Təhsil İnstitutunun təşkilatçılığı ilə ACER təlimlərinə start verilib
Təhsil İnstitutu və Avstralyanin Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində 7 oktyabrda Təhsilalanların səriştə əsaslı qiymətləndirilməsi təlimlərinə start verilib.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, ACER təlimlərinin keçirilməsində məqsəd qiymətləndirmə çərçivə sənədinin hazırlanması, tapşırıqlar üçün təlimatların və stimulların seçilməsi, çoxseçimli tapşırıqların və yaradıcı cavab tələb edən tapşırıqların hazırlanması, testlərin tərtibi üzrə təlimatlar və keyfiyyət təminatı daxil olmaqla, test dizaynı və tapşırıq yazılması istiqamətində müəllimləri inkişaf etdirməkdir.
 
Təlimin ilk günü ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyev, ACER nümayəndəsi və digər məsul şəxslər hər iki qurum arasındakı əməkdaşlığın və sözügedən təlimlərin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzu ediblər. İlk gün təlim proqramı ümumi sessiyalarla yanaşı, üç kiçik qrupda (oxu, riyaziyyat və təbiət) domenə (sahələrə) spesifik sessiyaları əhatə edəcək. Tədris dili, riyaziyyat və təbiət elmləri üzrə tədris aparan müəllimlər Beynəlxalq Qiymətləndirmə Tədqiqatlarını araşdırmaqla qrup müzakirələrinə cəlb olunacaqlar. Riyaziyyat əsaslı sessiyalarda iştirakçılar PISA və TIMSS kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarını, Avstraliyanın Milli Qiymətləndirmə Proqramlarını: Savadlılıq və Riyaziyyat (3, 5, 7 və 9-cu siniflər üçün), İbtidai Təhsil Müəllimliyi tələbələri üçün Avstraliya Savadlılıq və Riyaziyyat Testinin (LANTITE) riyazi savadlılıq çərçivələrini araşdıracaqlar.
 
Təbiət əsaslı sessiyalarda iştirakçılar PISA (2025) və TIMSS (2023) kimi beynəlxalq çərçivələri, Avstraliyanın Milli Qiymətləndirmə Proqramı: Təbiət (6-cı və 10-cu siniflər üçün) və ABŞ-nin orta məktəblər üçün Növbəti Nəsil Təbiət Standartları kimi milli proqramları ətrafında diskussiya aparacaqlar. Dil/savadlılıq sessiyalarında iştirakçılar PISA kimi beynəlxalq tədqiqatlarının oxu çərçivələrini, Cənub-Şərqi Asiya İbtidai Təhsil Ölçmələri (SEA-PLM) kimi regional proqramlardan oxu və yazı çərçivələrini, LANTITE-dən savadlılıq çərçivəsini müzakirə edəcəklər. I günün nəticəsi olaraq iştirakçılar qiymətləndirmə çərçivələrinin hazırlığına və icrasına necə rəhbərlik edildiyini anlamaqla yanaşı hər üç fənn üzrə qiymətləndirmə tapşırıqlarının mövcud çərçivələrə uyğunlaşdırmaq təcrübəsinə sahib olacaqlar.
 
Qeyd etmək lazımdır ki, təlimlər 7-11 oktyabr tarixlərində baş tutacaq. Yekunda iştirakçılar sertifikatla təltif olunacaq.


07.10.2024 | 13:00