Anar İsgəndərov: Azərbaycan müəllimi şagirdlərinə vətən sevgisi, milli ruhu təlqin edə bilir | |
"Bu gün Azərbaycan müəllimi hər şeydən əvvəl Azərbaycanın şərəfli vətəndaşıdır. Azərbaycan müəlliminin yetirdiyi şagirdlər 44 günlük Vətən müharibəsi zamanı cəbhədə ən yüksək qiymətlərini aldılar. Çünki müəllimlərimiz onlara vətən sevgisi, milli ruhu təlqin edə bilib".
Bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov deyib.
“30 il ərzində bizim tarixi torpaqlarımız, Qarabağ və Şərqi Zəngəzur Erməni işğalında oldu. Erməni təkcə mədəniyyət abidələrini deyil, hər şeyi - şəhəri, kəndləri yerlə yeksan etdi, nə vardısa, dağıtdı. Biz 44 günlük müharibədən sonra cəbhəni dəyişdik. Bu gün əmək, quruculuq cəbhəsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə indi yeni təhsil müəssisələri, bağçalar, məktəblər, universitetlər tikilir. Bütün bunlar Qarabağı cənnətə çevirmək üçündür. İndi biz dünyaya bəyan edirik ki, əgər Qarabağ erməninin olsaydı, o, buranı viranəyə çevirməzdi. Mən özüm də müəllim olaraq başa düşürəm ki, düşmənin bizimlə müharibəsi hələ bitməyib. Bizi təhdid edən dövlətlərin bizə olan münasibətdə müharibəsi davam edir. Bu gün Azərbaycan müəllimi özünün yetişdirdiyi əsgərlərin qəhrəmanlığını vəsf etməlidir. Bütün müəllimləri ürəkdən təbrik edirəm. Onlara can sağlığı arzu edirəm. Dövlətimizin iqtisadi inkişafı və cəbhədə qazandığı uğurlar Azərbaycan müəlliminin də yaxşı yaşaması üçün imkan yaradır. Biz də bu imkanlardan istifadə etməliyik. Əminəm ki, bərpa-quruculuq işlərimiz bir neçə ildən sonra başa çatacaq, müəllimlərimizin əməkhaqqısı daha da yaxşılaşacaq”, - deyə komitə sədri əlavə edib.
Yetər KƏRİMLİ
|
|
04.10.2024 | 13:54 | |
|
|
|