“Açıq qapı” günləri keçirilir

Paytaxt məktəblərində valideynlər üçün “Açıq qapı” günləri keçirilir.

 

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Açıq qapı” günlərinin təşkil olunmasının əsas məqsədi valideynləri “Məktəblinin dostları”nın iş prinsipi ilə yaxından tanış etmək, onları təhsil prosesinə cəlb etmək və məktəb-valideyn əlaqəsini daha da genişləndirməkdən ibarətdir.

 

“Açıq qapı” günlərində valideynlər “Məktəblinin dostları”nın iş prosesini yaxından izləyir, məktəb mühiti ilə tanış olur və valideynlərə təhsil müəssisələrinin  fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumatlar verilir.

 

Həmçinin valideynlərin fikirləri, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr barədə rəyləri, təklifləri dinlənilir və səmərəli fikir mübadiləsi aparılır.

 

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

 



29.11.2018 | 15:14