Gənc idarəçilər özlərini “Özünüidarə günü”ndə sınadılar

Şagird özünüidarə orqanlarının inkişafı vətəndaş tərbiyəsi sisteminin bir hissəsi kimi qəbul olunur. Vətəndaş tərbiyəsinin vəzifəsi isə lider yetişdirməyə, demokratik ünsiyyətə alışdırmaya, kollektivdə işləmək bacarığının, yaradıcı istedadın inkişafına yönəlir. Baxmayaraq ki, məktəblərdə Şagird Parlamenti, Şagird Elmi Cəmiyyəti kimi qurumlar mövcuddur, lakin açığı,  bir çox təhsil müəssisələrində bu təşkilatlar zəif fəaliyyət göstərir, hətta yox dərəcəsindədir. Şagirdlərin məktəb həyatında bu yöndə daha fəal iştirakına hər zaman böyük ehtiyac duyulur.

 

Mənim “Özünüidarə günü” layihəm də məhz bu ehtiyacdan yaranmışdır. Onu Təhsil Nazirliyinin bu il keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nə təqdim etmiş və layihəm fərdi kateqoriya üzrə müsabiqənin qaliblərindən olmuşdur. Layihəm sentyabrın 5-dən həyata keçirilir.

 

Layihədə məqsəd şagird təşkilatlarının fəaliyyətini daha da aktivləşdirmək, məktəbdə keçiriləcək birgünlük “Özünüidarə günü”nün köməyi ilə şagirdləri təhsil ocağının idarə olunmasında fəallıq göstərməyə təşviq etmək idi. 3 ay ərzində davam edən bu layihədə gözləniləndən daha yaxşı nəticə əldə edildi. Belə ki, layihə şagirdləri fəallaşdıraraq,  məktəbin ictimai həyatında daha yaxından iştirak etməyə sövq etdi.

 

“Özünüidarə günü” layihəsinin ümdə vəzifələrindən biri də uşaqları Uşaq Hüquqları Konvensiyasında əks olunan bir sıra hüquqları (iştirak hüququ, informasiya əldə etmək hüququ və b.) ilə tanış etmək, onları məhz şəxsiyyətyönümlü tərbiyə etmək idi.

 

Layihə təkcə müəllim-şagird münasibətlərində yeniliyə imza atmadı, eyni zamanda valideynlərdə də öz övladlarının indiyə qədər açıqlamadıqları cəhətlərini aşkar etməyə kömək etdi, onlar gələcəyimizin qurucuları olan övladlarının istedadlarının, liderlik qabiliyyətlərinin üzə çıxmasının sevincini yaşadılar.

 

Layihəyə 3 məktəb - Bakı  Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi, Bakı şəhəri Nizami rayonu 328 nömrəli tam orta məktəb və Xocavənd rayonu 2 nömrəli  məcburi köçkün məktəbi cəlb olundu.

 

İlk öncə layihədə iştirak edəcək məktəblərdə şagirdlər arasında sorğular və testlər aparılmaqla liderlik xüsusiyyətlərinə malik şagirdlərin seçimi həyata keçirildi. Seçilən şagirdlər “Özünüidarə günü”nü necə gördükləri ilə bağlı çıxış hazırlayıb, təqdim etdilər.

 

Hər üç məktəbdə ayrı-ayrılıqda səsvermə nəticəsində şagirdlərin “Özünüidarə günü” hansı vəzifəni icra edəcəyi müəyyənləşdirildi. Əvəz olunan vəzifələrə, yəni məktəbin direktoru, direktor müavinləri, fənn müəllimləri (fənlər şagirdlərin istəyi ilə müəyyənləşdirildi), növbətçilər cəlb olundu.

 

“Özünüidarə günü” hər hansı vəzifəni icra edəcək şagirdlər üçün həftədə bir dəfə olmaqla seminarlar keçirildi. Seminarlarda hər məktəbdən 10 şagird olmaqla 30 nəfər iştirak etdi. Seminarlarda müəllimlər iş planını idərəetmə, uşaq hüquqları, dərs prosesinin təşkili, gündəlik planlaşdırma və psixologiya üzrə  quraraq  şagirdlərə bu sahələrdə zəruri bilikləri mənimsətdilər. Həmin seminarlarda şagirdlər “Özünüidarə günü” yarana biləcək əksər problemlərin həlli yolları ilə tanış olmaqla, fikir mübadiləsi apardılar.

 

Müəyyən edilmiş tarixlərdə məktəblərdə “Özünüidarə günü” keçirildi. Şagirdlər öncə dəvətnamələr hazırlayıb  valideynləri, digər məktəblərin müəllimlərini, ictimaiyyət və KİV nümayəndələrini “Özünüidarə günü”nə dəvət etdilər. Həmin gün layihəyə cəlb olunmuş digər məktəblərin nümayəndələri də məktəbə gələrək təcrübə mübadiləsi aparmış oldular.

