5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir

Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib.

 

Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə həmçinin əməkdar mədəniyyət işçisi, mərhum tarzən Murtuz Mehdiyevin 75 illik yubileyi qeyd edilib.  

 

Tədbirdə çıxış edən məktəbin direktoru İradə Vəzirova bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində addımlar atılır.

 

İradə Vəzirova qeyd edib ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir və uşaqların tam orta təhsilini həyata keçirir. İnternat məktəbində 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onlardan 98 nəfəri qız, 209 nəfəri isə oğlandır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup  əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

 

1980-cı ildə məktəbin şagirdlərinin  musiqiyə olan həvəslərinin və  xüsusi duyumlarının  olduğunu nəzərə alaraq 38 nömrəli musiqi məktəbi təşkil olunub və  Murtuz Mehdiyev  məktəbin direktoru təyin edilib. İradə Vəzirova internatda təhsil alan sağlamlıq imkanları məhdud uşaqların həyatında bu məktəbin və Murtuz Mehdiyevin əvəzsiz rol oynadığını vurğulayıb. Direktor qeyd edib ki, hazırda musiqi məktəbində internat məktəbinin 150 şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka üzrə siniflərdə təhsil alır.

 

Məktəb kollektivinin əməyinin dövlət tərəfindən həmişə qiymətləndirildiyini deyən direktor bildirib ki, məktəbin rus dili müəllimi Afət Aşumova 2015-ci ildə ölkə Prezidenti cənab İlham  Əliyev tərəfindən “Tərəqqi” medalı, riyaziyyat müəllimi Eldar Hacıyev isə 2018-ci ildə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

 



03.12.2018 | 17:17