AzMİU-da beynəlxalq elmi-praktik konfrans

Noyabrın 27-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi tərəfindən “UNDP GEF Kura Project” layihəsi və Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondunun birgə təşkilatçılığı ilə “Müasir inşaatda su, enerji təchizatı və ekologiya problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayır. 2 gün davam edəcək konfransda dünyanın müxtəlif ölkələrinin universitetlərindən (Türkiyə, İran, Slovakiya, Rusiya, Ukrayna, Gürcüstan),  o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, BMT-nin Azərbaycan nümayəndəliyindən, müxtəlif təşkilatlardan nümayəndələr, görkəmli alimlər iştirak ediblər.

    

Konfransı giriş sözü ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova iştirakçıları salamlayıb, mövzu barədə məlumat verib, onun aktuallığını qeyd edib. O bildirib ki, müasir dövrdə planetimizin qlobal problemlərindən ən əsası yüksələn sənaye istehsalı şəraitində ətraf mühitin qorunub saxlanılmasıdır: “Son illərdə ölkəmizdə sürətlə inkişaf edən inşaat sənayesi ətraf mühitin ekoloji durumuna bilavasitə təsir göstərir. Planetimizin qlobal və öz həllini gözləyən əsas problemlərindən olan su, enerji, torpaq, hava, ətraf mühitin çirklənməsi və s. amillər bəşər övladını daima düşündürən məsələlərdən hesab olunur”. G.Məmmədova vurğulayıb ki, konfransın keçirilməsində məqsəd respublikamızda ekoloji modelləşdirmənin təkmilləşdirilməsinə kömək edəcək yeni ideya və təkliflərin elmi müzakirəsinə nail olmaq, bu istiqamətdə müxtəlif ölkələrin təcrübələrini paylaşaraq fikir mübadiləsi aparmaqdır.

 

Konfrans plenar iclasda öz işini davam etdirib. Universitetin “Ekologiya” kafedrasının müdiri, professor Fəqan Əliyevin “Xəzər dənizi və Kür çayının tullantılarla çirklənməsinin tədqiqi” mövzusunda məruzəsi dinlənilib. Professor bu istiqamətdə görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb, problemin həlli yollarını göstərib. Türkiyədən gələn qonaq İstanbul Su Kanal İdarəsinin (İSKİ) Çirkab suların təmizlənməsi bölümünün başqanı Ali İncinin “Atık su arıtma ve çamur yönetiminde İSKİ uygulamaları” adlə məruzəsi maraqla qarşılanıb. Məruzəsinə başlamazdan əvvəl qonaq AzMİU ilə təmsil etdiyi qurum arasında qurulmuş işgüzar münasibətləri vurğulayıb, 2007-ci ildən bəri azərbaycanlı tələbələrin hər yay İSKİ-də istehsalat təcrübəsi keçmələrinə toxunub. Qarşılıqlı əlaqələrin gələcək perspektivlərinin daha faydalı olacağına ümidvar olduğunu bildirən Ali İnci universitet ilə hər cür əməkdaşlığa hazır olduqlarını bildirib.

  

BMT-nin Azərbaycan nümayəndəliyindən “UNDP GEF Kura II Project” layihəsinin texniki rəhbəri doktor Meri Metyus da plenar iclasda “Dayanıqlı inkişaf məqsədlərini nəzərə almaqla su idarəetmə infrastrukturları üçün təbii amillərə əsaslanan həll yolları” adlı məruzə edib. Plenar iclasda çıxışlar dinlənildikdən sonra konfrans öz işini bölmələrdə davam etdirib. Qeyd edək ki, konfransa ümumilikdə 90-dan artıq məruzə təqdim olunub. 



29.11.2018 | 12:41