“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək | |
Oktyabrın 31-də Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun əsas təşkilatçılığı ilə “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar və transformasiyalar, onların təsirləri və neqativ-pozitiv aspektləri müzakirə olunacaq. Tədbirdə iştirak etmək üçün elmi-tədqiqat institutları, ali məktəblər, müəssisə, idarə və təşkilatlar müraciət edə bilərlər.
Məqalə və tezislərin adı, annotasiyası, açar sözləri və təqdimat variantı 25 oktyabr 2024-cü il tarixinədək Azərbaycan yaxud ingilis dilində fiziki və elektron formada təqdim olunmalıdır.
Məqalə və ya tezislərin tərtib olunması qaydaları:
Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, sətirlərarası məsafə 1.15 intervalla, kənarlardan (hər tərəfdən 2.0 sm) boşluq buraxılmalı, başlıq mərkəzdə yazılmalı, səhifələr sağ tərəfdə aşağıdan nömrələnməlidir.
Məqalə və tezislərdə müəlliflərin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, telefon nömrəsi və elektron poçt ünvanı qeyd edilməlidir.
Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə mərkəzdə yazılmalıdır.
Məqalə formasındakı məruzələrin həcmi 8-10 səhifə, tezislər isə 3-4 səhifə olmalıdır. Məqalə və tezislərə “Xülasə” (80-150 söz), “Açar sözlər” (5-8), “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır.
Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır.
Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məqalə və məruzələri qəbul etməyə bilər.
Konfransda məruzə edilmiş və bəyənilmiş materiallar respublika elmi-praktiki konfransın materialları kimi kitab şəklində çap olunacaq.
Seçilmiş materialların yenidən işlənilərək və təkmilləşdirilərək İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyalarının Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarında da nəşr olunması tövsiyə ediləcək.
Məqalə və tezisləri elektron formada alovsat_qaraca@mail.ru ünvanına göndərmək lazımdır.
Əlaqə telefonu: (012) 539-72-26
Ünvan: İnformasiya Texnologiyaları İnstitutu, Bakı ş., B.Vahabzadə 9.
|
|
07.10.2024 | 09:41 | |
|
|
|