ADNSU-nun rektoru doktorantlarla görüşüb | |
Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ali təhsil müəssisəsinin doktorantura səviyyəsində təhsil alan tələbələr və onların dissertasiya rəhbərləri ilə görüşüb.
Universitetdən verilən məlumata görə, rektor görüşün keçirilməsində məqsədin adıçəkilən ali məktəbin doktorantura səviyyəsində olan vəziyyəti və gələcək planları müzakirə etmək olduğunu bildirib. ADNSU-da doktorantura səviyyəsinə böyük diqqət ayrıldığını söyləyən rektor Mustafa Babanlı bəzi statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Doktoranturada təhsil alanların elmə marağını artırmaq üçün universitetin doktorantların layihələri üçün qrant ayırmağı planlaşdırdığını bildirən rektor həmçinin, onların xaricdə elmi-tədqiqat işləri həyata keçirməsi üçün şərait yaradılacağını da qeyd edib. Gələcəkdə doktoranturaya qəbulda müəyyən səviyyədə ingilis dilinin tələb olunacağını deyən M.Babanlı daha sonra dissertasiya mövzularının seçilməsi, kafedraların material-texniki bazasının yaxşılaşdırılması, bəzi ixtisasların akkreditasiyadan keçirilməsi və s. məsələlərə toxunub.
Sonda doktorantları maraqlandıran suallar cavablandırılıb.
Samirə KƏRİMOVA |
|
15.03.2018 | 11:14 | |
|
|
|