 bənddən ibarət meyarlara əsasən təhlil edilib, kompleks qiymətləndirilmə aparılıb.
Akademik Rasim Əliquliyev, həmçinin AMEA-da mühasibatlıq işinin İKT təminatı haqqında məruzə edib. Qeyd edib ki, ölkəmizdə maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı Maliyyə Nazirliyi ölkədə dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların fəaliyyətinin avtomatlaşdırılması istiqamətində bir neçə layihəni həyata keçirməkdədir. Bu layihələrdən biri də müəssisələrin mühasibat uçotu və maliyyə fəaliyyətinin avtomatlaşdırılmasını nəzərdə tutan “Müəssisə Resurslarının İdarəedilməsi Sistemi – “ERP” sistemidir. Bildirib ki, 2015-ci ildə nazirlik bu sahədə böyük təcrübəyə malik bir şirkətlə müqavilə bağlayaraq geniş imkanlara malik infrastrukturun qurulması işlərinə başlayıb.
İclasda “AMEA-da magistratura təcrübəsi: analiz və gələcəyə baxış” mövzusunda çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov akademiyanın magistraturasına qəbulun dinamikası, 4 il ərzində qəbul olunmuş magistrantların statistikasını diqqətə çatdırıb. O, 2017 və 2018-ci illərdə magistratura pilləsində plan yerləri və keçirilən müsahibənin nəticələri haqqında məlumat verib, eləcə də gələcəkdə görülməsi nəzərdə tutulan işlərdən danışıb.
Tədbirin sonunda müzakirəyə çıxarılan məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr irəli sürülüb.
|
|
04.12.2018 | 17:07 | |
|
|
|