Kiçik istedadların böyük dünyası | |
Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə iştirak üçün “Bərabər təhsil-bərabər imkanlar! Distant inklüziv təhsil və inkişaf mərkəzinin yaradılması” layihəsini hazırlayanda da, bu layihəm qəbul olunanda da gözlərimin önündə sağlamlıq imkanları məhdud olan şagirdlərim dururdu. Onların bulaq suyu kimi dumduru, saf gözlərində sabaha böyük ümid işığı, müəllimlərinə, insanlara sonsuz inam duyğuları görürdüm. Hələ həyatın eniş-yoxuşlu yollarına qədəm qoymayan, ata-ananın, yaxınlarının qayğısı ilə əhatə olunaraq çətinliklərə asanlıqla qalib gələ bilən bu uşaqlara öz ayaqları üstə sərbəst durmaqda, həyatda öz yerlərini tapmaqda yardımçı olmaq arzusu məni bu layihə üzərində işləməyə sövq etdi. Bir də ulu öndərimiz Heydər Əliyevin şəxsi nümunəsi. Çox gənc idim. Onda hələ ulu öndərimiz respublikamızın müstəqillik yollarında inamlı addımlar atması üçün əlindən gələni edir, Azərbaycanı dünya miqyasında tanıdır, cəbhədə atəşkəsə nail olmaqla ordu quruculuğunda uğurlu siyasət həyata keçirirdi. Belə bir vaxtda işlərinin çoxluğuna baxmayaraq, uşaq evlərində ata-ana qayğısından məhrum uşaqlara baş çəkməyə, bir xoş söz, bir səmimi münasibətlə onların könlünü xoş etməyə də vaxt tapırdı. Yenə də belə görüşlərdən biri idi. Televiziyada görüşün canlı yayımı verilirdi. Mən maraqla bu verilişə baxırdım. Ulu öndər fiziki sağlamlığı məhdud olan uşaqlarla görüşür, onların üzündən öpür, saçını oxşayır, bəzilərinin anlaşılmaz, dolaşıq nitqinə səbirlə qulaq asır, arzularını öyrənirdi. Bu dahi şəxsiyyətin ümman səbri, sonsuz məhəbbəti mənim üçün böyük bir məktəb oldu. Bu gün hazırladığım layihə ilə sanki ulu öndərimizin ruhu qarşısında müəllimlik, analıq borcumu qismən yerinə yetirmiş oldum.
Layihənin giriş hissəsində (“Problemin qoyuluşu”) qeyd etdiyim kimi, inklüziv təhsilin yaxşı cəhətlərindən biri sağlamlığı məhdud olan uşaqların öz yaşıdlarından təcrid olunmaması, başqaları ilə birlikdə təhsil, bərabər imkanlara malik olmasıdır. Bu da həmin uşaqlarda öz güclərinə inam yaradır, onlar hamı ilə birlikdə öyrənməyə, nəyəsə qadir olduğunu göstərməyə cəhd edirlər.
İnklüziv təhsil alan uşaqlarla işləyən müəllimlərin düzgün seçilməsi, həmin müəllimlərlə mütəmadi olaraq təlim keçirilməsi məsələsi də layihədə yer alıb. Bu, xüsusi təcrübəsi olanlarla yeni öyrənənlər arasında faydalı əməkdaşlığın yaranmasına səbəb olub.
Layihə çərçivəsində şagirdlər, müəllimlər və valideynlər üçün metodik vəsaitlərin hazırlanmasını da nəzərdə tutmuşduq.
Bu layihə vasitəsilə nəinki şəhərdə, həmçinin ucqar kənd və rayonlarda yaşayan belə şagirdlər həm təhsil sisteminə daha asan inteqrasiya olunma imkanı qazanır, həm də hazırlanmış xüsusi proqramlar vasitəsilə müxtəlif saytlara daxil olaraq məlumatlar əldə edirlər. Bu da onların şəxsiyyət kimi formalaşmasına yardım edir və onlar cəmiyyətdən təcrid olunma hissindən azad olurlar. Beləcə, cəmiyyət sağlam düşüncəli vətəndaşlar qazanır.
Mərkəzin yaradılmasından keçən bir neçə ayda fiziki sağlamlığı məhdud olan uşaqların əlaqəli ünsiyyət yaratmasına, psixoloji mühitin yaranmasına nail olmuşuq. Uşaqlar bizim mərkəzin fəaliyyətində yaxından iştirak edir, özlərini, sözün əsl mənasında, xoşbəxt hiss edirlər.
Məktəbimizin mesafedeninkishaf.az saytında elektron dərsliklər, testlər, rənglənmə materialları və s. var. Şagirdlərimiz bu sayta girib istədikləri məlumatları ala bilərlər.
Bir daha vurğulamaq istərdim ki, İKT-nin imkanları çox genişdir və mütləq fiziki sağlamlığı məhdud olan uşaqları bu vasitələrdən istifadəyə yönəltmək lazımdır.
Hazırladığımız layihə bu yolda atılmış bir addımdır və inanırıq ki, bu addımların yürüşə çevrilməsi üçün bütün cəmiyyət yardımçımız olacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı da bu məsələnin həmişə dövlətin diqqət mərkəzində olmasını göstərir. Hər bir sahədə cənab Prezidenti dəstəkləyən pedaqoji kollektivimiz bu sahədə əlindən gələni əsirgəməyəcək, yardıma və xüsusi qayğıya ehtiyacı olanların qolundan tutmağa hazır olacaqdır.
İlahə HƏSƏNLİ, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru, layihənin rəhbəri |
|
30.11.2018 | 16:24 | |
|
|
|