“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub | |
“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibləri bəlli olub.
Belə ki, 299 nömrəli tam ota məktəbin XI sinif şagirdi Sevinc Əlizadə, 284 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sürəyya Səttarlı, 297 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aynur Bağırzadə, 198 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nərgiz Babayeva, 26 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Rəşad Hüseynov, 281 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Məryəm Əlizadə, Məktəb Lisey Kompleksinin VIII sinif şagirdi Rəna Şabanzadə və “Gənc istedadlar” liseyinin VIII sinif şagirdi Cabir Məmmədov “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində iştirak etmək hüququ qazanıblar.
Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə 12 açıq sual verilib. Bundan əlavə, müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.
Müsabiqənin ölkə mərhələsi 17 mart 2018-ci il tarixdə Bakı şəhərində akademik Zərifə Əliyeva adına liseydə (Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 253-cü məhəllə) keçiriləcək. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək.
Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.
|
|
15.03.2018 | 14:00 | |
|
|
|