Energetika naziri ADNSU-da

Noyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovla görüş keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı Energetika naziri Pərviz Şahbazovu salamlayaraq universitetdə gerçəkləşdirilən işlər barədə ətraflı məlumat verib. İnsan kapitalının formalaşmasında dövlətə dəstək verilməsinin əhəmiyyətindən söz açan rektor, professor M.Babanlı təhsil strategiyası çərçivəsində bir sıra proqramların həyata keçirildiyini bildirib. Öz fəaliyyətini bu sənədlərdən götürən ADNSU-nun da ölkənin kadr və enerji potensialını dəstəkləməkdə olduğunu diqqətə çatdıran rektor  hazırda universitetin bir sıra yerli və xarici şirkətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlıq etdiyini vurğulayıb. Universitetdə tədrislə yanaşı elmi fəaliyyət və innovasiyalar sahəsindəki işlərdə də canlanmanın olduğunu qeyd edən rektor M.Babanlı ADNSU-nun İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun “Wattbooster” elektrik enerjisinə qənaət qurğusunun noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunduğunu vurğulayıb. Rektor M.Babanlı ADNSU-nun ölkənin energetika sahəsi üçün kadrlar hazırlayan zəngin ənənələri və müasir innovasiyaların tətbiqinə açıq ali məktəb olduğunu qeyd edərək milli sənayemizin müxtəlif sahələri üçün yüksəkixtisaslı kadrların yetişdirilməsi işində Energetika nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

 

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov uzun illərdən sonra təhsil aldığı ali məktəbdə olmaqdan qürur hissi duyduğunu bildirib. Nazir  energetika sənayesi üçün  kadrlar yetişdirən ADNSU-da bu gün  təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən xəbərdar olduğunu deyib. Ölkənin energetika, neft və qaz ehtiyatlarından istifadə sahəsində görülən işlərdən və yeni layihələrdən söz açan nazir Pərviz Şahbazov Şahdəniz qaz layihəsinin əhəmiyyətindən danışıb. Hazırda Azərbaycanın iqtisadi yüksəliş dövrü yaşadığını qeyd edən nazir ölkənin neft-qaz və enerji sektorunda gedən inkişafdan danışıb. Texnologiyaların inkişafının enerji sektorunda da inkişafı sürətləndirdiyini deyən  P.Şahbazov bu proseslərin insan kapitalının inkişafına şərait yaratdığını bildirib. Çıxışın sonunda energetika naziri ölkənin enerji gələcəyinin qurulmasında və inkişafında bilavasitə iştirak edəcək kadrlara ehtiyac olduğunu və bu sahədə universitetlərlə birgə işləməyin vacibliyini bildirib.

 

Sonda Energetika naziri Pərviz Şahbazov tələbələrin suallarını cavablandırıb.

 



27.11.2018 | 17:39