 

Noyabrın 8-də Bakı şəhəri Nizami rayonunun 328 nömrəli  tam orta məktəbində layihənin  həyata keçirilməsi prosesinə start  verildi. 11-ci sinif şagirdi Xəyalə Rüstəmli 328 nömrəli  məktəbdə direktor vəzifəsini icra etməklə bir daha gələcəyin idarəedicilərinin məhz onlar olacaqlarını sübut edə bildi.

 

Dərs gününə təntənəli cərgə ilə başlandı, himn səsləndirildi, şahmat qalibləri mükafatlandırıldı. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri 11-ci sinif şagirdləri Fatimə Vəliyeva, Nilufər Sadıqova vəzifələrinin öhdəsindən tam məsuliyyət hissi ilə gələ bildilər.  Murad Muradalıyev riyaziyyat, Əli Hüseynli fiziki tərbiyə, Dilbər Nəbiyeva ədəbiyyat, Sofiya Muradova tarix, Hüsniyyə Nəzərova  ingilis dili, Nigar Həsənzadə ibtidai sinif müəllimi vəzifəsində çıxış edərək bir-birindən maraqlı dərs nümunələri təqdim edə  bildilər. Hüsniyyə Nəzərova və Vaqif Babayev beşinci sinif şagirdləri arasında basketbol üzrə yarışı yüksək səviyyədə təşkil etdilər. Dövlət Bayrağı Günü ərəfəsində keçirilən “Özünüidarə günü” bu tarixə həsr olunmuş konsert proqramı ilə yekunlaşdı. Sonda bir neçə məsələni özündə əks etdirən bəyannamə imzalandı. Bəyannamədə məktəbin embleminin yaradılması istiqamətində fəaliyyət planı hazırlanıb həyata keçirilməsi, Şagird Parlamenti, Şagird Elmi Cəmiyyətinin təsis edilməsi, məktəbdə xarici dillər üzrə dərnəklərin təşkili kimi məsələlər qeyd edildi.

 

Noyabrın 12-də “Özünüidarə günü” layihəsinin estafeti BSU-nun nəzdində məktəb-lisey kompleksinə ötürüldü. 11-ci sinif şagirdi Fərhad Hüseynzadə  direktor, Şəfəq Abdullayeva (10-cu sinif), Nəzrin Əliyeva (11-ci sinif), Ləman İsmayılova (11-ci sinif) təlim-tərbiyə işləri üzrə direktor müavinləri vəzifəsində çıxış edərək bir günlük çətin, eyni zamanda məsuliyyətli bir işi layiqincə həyata keçirməyin qürurunu yaşadılar. Xədicə Məmmədli kompleksin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi açaraq,  sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini kimi öz işini düzgün və maraqlı  təşkil edə bildi. Nihat Mehdizadə riyaziyyat, Günəş Abdullayeva coğrafiya, Aysel Əlizadə rus dili müəllimi kimi müasir təlim metodlarından istifadə edərək gözəl dərs nümunələri nümayiş etdirdilər. Layihəyə qatılan Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq uşaq konfransının qalibləri Murad Vəliyev (10-cu sinif) və Bəyim Seyidova (11-ci sinif) xarici dil biliklərini yüksək səviyyədə nümayiş etdirdilər. Muradın rus dilində “Təmsillər”, Bəyimin isə ingilis dilində “Qədim Yunan mifləri” mövzusunda keçirdikləri maraqlı müzakirələri “Özünüidarə günü”nün yaddaqalan anlarından oldu.

 

Noyabrın 13-də “Özünüidarə günü” layihəsi çərçivəsində daha bir maraqlı gün keçdi. Xocavənd rayonu 2 nömrəli məktəbin istedadlı və müasir düşüncəli şagirdləri həm həyəcan, həm də sevinc hissi ilə fəaliyyətə başladılar. Sənan Cabbarlı direktor, Samir Hacızadə, Banu Məmmədli, Sara Heydərova direktor müavinləri vəzifələrində   bir sıra  işlər gördülər. Müxtəlif siniflərdə Nigar İsgəndərli kimya, Nihad Qorçiyev riyaziyyat, Əfqan İbrahimov tarix, Nəzrin Nağızadə ibtidai sinif, Nuranə Quliyeva Azərbaycan dili və ədəbiyyat, Nihad Ramazanov növbətçi müəllim funksiyasını əsl peşəkarlıq, məsuliyyət hissi ilə yerinə yetirə bildilər. Nümunəvi dərslərdən sonra  direktorluqda  müzakirələr təşkil edildi, rəsm sərgisi, maraqlı ədəbi-bədii tədbir keçirildi.

 

Özünüidarə günləri hər üç məktəbdə keçirildikdən sonra ümumi müşavirə çağırıldı  və hər bir məktəb özünün hesabat təqdimatı ilə çıxış etdi. Media işçilərinin,  layihədə iştirak edən məktəblərin rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə Layihənin bağlanışı keçirildi. Layihə iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edildi.

 

Naibə KƏRİMLİ,

layihənin rəhbəri



30.11.2018 | 14:35