Gələcəyin memarı – Müəllim | |
Ömrün şirin çağları
Yazda günəşin ilıq şüasının, payızda sarı xəzəlin, qəfil-qəfil yağan aramsız yağışların, qışda isə şaxtanın müşayiəti ilə getdiyimiz, bəzən yuxudan oynamaqda çətinlik çəkərək evdən çıxıb günümüzün çox hissəsini keçirdiyimiz məkan...
Artıq dərslərin başlanmasına bir neçə dəqiqə qalır. Addımlarını yeyinləşdirir, yanaqları qızarmış halda məktəb həyətinə çatırsan. Tez sıranı tapır, qamətini, duruşunu düzəldir, əlini ürəyinin üstünə qoyub dövlət himnimizi məktəbin bütün şagirdləri, müəllimləri ilə birgə ucadan oxuyursan.
Sinifə getməyə tələsir, balacaların arasından keçməyə yer tapmağa çalışırsan. Arada valideynlərindən ayrılmaq istəməyən birinciləri görüb üzündə qeyri-ixtiyari bir təbəssüm yaranır. Hələ ilk dəfə gördükləri müəllimlərini vaxt gələcək necədə doğma xatırlayacaqları xəyalında canlanır. Əslində, bu vaxtların ömrün ən gözəl çağları olduğunu düşünürsən. Zəng vurulur.
Bir azda yerində vurnuxa-vurnuxa bu 45 dəqiqənin keçməsini istəyir, arada "nə olar müəllim məni löhvəyə çağırmasa" deyə öz-özünə düşünürsən. Əslində, isə üzünə baxanda dərsə hazır olub-olmadığını bilmələrindən xəbərsizsən. Böyüdükcə müəllimin "mən də işlərimi çatdırmalıyam" sözləri sənə uzaqda səslənən və adını tapmağa çalışdığın musiqini xatırladlr. Necə yəni? Müəllim evində iş görür? Uşaq olanda elə bilirdim ki, müəllimim bütün gün məktəbdə qalır, yemək yeyib, su içmir. Hətta özünə deyəndə gülümsəyib "qızım, mən də hamı kimiyəm, əlbəttə mənim də işlərim olur, amma, hər şeydən vacib şagirdlərimdi" demişdi.
Yaratdığı əsərə baxıb qürurlanan memar
O qədər böyük bir anlamdır ki, müəllim məhvumu. İnsanı şəxsiyyət kimi formalaşdıran, cəmiyyətə təhvil verən memar, onu sevgi ilə böyüdən valideyndir. Valideyn. Bəli! Həyatımıza, seçəcəyimiz ixtisasa, yiyələnəcəyimiz peşəyə istiqamət verən, bir sözlə, layiqli vətəndaş kimi bizi cəmiyyətə hazırlayan valideyn. Övladlarına sevgisini bir gün deyil, fəaliyyəti boyu hər gün, hər saat bərabər paylayan valideyn. Əlindən tutub hərf yazdıranda, dərs soruşanda, əsgər, tələbə olanda, hər hansı uğur qazananda hər anında sənə qürurla baxan valideyn. Hətta hər gün gördüyümüz, görərkən üzümüzdə sevinc yaradan, hansısa peşəni məhz ona sevgimizdən seçdiyimiz müəllimlər də az deyil.
İllər keçir, vaxt ötür, amma sən müəllimin gözündə hələ də balaca, ya evdəkilərdən ayrılmaq istəməyən körpə, ya yer üstündə dava edən dəcəl, ya da səssiz-səssiz oturan şagird kimisən. Bütün hallarda belə, müəllimlər simasında təbəssümünü əskik etmir, şagirdlərini dərslərə həvəsləndirirlər. Bəlkə də, ən bərbad rəsminə "Afərin! Necə də səliqəli rəsm çəkir!" deyib ruhlandırar, növbəti gün daha da gözəlini çəkib gətirməyin üçün əlindən gələni edər. Bəzən qaralama dəftərlərinə, dəcəlliyindən sinifdə səs-küy salmana baxıb əsəbləşmək istəyər, əllərini çiyninə qoyub, qəlbinin istiliyini, sevgisini hiss elətdirər. Axı valideynlər övladına çox həssas yanaşır, birdən qəlbini incidər, küsdürər qorxusunu yaşayır. 11 il məktəbdə sənlə birgə böyüyər, hər həyəcanını yaşayar. Zamanın müəllimdən aldığı ömrü, səninsə müəllimdən aldığın Vətənə, xalqa layiqli övlad olmaq düşüncəsi və qərarı olur. Müəllim harda olursa olsun, öz əsərinə baxıb sevinəndir, ətrafındakı hər kəsə "o mənim şagirdim/tələbəm olub" deyəndə gözlərindəki sevinc dolu yaşları saxlaya bilməyəndir.
Düşünürəm ki, müəllim insanın şansıdır. Çünki müəllim insanın həyatında təsadüfi bir fiqurdan çox, onun həyatına istiqamət verən, şəxsiyyətini formalaşdıran və uğurlarının təməlini qoyan bələdçidir. "Müəllim insanın şansıdır" ifadəsi müəllimin insanın həyatında yaratdığı dərin dəyişiklikləri və müsbət təsirləri simvolizə edir. Bu mənada müəllim hər bir insan üçün həyat yolunda onun qarşısına çıxan ən böyük şansdır.
Rəmziyyə HƏSƏNOVA, |
|
05.10.2024 | 16:38 | |
|
|
|